“Neft Daşları”–Çilov–Şah saçı–Dübəndi neft kəmərinin tədricən istismara qaytarılmasına başlanılıb
![“Neft Daşları”–Çilov–Şah saçı–Dübəndi neft kəmərinin tədricən istismara qaytarılmasına başlanılıb](https://img.day.az/2025/02/13/800x550/klass-opory.jpg)
Neft daşları" - Çilov - Şah saçı - Dübəndi neft kəmərinin tədricən istismara qaytarılmasına başlanılıb.
Day.Az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azneft" İstehsalat Birliyindən bildiriblər.
"Xəbər verdiyimiz kimi, "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" - Çilov - Şah saçı - Dübəndi neft xəttində sızma müşahidə edilib. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları və Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən digər operatorlarla əlaqə yaradılıb, məlumat mübadiləsi və sızmanın qarşısının alınması üzrə müvafiq tədbirlərin əlaqələndirilməsi həyata keçirilib", - deyə "Azneft"-dən bildiriblər.
Məlumata görə, qeyri-sabit hava şəraitinin nisbətən sabitləşdiyi 9 fevral tarixindən etibarən bir sıra tədbirlərin icrasına başlanılıb.
"Tankerlər Neft Daşlarına yan alaraq və neftin daşınmasını həyata keçirib, beləliklə hasilata təsirin minimuma endirilməsi, habelə zədələnən boru kəməri ilə nəqlin dayandırılması təmin edilib, bununla sızma aradan qaldırılıb.
Boru kəmərinin təmir-bərpası prosesi çərçivəsində uzaqdan idarə olunan robot (ROV) suya buraxılıb, dalğıc xidməti mobilizə edilib. Həmçinin hadisə yerinə sualtı baxış keçirilib, müşahidələr əsasında təmir-bərpa işlərinin planı dəqiqləşdirilib. Fasiləsiz şəkildə işlərin icrası nəticəsində 11 fevral saat 12:00-da təmir-bərpa işləri tam başa çatdırılıb, saat 13:30-dan etibarən isə yeni boru kəmərinin tədricən istismara qaytarılmasına başlanılıb", - istehsalat birliyindən bildiriblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре