Prezident İlham Əliyev: Biz artıq Avropanın enerji xəritəsini dəyişmişik

Biz artıq Avropanın enerji xəritəsini dəyişmişik.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev martın 9-da X Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edirik. Ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Biz onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Hazırda biz texniki əsaslandırma prosesini aparırıq.

Həmin layihə ilə bağlı rəhbər komitənin ilk iclası fevral ayında Bakıda təşkil edilib və bu, Avropanın enerji xəritəsində mühüm dəyişiklik olacaq. Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir. Məlumat vermək istəyirəm ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar.

Bu, dünya enerjisinin gələcəyidir və Azərbaycanın gələcəyidir. Enerji sahəsində keçid olduqca sürətli gedir. Qeyd etdiyim kimi, iyun ayında sonuncu görüşümüzdən sonra bütün sadaladıqlarımı həyata keçirdik. Burada nəqliyyat dəhlizləri ilə bağlı müzakirələr olacaq".