Murov dağının altından 23 kilometrlik avtomobil tuneli tikiləcək

Toğanalı-Kəlbəcər avtomobil yolundan ilboyu fasiləsiz istifadə üçün tunel çəkiləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, sözügedən müəssisə tərəfindən Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda aparılan lazımi təmir işləri nəticəsində Müdafiə, Sərhəd və digər qoşun növlərinin hərbi nəqliyyat vasitələrinin, habelə dinc əhalinin fasiləsiz hərəkəti təmin edilib.

Rəis müavini qeyd edib ki, 2021-ci il yanvar ayının 7-də Alban-Udi xristian dini icmasının Milad bayramı ilə əlaqədar olaraq uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksinə və əksinə gedişi də məhz bu yolla - Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilib.

Sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır və Murov dağının altından uzunluğu 23,4 kilometr təşkil edəcək avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur. Bu, imkan verəcək ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün ilboyu fasiləsiz və təhlükəsiz istifadə edilsin.