Qərbi Azərbaycana qayıdış regionda ədalətli sülh və dayanıqlı təhlükəsizliyin təmin edilməsi prosesinin bir hissəsi olmalıdır - Sevil Mikayılova

Qərbi Azərbaycana qayıdış regionda ədalətli sülh və dayanıqlı təhlükəsizliyin təmin edilməsi prosesinin bir hissəsi olmalıdır.
Day.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
Millət vəkili qeyd edib ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaq hüququnun beynəlxalq hüquq və tarixi ədalət nöqteyi nəzərindən qanuni əsasları var. Bu hüquqların təmin edilməsi üçün siyasi iradə, diplomatik səylərə və beynəlxalq dəstəyə ehtiyac var.
Onun sözlərinə görə, XXI əsrdə azərbaycanlıların müasir Ermənistan ərazisindən üç böyük deportasiya dalğası olub.
"1918-1920, 1947-1950 və 1988-1989-cu illərdə deportasiyaya məruz qalmış azərbaycanlıların repatriasiya tələb etmək üçün tam hüquqi əsasları var. Birincisi, əsas beynəlxalq insan hüquqları normaları pozulub. İkincisi, deportasiya faktı etnik zəmində idi və zorakılıq xarakteri daşıyırdı. Üçüncüsü, Qərbi azərbaycanlıların bu əraziyə bağlılığına dair sənədli və hüquqi sübutlar mövcuddur. Bu isə restitusiya (mülkiyyətin qaytarılması və ya təzminat) barədə hüquqi iddialar üçün əsas verir", - deyə S. Mikayılova bildirib.
Deputat vurğulayıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsasən, hər bir insanın öz vətəninə qayıtmaq hüququ var və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt bu hüquqdan əsassız olaraq məhrum etməni bilavasitə qadağan edir. Bu qaydalar sırf etnik mənsubiyyətə görə həyata keçirilən deportasiyaların beynəlxalq öhdəliklərə zidd olduğunu təsdiqləyir.
"Ermənistandan deportasiya edilən etnik azərbaycanlılarla bağlı həm məcburi qovulma faktları, həm də regiona mənsubluğu ilə bağlı sübutlar, o cümlədən daşınmaz əmlak sənədləri, qəbiristanlıqların, məscidlərin, məktəblərin xəritələri mövcuddur ki, bu da azərbaycanlıların əsrlər boyu bu torpaqlarda kök saldığını göstərir", - deyə deputat bildirib.
S.Mikayılova yekunda qeyd edib ki, azərbaycanlıların Qərbi Azərbaycana repatriasiyası məsələsi Cənubi Qafqaz regionunda tapdalanan hüquqların bərpasını və dinc yanaşı yaşama şəraitinin təmin edilməsini nəzərdə tutur.
"Azərbaycan dövləti soydaşlarımızın hüquqlarının beynəlxalq standartlarda nəzərdə tutulduğu kimi tanınmasına və təmin edilməsinə çalışır. Qərbi Azərbaycana qayıdış regionda ədalətli sülhün və davamlı təhlükəsizliyin təmin edilməsi prosesinin bir hissəsi olmalıdır", - deyə Sevil Mikayılova fikirlərini tamamlayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре