Azərbaycan cəmiyyəti uzun əsrlər ərzində tolerantlıq, qarşılıqlı hörmət kimi vacib dəyərləri qoruyub-saxlamağı bacarıb

Multikultural Azərbaycan cəmiyyəti uzun əsrlər ərzində tolerantlıq, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi vacib dəyərləri qoruyub-saxlamağı bacarıb.

Day.Az xəbər verir ki, bunu azərbaycanlı millət vəkili Soltan Məmmədov bu ilin iyul ayında Cenevrədə keçiriləcək Parlamentlərarası İttifaqın Parlament Spikerlərinin Altıncı Dünya konfransının hazırlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Parlament Spikerlərinin Dünya Konfransı çərçivəsində müzakirə olunacaq mədəni müxtəliflik, dinlərarası dialoq, iqlim dəyişikliyi, miqrasiya, sülh və təhlükəsizlik, münaqişə sonrası vəziyyətlər, turizm və süni intellekt kimi mövzular böyük əhəmiyyət kəsb edir", - deyə o bildirib.

Parlament Spikerlərinin Altıncı Dünya Konfransında qəbul olunması gözlənilən IPU bəyannamə layihəsi üzrə Azərbaycan tərəfinin irəli sürdüyü təkliflərdən söz açan deputat ölkəmizin "Sülh və ədalətə əsas keçidlər" bölməsinə beynəlxalq hüquqa sadiqliklə bağlı müddəanın ("Beynəlxalq hüquq normalarına və prinsiplərinə və BMT Nizamnaməsinə əməl olunması, xüsusilə hər hansı fərq qoymadan dövlətlərin suverenliyinə, ərazi bütövlünə, daxili işlərinə müdaxilə etməmə") daxil edilməsini təklif etdiyini vurğulayıb.

Qeyd edək ki, Sevil Mikayılova və Milli Məclisin deputatı Soltan Məmmədov Parlament Spikerlərinin 6-cı Dünya Konfransının, Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də parlament dinləmələrində iştirak etmək üçün Nyu-Yorkda səfərdədirlər.

Milli Məclisin deputatları Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət" mövzusunda BMT-nin Baş Qərargahında keçiriləcək parlament dinləmələrində də iştirak edəcəklər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçının qatılacağı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılacaq.

Deputatların Nyu-York səfəri fevralın 16-da başa çatacaq.