Bakının qəribə istirahət parkı - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Bakıda sakinlərin istirahət edə biləcəyi parklar çox olmasa da hər halda var. Beləsi isə çətin ola... Çünki park deyiləndə göz önünə həm də yaşıllıq gəlir. Burada isə...

Virtualaz.org saytının fotoreportyorunun lentə aldığı bu fotolardakı "park" isə bombozdur, beton rəngində. Əslində bu "park"da hər şey betondandır. Burada nə kölgəsinə sığınıb sərinləməyə bir ağac var, nə çəmənlik, nə də heç olmasa çətir...

Bu "park" "3-cü mikrorayon dairəsi"ndəki yolötürücü-körpü-tunel kompleksinin 3-cü mikrorayon bazarının qarşısından keçən hissəsində, daha dəqiq desək, Alı Mustafayev küçəsindəki tunelin üstündə çəkilib.

Kompleksi layihələndirəndə nədənsə belə qərara gəliblər ki, tunelin üstündə ətrafdakı binaların sakinlərinin istirahət edə, bir udum hava ala biləcəyi məkan da yaratsınlar. Sağdan-soldan maşınların şütüdüyü, səs-küydən qulaq tutulan bu ərazidə təmiz havanın necə ola biləcəyi isə layihə müəlliflərinin görünür, ağlına da gəlməyib. Necə deyərlər, niyyət pis olmayıb, nəticə isə...