Dərdlərin başı mədə
Day.Az представляет вниманию читателей материал на азербайджанском языке.
Bu gün dükan və bazarlarımız nəinki ürəyimiz istəyən, hətta ağlımıza gəlməyən naz-nemətlə, min bir çeşidli qida məhsulları ilə dolub-daşır. Hələ paytaxt ərazisindəki supermarketlərdə nə istəsən var - quş südü, can dərmanı. Bir-birindən fərqli qablaşdırmada və tərkibdə olan bu məhsullar əhalinin yeyintiyə olan tələbatını lazımınca ödəyir. Ancaq ticarət obyektlərində alıcılara keyfiyyətlilərlə yanaşı, tərkibi zərərli maddələrlə dolu qida məhsulları da satılır. Dəfələrlə bəzi obyektlərdə əhaliyə təklif olunan ət və ət məhsullarının, uşaq qidalarının keyfiyyətsizliyi sübut edilsə də, bu ərzaqların əksəriyyəti satışdan yığışdırılmır. Zərərli ərzaqların əhaliyə satışının qarşısının alınması üçün əlaqədar təşkilatların keçirdiyi reydlər də mövcud problemin həllinə müsbət təsir göstərməyib. İstifadə zamanı orqanizmdə bir sıra problemlər yaradan bu keyfiyyətsiz məhsullar insanlarda mədə-bağırsaq xəstəliklərinin yaranmasına da səbəb olur.
Son vaxtlar mədə və onikibarmaq bağırsağın xorasından əziyyət çəkənlərin sayı artıb
Tibb elmləri namizədi, cərrah-qastroenteroloq Xaləddin Musayevin sözlərinə görə, cərrahi xəstəlik sayılan mədə və onikibarmaq bağırsağın xorasından əziyyət çəkənlərin sayı son vaxtlar artıb. Bu xəstəliyin əmələ gəlməsinin ən başlıca səbəbi isə keyfiyyətsiz qida məhsullarıdır. Gündəlik istifadə edilən məhsulların satışı zamanı qoyulan qaydalara riayət olunmaması insanlarda bir sıra mədə və bağırsaq xəstəliklərinin yaranmasına gətirib çıxarır:
"Bəzi qida məhsullarının tərkibinə müəyyən müddət qalması üçün konservantlar qatılır. Məhsulun istifadə müddəti bitdikdən sonra konservantlar insan orqanizmi üçün zərərli olan maddələrə çevrilir. Belə məhsullardan istifadə isə insanlarda mədə və bağırsaq xəstəlikləri əmələ gətirir. Bununla yanaşı, bəzi ət və ət məhsulları lazımi keyfiyyətdə hazırlanmadıqda, istifadə müddəti ötdükdə yoğun və nazik bağırsaqda, mədədə müəyyən pozğunluqların yaranmasına, orqanizmin immun sisteminin zəifləməsinə səbəb olur. Mədə-bağırsaqda yaranan problem ümumilikdə insan orqanizminə mənfi təsir göstərir. Elə bu səbəbdən də bəzən biz mədəni insan orqanizminin "motor"u da adlandırırıq".
Qastrit niyə yaranır?
Həkim deyir ki, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlarda ilkin olaraq mədə bulanması, epiqastral nahiyədə ağrılar, qusma, ağızda acılıq, iştahasızlıq, yuxu pozğunluğu və halsızlıq kimi hallar müşahidə edilir. Bir müddət sonra isə xəstənin vəziyyəti ağırlaşır və daha ciddi problemlər ortaya çıxır.
Cərrah vurğulayıb ki, insanlarda tez-tez təsadüf edilən mədə xəstəliklərindən biri qastritdir. Qastrit mədənin selikli qişasının iltihabi xəstəliyidir. Bu xəstəlik əsasən, vaxtında qidalanmama və konservləşdirilən məhsullardan müntəzəm istifadə nəticəsində əmələ gəlir. Bununla yanaşı, stres də qastriti əmələ gətirən amillərdəndir. Gündəlik stres zamanı qidalanma pozulur və bir müddətdən sonra qastritin əlamətləri ortaya çıxır. Həmçinin mədədə stres-yaraların əmələ gəlməsinə səbəb olur. Qastrit xəstəliyi vaxtında müalicə olunmadığı təqdirdə isə mədə xorası əmələ gətirir.
Xərçəng xəstəliyinin bir addımlığında
Mədə xorası qastrit xəstəliyinin fonunda əmələ gəlir. Mədə şirəsində turşuluq həddən artıq olduqda bu, tədricən xoranın yaranmasına aparıb çıxarır. Vaxtında qarşısı alınmadıqda isə xora mədə xərçənginə çevrilir. X.Musayevin dediyinə görə, mədə xorası, erroziya və qastrit kimi xəstəliklər xərçəngyönümlü hesab olunur. Zamanında qarşısı alınmayanda bu xəstəliklər mədə xərçənginə çevrilə bilər. Xəstəliyin belə ağırlaşdırıcı vəziyyət almaması üçün cərrah mədə-bağırsaqlarda hətta yüngül problemlər yarandığı halda da həkimə müraciət etməyi məsləhət görür:
"İnsanların bəziləri mədə-bağırsaqlarda hər hansı problem yaranan zaman həkimə müraciət etmirlər. Yaranan problemi ev şəraitində türkəçarələr vasitəsilə aradan qaldırmağa çalışırlar.
Bəzi hallarda isə bu xəstəliklərdən anlayışı olmayan ara həkimlərinin təyin etdiyi müalicə üsullarına əl atılır. Həkimlərin müxtəlif vasitələrlə apardıqları müalicə isə xəstədə müşahidə edilən əlamətləri müəyyən müddətə aradan qaldırır. Xəstə də tam sağaldığını düşünərək həkimə üz tütüb müayinədən keçmir. Bu isə xəstənin vəziyyətinin daha da ağırlaşmasına və xəstəliyin xroniki hala keçməsinə səbəb olur".
Həkimə vaxtında getməsən...
X.Musayevin sözlərinə əsasən, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən xəstə vaxtında həkimə müraciət etməyəndə müalicə prosesi zamanı bir sıra problemlər yaranır. Xəstəlik gecikmiş fazada olduqda həkim müalicəyə yox, xəstəni ağır vəziyyətdən çıxarmaq üçün cərrahi üsula əl atır. Mədə-bağırsaq xəstəliklərindən şikayətlənən xəstə həkimə müraciət etdikdə ilkin müayinədən sonra xəstəyə dəqiq diaqnoz qoymaq üçün qan və sidiyin ümumi analizləri aparılır. Daha sonra endoskopiya müayinə üsulundan istifadə olunmaqla xəstənin mədə-bağırsaq xəstəliklərinin hansı növündən əziyyət çəkdiyi müəyyən edilir. Xəstəliyin forması dəqiq öyrənildikdən sonra müalicəyə başlanılır. Xəstəliyin zəif forması olduqda xəstəyə ilk olaraq yüngül müalicə və pəhriz təyin olunur. Qoyulan bu müddət ərzində xəstənin vəziyyətində irəliləyiş hiss olunmasa, dərin konservativ müalicəyə başlanılır: "Mədə-bağırsaq xəstəliklərinin istənilən formasında xəstəyə pəhriz təyin edilir. Qaydalara riayət olunduqda müalicə müsbət effekt verir".
Həkim bildirib ki, mədə-bağırsaq xəstəliklərinin tam müalicəsi mümkündür. Amma xəstə tam sağaldıqdan sonra da düzgün qidalanmalı, tütün məhsulları, içki və kəskin qidalardan imtina etməlidir. Əks təqdirdə onda xəstəliyin əlamətləri yenidən baş qaldıra bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре