Paris İrəvanı qurban seçdi

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Ermənistan "müstəqil" xarici siyasət yürütmək, güclü ordu qurmaq və geosiyasi çəki qazanmaq arzusu ilə mövqelərini gün keçdikcə, daha da zəiflədir.

Baş nazir Nikol Paşinyan ölkəsini Rusiyanın asılılğından qurtarmaq niyyətini bəyan edərək İrəvanı daha pis, ağır və fəsadlı asılılığa salır, Fransanın faktiki satellitinə çevirir.

N.Paşinyanın "France 24"ə verdiyi müsahibəsindən, sadəcə, bəzi məqamlara nəzər salaq:

"Azərbaycan bizimlə ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasına əsaslanan sülhə yox, Ermənistanda yeni ərazilərin ələ keçirilməsinə can atır.

Bir neçə ay əvvəl Rusiya Ermənistan vətəndaşlarını aşkar şəkildə hakimiyyəti devirməyə çağırdı. Moskvanın bu təbliğatı artmağa davam edir. Məni xüsusilə narahat edən məsələlərdən biri də Rusiyada fərarilikdə suçlanan Dmitri Setroakovun Ermənistanda rusiyalı əsgərlər tərəfindən oğurlanmasıdır. Ərazimizdə belə qanunsuz əməllər yolverilməzdir. Ermənistanın tələbləri cavabsız qalarsa, nəticələr olacaq. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) gəldikdə isə, bu qurum Ermənistan qarşısında öhdəliklərinə - xüsusilə də 2021 və 2022-ci illərdə - əməl etmədi. Təbii, baş verənlər nəticəsiz qala bilməzdi. Nəticə isə odur ki, biz KTMT-də üzvlüyümüzü mahiyyət etibarilə dondurmuşuq".

Ermənistanın baş nazirinin müsahibəsində Rusiyaya ünvanlanmış çox sərt messiclər var və onların da N.Paşinyanın təşəbbüsü olmadığı bəllidir.

İrəvana "bütün müstəvilərdə və bütün məsələlərdə hamiliyi vəd etmiş Fransa erməniləri mümkün qədər sürətlə, maksimal dərəcədə Rusiya Federasiyasından kənarlaşdırmağa çalışır.

Fransa prezidenti Emmanuel Makronun əsas məqsədi Rusiyanın əvvəl Ermənistanda, daha sonra isə bütün Cənubi Qafqazda təsir imkanlarından və geosiyasi mövcudluq elementlərindən məhrum edilməsidir.

Makronun istəklərinin məcmusu təbii ki, reallıqla uyğun olmadığından İrəvanla Paris arasındakı geosiyasi marşrutlaşma problemlərinin varlığı da fransızları o qədər narahat etmir.

Fransanın müdafiə naziri Sebastyan Lekornyunun İrəvana səfəri bunun bariz təzahürüdür. Lekornyu Ermənistana yollanmış ilk fransız müdafiə naziri olmaqla yanaşı, İrəvanda verdiyi bəyanatların və açıqlamaların bravurluqla aqressivlik həddini ifrata çatdıran, vədlərin dozasını hipersəviyyəyə qaldıran ilk fransız məmurdur.

Belə ki, o, Ermənistanın müdafiə naziri Suren Papikyanla əməkdaqlıq və tərəfdaşlıqla bağlı sazişlər paketi imzalamaqla yanaşı, Parisin ermənilərlə bağlı militarist planlarının kiçik qismindən bəhs etdi.

Bəlli oldu ki, imzalanmış razılaşmalara uyğun olaraq Fransa Ermənistana "Thales" şirkətinin istehsalı olan 3 radiolokasiya stansiyasının, "Mistral" hava hücumundan müdafiə raket sistemlərini və "Bastion" zirehli avtomobillərinin növbəti partiyasını verəcək.

"Thales"in istehsal etdiyi orta məsafəli "Thales Ground Master 200" radiolokasiya stansiyalarının (RLS) hava hədəflərini maksimal aşkarlama məsafəsi 250, yüksəkliyi isə 24 kilometrdir.

Döyüş rejimində bu məsafə 100 km-dək azalır.

Fransanın "Matra" şirkətinin istehsalı olan kiçik məsafəli "Mistral" zenit-rnaket kompleksləpri isə təyyarələrdən və döyüş helikopterlərindən qorunmaq üçündür.

"Mistral" 500 metr-6 kilometr məsafədə, 5-3000 metr yüksəklikdə maksimal sürəti 1500 km/saat olan hədəfləri vura bilir. Raketin maksimal məsafəyə uçuş müddəti 14 saniyədir.

Fransanın erməniləri sürətlə silahlandırma planları sadalananlarla bitmir.

Ermənistanın müdafiə naziri Suren Papikyanın dediyinə görə, Fransa İrəvana hərbi müşavir yollayacaq: "O, daim Ermənistanda olacaq".

S.Lekornyu isə bəyan edib ki, fransız hərbçilər Ermənistan silahlı qüvvələri üçün kadetlər də hazırlayacaqlar.

Daha sonra isə fransız nazir Bakıya ünvanlanmış messiclər verib: "Müdafiə qabiliyyəti və döyüş hazırlığı səviyyəsini artırmağa çalışdığı üçün Ermənistan ordusunu kimsə tənqid edə bilməz. Ermənistan real təhlükə ilə üzləşməsəydi, mən burada müzakirələr aparmazdım. Bundan başqa, sosial şəbəkələrdə hücumlar təşkil edənlərin və bot-fermalar yaradanların bütün səylərinə rəğmən, Fransa dövləti olaraq özümüzü hədələməyə imkan verməyəcəyik. Ermənistan üçün etibarlı tərəfdaş olacağıq".

Onun sözlərinə görə, erməni hərbçilərin Fransadakı ali hərbi təhsil müəssisələrində hazırlııq keçmələri də təmin ediləcək. "Kursantlarla yanaşı, erməeni zabitlər və praporşiklərin hazırlığı iləə də məşğul olacağıq. Hazırlıq və ixtisasartırma proqramları bu il işə salınacaq", - S.Lekornyu deyib.

Fransanın müdafiə naziri sonda onu da vurğulayıb ki, Ermənistanda hərbi texnikanın və silah-sursatın birgə istehsalı ilə bağlı məsələlər də müzakirə olunub.

Beləliklə, aşkar görünür ki, Fransa Cənubi Qafqazda hərbi-siyasi mövcudluğunu və təsir imkanlarını Ermənistanın hesabına artırmaq niyyətindədir.

Rəsmi Parisin yetkililərinin dediklərinə inansaq, Cənubi Qafqazın çox bədbin perpesktivləri var, Ermənistan hər an işğala məruz qala bilər və bu səbəbdən də sülhməramlı Emmanuel Makron ermənilərin sürətlə silahlandırılmasına göstəriş verib.

Xankəndindəki sabiq separatçı xuntanın "müstəqilliyi"ni tanımaq üçün Azərbaycana çağırış edən Fransa Senatı 44 günlük İkinci Qarabağ Müharibəsinin nəticələrini tanımadığını inadla bəyan etmişdi.

Əslində, ərazilərimizin 30 faizinin erməni işğalında olduğu 30 il ərzində Fransa fasiləsiz qaydada Ermənistanı dəstəkləyirdi və Parisin bu "məhəbbət"inə ATƏT-in Minsk Qrupundakı üç həmsədr ölkədən birinin məhz Fransa olması da maneə yaratmırdı.

Tam əksinə, Minsk Qrupundan yararlanan Fransa münaqişənin həllini mümkün qədər uzatmağa, erməni işğalını legitimləşdirməyə çalışırdı.

Həmin siyasətin metastazları indi də davam edir.

Fransa hazırda Ermənistanı Azərbaycana qarşı yeni hərbi əməliyyatlara başlamağa təhrik edir.

Ermənistanın guya şədələrlə və təhlükələrlə üzləşməsi barədə Emmanuel Makrondan tutmuş, müdafiə naziri S.Lekornuyadək ən müxtəlif Paris mənsublarının dedikləri də ağ yalandır.

Tam əksinə, Azərbaycanın 8 kəndi hələ də erməni işğalındadır və üstəlik, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur.

Fəqət, Fransanın prezidenti və müdafiə naziri bunları görmür, işğaldakı kəndlərin azad edilməsini İrəvandan tələb etmirlər.

Fransanın Erməenistana "yalnız müdafiə məqsədli silah və hərbi texnika verməsi" bəyanatları da yalandır. Çünki Parisdən müvafiq əmr alan kimi, ermənilər həmin texnikadan Azərbaycana qarşı silahlı təxribatlar üçün istifadə edəcəklər.

Beləliklə, Fransa erməniləri qurban qismində seçərək Ermənistanı Rusiya və kollektiv Qərb arasında qarşıdurma məkanınaçevirmək niyyətindədir.

Ermənistanın baş naziri Nikol Paşinyan Parisin vədlərindən və dəstəyindən hakimiyyətini qorumaq üçün istifadə edir.

Bəs adi, orta statistik ermənilərin halı nə olacaq?

Ermənilər Qərbə inanmış qonşu Gürcüstanın başına gələnləri, deyəsən, unudublar.

Xatırladaq ki, kollektiv Qərbin bəyanatlarına və hamilik vədlərinə etibar etmiş Gürcüstan 2008-ci ilin avqustunda Rusiya qoşunları ilə üzləşəndə Qərb gürcüləri tək qoydu,Tbilisiyə heç bir yardım göstərmədi.

Qərb Ukraynaya da hərtərəfli dəstə və yardımlar vəd edir.

Lakin reallıq budur ki, Ukraynada Rusiya ordusu genişmiqyaslı hücuma keçib, Qərbin yardımları isə ya gecikdirilir, ya da uzun-uzadı müzakirə obyektinə dönür.

Erməniləər hələ də dərk etmirlər ki, Fransa onları yeni müharibəyə sürükləyir.

Azərbaycan isə sülh istəyir, Cənubi Qafqazda əmin-amanlıq və stabillik üçün gərəkən addımlar atır.

Fəqət, Paris təxribatlarını davam etdirərsə, Azərbaycan hadisələrin istənilən inkişaf variantına hazırdır.