Mehriban Ələkbərzadə: "Həyat məni çox az sevindirdi"

Day.Az представляет новость на азербайджанском языке.
Hamımız məktəb illərində xatirə dəftəri tutmuşuq. Yazdığımız suallar, aldığımız cavablar çox vaxt bir-birinin eyni olub. Uzun illər sonra boylanıb geri baxanda o suallar, o cavablar, o duyğular bizə gülməli görünüb.
Bu gün kimsə bizə elə suallar versə, həmin adama gülərik. Bəs cəmiyyətin tanınmış simaları, elm, ədəbiyyat və incəsənət xadimləri bu suallara cavab versələr? Yəqin ki, bu sualların cavablarında onların həqiqətlərini tapa bilərik.
Beləliklə, Milli.Az-ın təqdim etdiyi "Xatirə dəftəri" rubrikasının ilk qonağı tanınmış teatr və televiziya rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.
1. Adınız, soyadınız, təvəllüdünüz.
- Mehriban Ələkbərzadə Zaur qızı. 1965-ci il, 5 avqust
2. Harada doğulmusunuz və harada yaşayırsınız?
- Doğulmağına Gəncədə doğulmuşam, amma orada cəmi-cümlətanı 1 ay yaşamışam. Daha sonrakı həyatım Bakı şəhəriylə bağlıdır.
3. Necə bir xarakterə sahibsiniz?
- Necə desəm doğru olar, bilmirəm. Mənim israr edecəyim nəsnələr var. Mənim fikrimi dəyişməyəcəyim məqamlar var. Məsələn, mən yalanı, xəyanəti həzm etmirəm. Mən bədxah adamlara dost kimi görünə bilmirəm. Mən öz ləyaqətini qorumayanlarla (belələri başqasının ləyaqətini nə anlayar, nə də qəbul edər) xoş münasibətdə ola bilmirəm. Mənim qarşımda maneə olanlara, mənə quyu qazanlara əl verə də bilmirəm. Qisas almaq istəsəm də, həmişə vaz keçirəm. Çox məqamlar var. Hərçənd ki, həyat yolumda olan təhlükəli dolanbacların məni amansızlaşdırmasını düşünürdüm. Amma belə olmadı.
4. Mənfi və müsbət xüsusiyyətləriniz hansılardır?
- Mübahisəli fikirlər var. Bir qism bu fikirdədir ki, mən çox sərt, bəzən də amansız və prinsipialam. Hərçənd ki, məncə, burada abartma var. Bəziləri (çox az qism) isə bu fikirdədir ki, mən çox səmimi, gülərüzlü və ədalətliyəm. Hm... Mənə gəlincə, mən əvvəlki kimi sərt deyiləm, amma ədalətliyəm. Özümə qarşı hər cür ədalətsiz və yanlış münasibətlərə rəğmən, bəzi xüsusi məsələlərdə hələ də prinsipialam. Birmənalı fikir yoxdur. Bəlkə, elə belə yaxşıdır...
5. Həyatda ən çox kimə inanırsnız?
- Çətin ki, tam arxayın cavab verə bilim. Allahdan başqa heç kimə.
6. Həyatda kimə və nə üçün minnətdarsınız?
- Gözəl an yaşadan sualdır. Anama minnətdaram, mənə sevmək sonsuzluğu verdi. Mənim ən yaxın dostum, həm də qardaşım (məni təmannasız sevən) Rəhmanımı sevirəm. O, mənim tək sevinc mənbəyimdir. Sonra nə vaxtsa sevdiyim insana minnətdaram. Hər şeyə rəğmən, mən onun var olmasına sevinirəm.
7. Dünyaya yenidən gəlmək istərdinizmi?
- Bu HƏYAT məni az sevindirdi. Allah bilən məsləhətdi, əlbəttə. Amma yenidən bu həyatı bir də yaşamaq... Yox. Musa Yaqub demişkən,
Mənim dərdlərimin ayaqları var,
Harda olsam gəlib tapacaq məni...
8. Sizin üçün gözəllik nədir?
- YAĞIŞ. Yaşıl təbiət. Bir də körpə, məsum varlıqlar.
9. Həyatda ən çox nəyə ümid edirsiniz?
- Əziz insanlarımı yenidən görəcəyimə.
10. Ən çox qorxduğunuz şey nədir?
- Gərəksizlik və tənhalıq.
11. Sevgi sizin üçün nədir, sevgiyə inanırsınızmı?
- Sevgisiz insan olmur. O insanın ki içində sevgi hissi bitib, o, tükənmiş insandır. Bu minvalla onun ruhu şeytanla dialoqa girmiş olmalı. Mənim də içimdə sonsuz sevgilər var.
12. Sevdiyiniz varmı? Varsa, baş hərfi...
- Hə, bir az var. Tamam tükənmiş olsaydı, yəqin ki, həyat bitərdi. Məncə, insan sevgiylə doğulur. Hətta Allahın sevdiyi insanlar öləndə də içindəki sevgisi çöhrəsində görünür. Bu izahdan sonar hərf israrı olmayacaq, bilirəm.
13. Bir damla göz yaşı olsaydınız, hara düşmək istəyərdiniz?
- Məzarlıqda məni ağrıdan, göynədən insanlar yatır. Onların torpağına düşmək istərdim.
14. Həyatda kim və nə üçün yaşayırsınız?
- Artıq çoxdandır bu səbəbi axtarıram. Doğrusu, yaşamım üçün səbəbi, nədəni mən də tapmaq istəyirəm. Yaşadıqlarım heç cür mənim yaşam səbəbim qədər əhəmiyyətli deyil.
15. Dostlarınızın sizi yarıyolda qoyduğu olubmu?
- Hmm, dost ciddi sözdür. Amma DOST kimi yaxın bildiklərim vardı... (Burada cins önəmli deyil) Onlar Dəmirqapı Dərbənd kimi üzümə bağlandı. Həyatımda vacib bildiyim, bir mərhələ oldu. Hərçənd ki, o "vacib bildiyim mərhələ" çox uğursuz və mənasız bir zolaq idi. Keçmiş zaman adı üzərində keçmişdə qaldı. Sonralar mənim dostlarım daş oldular. Anladım ki, ətrafımdakılar mövqe və təmənna dostlarıydılar. Mən o zamandan dostluğa inanmıram.
16. İnsanlarda ən çox sevdiyiniz xüsusiyyət hansıdır?
- Ən çox sevdiyim, həm də mütləq tələb etdiyim hər şeydən öncə SƏDAQƏTdir. Daha sonra sayğı və ləyaqət.
17. Tək adaya kiminlə düşmək istərdiniz?
- Adada qalmağa, macəra yaşamağa ömrüm yoxdur artıq.
18. Ən yaddaqalan gününüz hansı gün olub?
- 2002-ci il idi....
19. Ən böyük arzunuz nədir?
- 2002-2003-cü illərimi bir də yaşamaq istərdim.
20. Pul sizin üçün nədir və bir milyon manatınız olsa, nə edərdiniz?
- Nəhayət ki, mənzil alardım. Mənim də şəxsi mənzilim olardı. Özü də pəncərəmdən dəniz görünəydi. Bundan başqa, sağlamlığımla bağlı mütləq əməliyyatım var. Onları edib, oturardım evimdə. Böyük arzularım yoxdu. Allah nəsib etsə...
21. Yalan danışdığınız olubmu?
- Ət tökəcək, özünütərif ifadələrindən çox uzağam. Ümumiyyətlə, ciddi, ya qeyri-ciddi məsələnin fərqinə varmadan cavab versəm, əlbəttə ki, olub. Məişət anlamında, adi məsələlərdə. Hətta bu, mütləqdir. Amma kiminsə şəxsiyyətinə toxuna biləcək, fikir dəyişə biləcək, şahid tutulacaq qədər dərin məsələlərdə YOX. Min dəfə YOX! Yalançı insanları sevmirəm. Mən dürüst insanam.
22. Nəyəsə görə özünüzü bağışlamadığınız olubmu?
- Bəli, belə bir səbəb var. Məni zaman-zaman içimdən yeyən səbəb.
23. Ən çox sevdiyiniz film hansıdır?
- Bir deyil. Kiçik olsa da, siyahı tutmaq olar. Ən vacibləri Mel Gibsonun "The Passion-of the CHRİST" və "Apocalypto" filmləridir.
24. Ən çox sevdiyiniz müğənni və mahnı hansıdır?
- "SARI GƏLİN" (maraqlı ifaçılar çoxdur). Cem Adrian, onun "Düşüyorum hayatın ellerinden", "Bir sebeb göster dayanmaya" və başqa mahnıları.
25. Zəhmət olmasa, sevdiyiniz şeirdən bir parça yazardınız.
Bu şəhərdə hər axşam...
Qanadından yaralanmış,
Ocağından qoparılmış
Talesiz bir quş uçur...
Ağrıdan sərxoş olur.
Çırpır özünü pəncərənizə...
Tale nəğməsini oxuyur sizə...
Açın pəncərəni! Açın qardaşlar....
Pəncərənizdə QAN izi var!
Hər şeyə rəğmən, Yaradana verdiklərinə görə şükran borcumuz var!
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре