Paxıllıq hissi bir çox cinayətlərin baş verməsinə səbəb olur
Day.Az представляет новость на азербайджанском языке.
Paxıllıq başqa bir insanın hansısa bir üstünlüyünü, uğurlarını görən zaman yaranan mənfi hissdir. Bir qayda olaraq, paxıl olan şəxs paxıllıq obyektini sevmir və ona pislik arzulayır. Paxıllıq insana məhvedici təsir göstərirsə, həsəd hissi isə əksinə insana müsbət təsir edir. Onu daha bacarıqlı, ağıllı və mehriban olmağa ruhlandırır.
Psixoloq Aygün Ağabalayevanın sözlərinə görə, paxıllığın səbəbləri müxtəlifdir: "Bu hissə adətən başqasının gözəlliyi, zənginliyi, intellekti, sağlamlığı, hakimiyyəti, istedadı, gəncliyi və s. səbəb ola bilər. Bir çox insanlar özlərini ətrafdakıları ilə müqayisə edirlər. Müqayisə isə paxıllıq hissini yaradan birinci səbəbdir. Paxıllıq hissi ilə yaşayanlar anlamalıdırlar ki, mükəmməl olmaq mümkün deyil. Məsələn, birinin ali təhsili var, o birinin şəhərin mərkəzində böyük mənzili, birinin gözəl ailəsi var, digərinin yaxşı vəzifəsi" - deyən A.Ağabalayevanın bildirdiyinə görə, paxıllıq hissi insanın ürəyinə müxtəlif yollarla daxil olur. İnsan hətta yaxınına və ya əks cinsin nümayəndəsinə də paxıllıq edə bilər.
Həmsöhbətimiz deyir ki, insan paxıl doğulmur: "Paxıllıq insanın qəlbində uşaqlıq vaxtından formalaşmağa başlayır. Məsələn, valideynlər çox vaxt övladına həmyaşıdlarından kimisə nümunə gətirir, lakin bunu düzgün formada etmirlər. Uşağın da qəlbində sağlam rəqabət hissi əvəzinə paxıllıq, əsəbilik və qəzəb doğur".
İnsan əsasən ətrafında olan, münasibət qurduğu insanlara paxıllıq hissi duyur. Psixoloq bildirib ki, hansısa gözəl aktrisaya və ya aktyora paxıllıq hiss etmir, onlara həsəd aparırıq: "Cəmiyyətdə paxıl insanlara mənfi münasibət göstərirlər. Bir qayda olaraq, paxıl insanlar paxıllıq etdiklərini gizlədirlər. Onlar adətən deyirlər ki, "Yox! Sən nə danışırsan? Mən heç kimin pisliyini istəmirəm". Çox nadir hallarda kimsə paxıllıq hiss etdiyini etiraf edə bilir".
Paxıllıq hissi insana pis təsir edir. İnsan bu hissin təsirindən sanki tədricən çürüməyə başlayır. Lakin bu hissin obyekti olmaq da xoşagələn hal deyil.
Mütəxəssisin dediyinə görə, insan paxıl olduğunu dilinə gətirməyə bilər, lakin jestlər bunu bildirir: "Paxıllıq edən insanın ünsiyyət zamanı qeyri-verbal hərəkətlərinə diqqət yetirin. Əgər sizi dinlədikcə insan bir qədər qapalı poza alır, gözlərini çəkir, əllərini sinəsində çarpazlayırsa, özünü narahat hiss edirsə, deməli, sizə qarşı paxıllıq hiss edir. Paxıl insan hər zaman ən zəif yerinizdən zərbə vurmağa hazırdır. Bu insanla münasibəti davam etdirib-etdirməməyiniz haqqında düşünməyinizə dəyər".
Paxıllıq şəxsiyyətin özünü qiymətləndirməsinə və davranışına böyük təsir göstərir. Bu hiss özünü 3 səviyyədə büruzə verir: "Birincisi şüur səviyyəsində. Bu cür paxıllıq edən insan öz vəziyyətini, səviyyəsini dərk edir. Başqasının ondan üstün olmasını normal qəbul edir və bu, ona narahatçılıq vermir. Emosional həyəcan səviyyəsində isə əsəbilik, qəzəb hissi, utancaqlıq müşahidə olunur. Paxıllıq edən şəxs hesab edir ki, həyat ona qarşı ədalətsizdir. Üçüncü real davranış səviyyəsində isə artıq paxıllıq hissi davranışın əsas aparıcı motivi olur. Bir çox cinayətlərin motivi paxıllıq hissindən yaranır".
Müsahibimiz qeyd edib ki, paxıllıq və həsəd hissi arasında oxşarlıq var: "Lakin paxıllıq insana məhvedici təsir göstərirsə, həsəd hissi insanı olduğundan daha yaxşı olmağa ruhlandırır. Kiminsə bacarıqlı, mehriban, qayğıkeş, mədəni olmasına həsəd aparan insan özü də belə olmağa çalışır. İş yoldaşlarının uğurlarına həsədlə baxanlarda da sağlam rəqabət hissi yaranır. Şəxs iş yoldaşından daha üstün olmağa çalışsa da, bu hiss nə ona, nə də ətrafdakılara zərər yetirir. Sağlam rəqabət zamanı insan öz daxilində mübarizə aparır. Ümumiyyətlə, kiməsə həsəd aparmaq irəli getmək üçün stimul verir. Paxıllığa meyl edənlər isə paxıllıq obyektini xəyali rəqib kimi görürlər".
Paxıllıq hissindən qurtulmaq üçün psixoloq bir neçə faydalı məsləhət verir. Dediyinə görə, ilk növbədə paxıllıq edən şəxs bunun özünə də olsa etiraf etməlidir. Daha sonra isə dərk etməlidir ki, paxıllıq edərək, həyatından narazı olaraq, əvvəla, öz əhval-ruhiyyəsini pozur. Nəticədə səhv etməyə başlayır və öz həyatını daha da çətinləşdirir. "Paxıllıq ilk növbədə insanın özünə zərbə vurur".
Ağabalayeva bildirib ki, aramızda heç olmasa həyatında bir dəfə də olsa paxıllıq etməyən insan tapmaq olmaz: "Paxıllıq etməmək üçün insan özünü başqaları ilə yox, özünün keçmişi ilə müqayisə etməlidir. Misal üçün, bu gününüzü dünəninizlə müqayisə edin. Görün ki, nə qədər nailiyyətləriniz var. Necə də şanslı olduğunuzu anlayın. Əgər bu gün tələbəsinizsə, yadınıza salın ki, tələbə olmağı əvvəl necə arzulayırdınız. Əgər gözəl ailəniz varsa, əvvəl tənha olduğunuzu xatırlayıb təsəlli tapın. İşdə xeyli uğur əldə etmisinizsə, əvvəl necə olduğunuz barədə düşünün. Ümumiyyətlə, hər kəs öz yolunu seçməlidir. Paxıllıq insanın öz daxili dünyasını "yeyir". Bu hissi yaşayan insanların özünüqiymətləndirməsi aşağıya enir. Paxıllar uğursuzluğunun səbəbini başqalarında yox, özündə axtarmalıdır. Paxıllıqdan irəli gələn əməllər və fikirlər insanın həyatı boyu etdiyi yaxşılıqları da heçə endirir. İnsan özünü dərk etməli, həyatını, dünya görüşünü zənginləşdirməlidir. Paxıllıq edən şəxs həyatında baş verən hadisələrin məsuliyyətini paxıllıq obyektindən öz üzərinə götürməlidir. Ən əsası hər bir kəs özünü kənardan görməyi bacarmalı və öz davranışını korreksiya etməlidir".
/Ekspress.az/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре