Media subyektləri məhsullarının təqdim edilməsi ƏDV-dən azad edildi

Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, Məcəlləyə aşağıdakı dəyişikliklər edilir:

- 102.1.38-ci maddənin sonunda aşağıdakı məzmunda 102.1.39-cu maddə əlavə edilsin:

"102.1.39. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.";

- 106.1.31-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.32-ci maddə əlavə edilsin:

"106.1.32. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.";

- aşağıdakı məzmunda 164.1.8-1-ci maddə əlavə edilsin:

"164.1.8-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə;";

- 218-1.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 218-1.1.7-ci maddə əlavə edilsin:

"218-1.1.7. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.".

Bu Qanun 2023-cü il yanvarın 1-dən tətbiq edilir.