Kəlbəcərin özü olan şair

Day.Az представляет новость на азербайджанском языке
Məmməd Aslan dünyadan Murovun zirvəsindən doğma yurda baxmaq həsrətiylə köçdü
Dünən səhərimizi xoş olmayan xəbərlə açdıq - şair Məmməd Aslan dünyasını dəyişdi... İnternet səhifələrindən ilk oxuduğum xəbərlər də şairin ölümü ilə bağlı idi. "Məmməd Aslan itkisi yalnız Məmməd Aslan itkisi demək deyil. Kəlbəcərsiz günlərimizdə bizim üçün o, bir Kəlbəcər idi. Başdan-ayağa Kəlbəcər. Anadan necə doğulmuşdusa, eləcə də qalmışdı. Bizi Kəlbəcərsiz qoydu! Kəlbəcəri yenidən itirdik!",- deyə Modern.az saytının baş redaktoru Elşad Eyvazlı yazır.
Onun haqqında yalnız xoş sözlərlə danışırlar. Onunla bağlı hamının yalnız xoş xatirəsi var. Bütün həyatı ədəbiyyatla, poeziya ilə bağlı olan bu insanın bircə qarışqanı əzə bilməyəcək qədər zərif ürəyinin olduğunu deyirlər. "Təbiətə, insanlara qarşı həssaslıqla, xeyirxahlıqla çırpınan bir qəlb sahibi yalnız bu qədər həssas və xeyirxah ola bilərdi" - söyləyirlər.
Məmməd Aslanın poeziyası gözəllikdən yoğrulmuşdu. Təbiətin gözəlliklərindən - dağların əzəmətindən, sərin sulu bulaqların saflığından, yamyaşıl meşələrdən, güllü çəmənlərdən rəng almışdı. Sonra bu şeirlər insanların qəlbinə axmışdı.
"Ulduz", "Azərbaycan təbiəti" jurnallarından, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyalarından, "Yazıçı" nəşriyyatından, Azərbaycan Televiziyasından... keçən ömür yolunda həmçinin neçə-neçə kitabların müəllifi kimi yaşamaq, xalqın sevimlisi olmaq haqqı yer aldı.
Sözünün əvvəli də, axırı da Kəlbəcər idi Məmməd Aslanın. "Heç yuxumdan çıxmır, gözlərimin önündən getmir" deyirdi: "Şuşa Qarabağın üzük qaşıdır" deyirlər. Özü də bir qayanın başında yerləşir. Kəlbəcərdə 5 min elə qaya üstü var idi. 550 Turş su bulağı qaynayıb axırdı, altında qızıl mədənləri vardı Kəlbəcərin, zəngin mineralları, inşaat materialları vardı. Kəlbəcər mənim üçün bir özgə dünya, bir özgə aləm, bir özgə həsrətdir. Kəlbəcər təkcə sərvəti ilə, təbiəti ilə deyil, insanı ilə də gözlərimin önündədir. Sücayət vardı, Bəhmən vardı, Dədə Şəmşir vardı, heç biri gözlərimin önündən getmir. Aşıq şeirimizin ustadı Ələsgərin şeirlərinin 90 faizindən çoxu Kəlbəcərdə maya tutub. Kəlbəcər mənim üçün abır-həya, ismət örnəyi kimi qalıb". Şair bir şeirində: "O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər..." - deyə yazmışdı.
Zövqü gözəl söz adamı
Məmməd Aslanın vəfatı xəbərindən kədərlənən qələm dostları şairlə bağlı xatirələrində də onun Kəlbəcər həsrətindən danışdılar.
Xalq şairi Sabir Rüstəmxanlı dedi ki, Məmməd Aslanı tələbəlik illərindən, Bakıya ilk gəldiyi günlərdən tanıyır: "O, bizə Yazıçılar İttifaqında, institutda oxuduğumuz illərdə şeirlər oxuyurdu. Kəlbəcərdə yaşayanda biz onunla məktublaşırdıq. Sonra Bakıya köçüb gəldi və burada da dostluğumuz davam elədi. Kəlbəcərin bütün təbiət gözəllikləri onun şeirlərində əks olunmuşdu". Kəlbəcərdə Aşıq Şəmşirin, Məmməd Aslanın şeirlərini dinlədiklərini deyən Sabir Rüstəmxanlı oradan Göyçəyə keçib getdiklərini, Aşıq Ələsgərin yurdunu gəzdiklərini xatırlayır: "Şeir bayramlarımız olmuşdu. Kəlbəcər sonra düşmən işğalında qaldı. Biz ondan sonra Yardımlıya bərabər getdik. Məmməd Aslan Kəlbəcər dağlarında itirdiklərini Yardımlı dağlarında tapırdı. Məmməd son dərəcə zövqü gözəl söz adamı idi". Sabir Rüstəmxanlı qələm dostunu Azərbaycanın böyük şairlərindən biri, mükəmməl qələm sahibi adlandırır: "Onun publisistikası da, uşaq şeirləri də - qələmindən nə çıxırdısa, hamısı dəyərli idi. O, dilimizi sevirdi. Azərbaycan türkcəsini onun qədər mükəmməl bilən ikinci adam tapmaq çətin idi. Onun televiziyada hazırladığı uşaq verilişləri bütün evlərdə sevilirdi. Məmməd Aslan əslində Azərbaycan televiziyasında bir məktəb yaratdı. Əvvəlcə Kəlbəcər onun əlindən çıxdı, sonra televiziyadakı həmin verilişini əlindən aldılar. O, bir növ yetimləşdi". Sabir Rüstəmxanlının fikrincə, Kəlbəcər düşmən əlində olmasaydı, Məmməd Aslan bəlkə 15 il bundan sonra da yaşayardı: "Dağlar gedəndən sonra o, bir növ yetim qaldı. Sumqayıtda binanın 5-ci mərtəbəsində yaşayırdı. Ağrıyan ayaqları ilə həmin mərtəbədəki mənzilinə çıxmaq onun üçün çətin idi. Ağır şərtlər bir növ onun həyatını qısaltdı".
Sabir Rüstəmxanlının sözlərinə görə, Məmməd Aslanın "Ərzurumun gədiyinə varanda" kitabı Azərbaycanla Türkiyə arasında körpü yaradan nəşrdir: "Bu kitab həm Türkiyədə, həm də ölkəmizdə böyük oxucu kütləsi cəlb etmişdi. O, Türkiyəyə gedən ilk şairlərdən biri idi. Onun ardınca da Türkiyədən Azərbaycana böyük bir ziyalı dəstəsi gəlmişdi. Məmməd Aslan şərəfli bir ziyalı və şair həyatı yaşadı və haqq dünyasına qovuşdu. Təəssüf ki, o, Kəlbəcər torpağında deyil, Abşeron torpağında dəfn olundu".
Təbiəti duyan şair
"Məmməd Aslanla həmişə aramızda yaxşı münasibət olub" - deyən tanınmış yazıçı Seyran Səxavət mərhumla bağlı bir xatirəsini dilə gətirdi: "1979-cu il idi. Novruz bayramı axşamı keçmiş Lenin adına muzeyin yanından keçirdim. Birdən Məmməd Aslanın trolleybusa mindiyini gördüm. Üzü Qaraşəhərə tərəf gedirdi. Trolleybusun dalıyca qaçdım. Növbəti dayanacağa təxminən trolleybusla eyni vaxtda çatdım. Tələsik trolleybusa minərək Məmməd Aslanı aşağı düşürdüm. "Məmməd, hara gedirsən?" - deyə soruşanda: "Nə bilim, gedirəm də" - deyə cavab verdi. "Amma mən bilirəm, bir yer var, ora gedə bilərik" - dedim. "Hara?" - deyə soruşanda: "Bu gün bayram axşamıdır, bizə gedək" - dedim. O zaman Məmməd Aslan tək yaşayırdı. Mənsə onda Yuxarı Dağlı küçəsində yaşayırdım. Məmməd Aslanı evimizə gətirdim. Mən, yoldaşım və Məmməd Aslan Novruz bayramı axşamını bir yerdə keçirdik. Ağzının dadını bilən adam idi. Bir xasiyyəti var idi: süfrəyə yeməyə nə qoyurdunsa: "Tamah güc gələcək yeyəcəyəm, amma bilirəm, bu, məni öldürəcək" - deyirdi. Amma belə deyə-deyə, maşallah, 76 il yaşadı".
Seyran Səxavət deyir ki, Məmməd Aslan Azərbaycanın gözəl şairlərindən biri idi - təmiz, saf: "Dilimiz uğrunda da həmişə mübarizə aparan möhtəşəm kəlbəcərli balası idi. Məmməd Aslan ədəbiyyatımızda elə Kəlbəcər boyda yer tuturdu".
Tənqidçi Vaqif Yusifli də Məmməd Aslanı Kəlbəcər torpağının yetirdiyi ən görkəmli sənətkarlardan biri sayır: "Azərbaycanın digər bölgələri ilə müqayisədə Kəlbəcər ədəbi mühiti daha zəngindir. Aşıq Şəmşir də o torpaqda yetişib. Məmməd Aslan da o şairlərdən biri olub. Qoşma, gəraylı, heca vəzni onun poetik dünyasında tamamilə yeni səslənib. O, təbiəti gözəl duyan şairlərdən biri idi". Vaqif Yusifli hesab edir ki, təbiəti duyan çox az şairlər var. Hüseyn Arif, Nəbi Xəzri, Hüseyn Kürdoğlu, Musa Yaqub kimi şairlərlə yanaşı, Məmməd Aslan da təbiət şairi olub: "Təbiəti hamı görür, amma onu duymaq, gözəlliyi sözə çevirmək fərqlidir. O, elə bil təbiətin bir parçası idi. Təbiətin rənglərini, aləmini yaxşı bilirdi. Əgər Kəlbəcər bölgəsinin təbiəti ilə tanış olmaq istəyiriksə, Məmməd Aslanın şeirləri bizə kömək edər".
1990-cı ilin 20 Yanvar günlərində Məmməd Aslanın qələmindən çıxan "Ağla qərənfil, ağla" şeiri də xalq üçün təsirsiz ötüşməyib: "Həmin illərdə iki şeir dillər əzbəri idi. Qabilin "Mərsiyə" şeiri və Məmməd Aslanın bu şeiri".
Məmməd Aslanın ölüm xəbərinin ona pis təsir etdiyini deyən Vaqif Yusiflinin fikrincə, şair hələ ilhamının qurumayan dövrünü yaşayırdı: "Mən Sumqayıtda onun evində də olmuşam. Şeirlərini öz dilindən eşitmişəm. Haqqında bir yazı da yazdım. Mənə öz təşəkkürünü bildirdi. O, ömrünün son günlərinə qədər yazırdı. Yenə həmin Məmməd Aslan idi".
Qəribə adam
"Məmməd Aslan qədər folkloru, xalq ədəbiyyatını bilən şair tapmaq çətindir. Çox qəribə adam idi" - deyə yazıçı Aqil Abbas xatırlayır: "O, danışanda saatlarla ona qulaq asmaq istəyirdim. Mən hələ onu instituta qəbul olmamışdan əvvəl tanıyırdım. İnstituta daxil olandan sonra isə münasibətlərimiz dostluğa çevrildi. Kəlbəcərlə Ağdam bir ev sayılır - oradakı adamlar bir-birinə "əmioğlu" deyərdilər. Orada yaşayanların çoxu bir-biri ilə qan qohumu idi. Mənim uşaqlığım Kəlbəcərdə keçib. Yay aylarında Kəlbəcərin dağlarında çadır qurardıq. Mən o zamanlardan Məmməd Aslanı tanımışam. Məmməd Aslan ailəmizin bir üzvü kimi olub". Aqil Abbas deyir ki, Məmməd Aslan Xalq şairi Məmməd Arazın ən yaxın dostu olub. Onlar uzun illər "Azərbaycan təbiəti" jurnalında birgə çalışıblar. "Mən Məmməd Arazla qohum olandan sonra demək olar ki, onunla hər gün görüşürdük. Məmməd Aslan elə bil Kəlbəcərin özü idi. Kəlbəcəri görməyən adam Məmməd Aslanı görəndə elə bilərdi ki, həmin yurdu gəzib gəlib. O, Kəlbəcərin simvolu idi. Onun yaradıcılığı da, xarakteri də Aşıq Şəmşirdən qaynaqlanırdı. Elə bil onu görəndə Aşıq Şəmşiri görürdün. Mənə görə o, Aşıq Şəmşirin varisi idi. Son zamanlar Məmməd Aslan bir qədər içinə çəkilmiş adam idi. Qarabağın taleyi, Kəlbəcərin düşmən əlində olması onu bir qədər sarsıtmışdı. Mənə elə gəlir ki, son zamanlar o, bir az küskünləşmişdi, yaradıcılığa da bir qədər meyli azalmışdı".
Yazıçı Elçin Hüseynbəyli Məmməd Aslanın yaradıcılığını sevə-sevə oxuduğunu, televiziyadakı verilişlərini mütəmadi izlədiyini bildirir: "Məmməd Aslan xalq yaradıcılığı, folklor üstə köklənmiş koloritli şairlərdən biri idi. Heç şübhəsiz, onun həyatdan getməsi həmin zənginliyi özü ilə aparması, bu rəngarəngliyin ədəbiyyatımızda azalması deməkdir. Doğrudan da Məmməd Aslanın həyatdan köçməsi Kəlbəcərin ikinci dəfə itirilməsinə bərabərdir. Böyük əksəriyyət də onu Kəlbəcərlə eyniləşdirirdi. Çünki o, Kəlbəcərin və ümumən Vətənin təbiətindən yazırdı. Vətənin gözəllikləri onun qoşma və gəraylılarında öz əksini tapmışdı".
Məmməd Aslan doğulub boya-başa çatdığı, onu şair olmağa məhkum edən Kəlbəcəri görmək arzusu ilə dünyadan köçdü. Yazar Şərif Ağa son müsahibəsində söylədiyi arzu ilə: "Heç olmasa bir anlığa Murovun zirvəsindən Kəlbəcərə baxım"- deyə həyatla vidalaşdı.
Allah rəhmət eləsin!
Digər xəbərləri Azərbaycan dilində xüsusi https://www.facebook.com/azdayaz izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре