Azərbaycanda cinayətlər törətmiş 742 qrup zərərsizləşdirilib

Azərbaycanda mülkiyyət əleyhinə cinayətlər törətmiş 742 qrup zərərsizləşdirilib.

Day.Az представляет новость на азербайджанском языке

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski nazirliyin geniş kollegiya iclasında deyib.

O qeyd edib ki, cari ilin ötən dövründə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə mülkiyyət əleyhinə cinayətlər törətmiş 2009 nəfərdən ibarət 742 qrup, o cümlədən 83 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib. Bütövlükdə, mülkiyyət əleyhinə olan 9443 cinayətin, o cümlədən 4597 şəxsi əmlak oğurluğunun, 239 soyğunçuluğun, 167 quldurluğun, 225 avtonəqliyyatın qaçırılması faktının açılması təmin olunub. Həmin cinayətlərə görə 5179 nəfər məsuliyyətə cəlb edilib, axtarışda olan 1678 təqsirləndirilən şəxs tutulub. Bilavasitə Baş İdarə əməkdaşlarının iştirakı ilə mülkiyyət əleyhinə olan 300-ə yaxın cinayət açılıb, onları törətmiş 67 nəfər müəyyən edilərək saxlanılıb.

Nəzərə çatdırılıb ki, mülkiyyət əleyhinə cinayətlərin profilaktikasında DİN-in informasiya sistemlərinin tətbiqinin də böyük əhəmiyyəti olub. "102" xidməti və "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları ilə 69 oğurluq, 66 oğurluğa cəhd, 6 soyğunçuluq, 10 quldurluq, 9 nəqliyyat vasitəsinin qaçırılması və sair cinayətlər "isti izlərlə" açılıb, axtarışda olan 158 avtomobil saxlanılıb.

Xüsusi mülkiyyətdə olan obyektlərdə və şəxsi mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin quraşdırılması məqsədilə, əhali arasında təbliğatın gücləndirilməsinə dair aidiyyəti Kollegiya qərarlarının icrası üzrə görülmüş tədbirlərlə mühafizəyə götürülmüş obyektlərin sayı 1170, mənzillərin sayı isə 1233 vahid artıb. Qorunan obyektlərdə 144 oğurluq hadisəsinin qarşısı alınaraq 74 nəfər yaxalanıb.

2015-ci ildə mülkiyyət əleyhinə olan cinayətlərin açılması 4,4 faiz yaxşılaşaraq 70,7 faiz təşkil edib. O cümlədən oğurluqların açılması 5,7 faiz, dələduzluqların açılması 1,3 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 1,8 faiz, avtonəqliyyat qaçırmalarının açılması isə 5,8 faiz yaxşılaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.