TAP konsorsiumu imkanların genişləndirilməsi

Trans-Adriatik boru kəmərində (TAP) ötürücülük qabiliyyətinin ikiqat artırılması üçün yeni borular lazım olmayacaq.

Day.Az xəbər verir ki, Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

"Öhdəlik yaradan təkliflərin təqdim olunmasının birinci mərhələsindən sonra hazırda davam edən bazar testi çərçivəsində TAP 2026-cı ildən etibarən ildə əlavə olaraq 1,2 milyard kubmetr təklif etməklə genişlənmənin birinci mərhələsini başladıb. TAP-ın imkanlarının genişləndirilməsi prosesi açıq, şəffaf və qeyri-diskriminativ şəkildə aparılan bazar testləri çərçivəsində həyata keçirilir. İkinci öhdəlik yaradan mərhələ 2023-cü ildə maraqlı operatorlar əlavə təkliflər təqdim edə biləndə keçiriləcək. TAP-ın ötürücülük qabiliyyəti mərhələli şəkildə yeni borular çəkməyə ehtiyac olmadan ildə 20 milyard kubmetrədək artırıla bilər", - konsorsiumdan bildiriblər.

Qeyd olunduğu kimi, hidrogen və digər bərpa olunan qazların yeni həcmlərini də TAP vasitəsilə nəql etmək və bununla uzunmüddətli dayanıqlılığa imkan yaratmaq mümkün olacaq.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.