Azərbaycan təhlükəsizlik orqanlarının peşəkarlığı dünyanın əksər ölkələrinə nümunə sayıla bilər

Azərbaycan təhlükəsizlik orqanlarının peşəkarlığı, ayıq-sayıqlığı dünyanın əksər ölkələrinin xüsusi xidmət orqanlarına nümunə sayıla bilər. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi unikal əməliyyatlar, ölkəmizə qarşı yönəlmiş xarici təhdidlərin və təxribat-pozuculuq fəaliyyətinin qarşısının vaxtında və qətiyyətlə alınması xüsusi vurğulanmalıdır.

Day.Az xəbər verir ki, bu fikirləri Trend BİA-nın baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O, əlavə edib ki, Azərbaycan təhlükəsizlik orqanları qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir:

"Azərbaycan dövlətinə qarşı düşmən mövqedə dayanan ölkələr həmişə olub və həmin dairələr bu gün də öz çirkin əməllərini davam etdirməyə çalışırlar. Xüsusuilə də hazırda dünyada baş verən təhlükəli proseslər, bölgəmizdə yaranmış ciddi təhlükələr fonunda vəziyyət daha da mürəkkəbləşib. Belə bir zamanda dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlər də artır. Fəxr və qürur hissi ilə vurğulamalıyıq ki, Dövlət Təhlükəsizliyi Xidməti bu təhlükələri vaxtında aşkar edir, qarşısını qətiyyətlə alır. Təhlükəsizlik orqanları hər bir dövlətin sütunudur. Azərbaycan xüsusi xidmət orqanları da bu baxımdan ölkəmizin müstəqilliyinin, suverenliyinin, xalqımızın təhlükəsizliyinin keşiyində şərəflə və əzmlə dayanıb. Hər bir Azərbaycan vətəndaşı bununla qürur duyur.

S.Kərimli bildirib ki, Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının 44 günlük Vətən Müharibəsi zamanı göstərdiyi şücaətlər də qəhrəmanlıq salnaməsidir:

"İstər müharibədən əvvəlki dövrdə məxfi məlumatların alınması, istərsə də müharibənin gedişində xüsusi xidmət orqanlarımızın peşəkarlıqla keçirdiyi əməliyyatlar sayəsində düşmənə sarsıdıcı zərbələr vurulub. Hətta müharibədən sonrakı dövrlərdə də Ermənistan xüsusi xidmət orqanlarının təxribat pozuculuq fəaliyyətinin qarşısı son dərəcə ustalıqla alınıb və hazırda da bölgəmizdə vəziyyət bizim nəzarətimiz altındadır. Son aylarda qonşu ölkələrdən gələn təhdidlərin zərərsizləşdirilməsi, cəsus şəbəkələrinin ifşa olunması prosesini də izləyirik və bütün bunlar DTX-nin ayıq-sayıqlığının göstəricisidir. Bir sözlə, dövlətimizin təhlükəsizliyi əmin əllərdədir.