Aparıcıların və verilişlərin istifadə etdiyi sözlər barədə hesabat veriləcək - İsmət Səttarov
Audiovizual Şura bugünədək televiziya və radio kanallarında reklam çarxlarında əcnəbi sözlərin istifadəsini demək olar ki, tamamilə qarşısını alıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.
Sədr bildirib ki, televiziyalarda və radiolarda artıq nadir hallarda xarici sözlərlə rastlaşmaq mümkündür:
"Halbuki 10-15 il əvvəl reklam çarxlarında tez-tez ingiliscə, rusca və ya digər xarici sözlər istifadə olunurdu".
İ.Səttarov vurğulayıb ki, reklam çarxlarının əhəmiyyəti xüsusilə böyükdür, çünki verilişlərdən fərqli olaraq reklamlar hər gün bir neçə dəfə, bəzən illərlə təkrarlanır və sözlər insanların yaddaşına hopur:
"Bu vəziyyət həm qanunvericilik imkanları, həm də kanallarla əvvəlcədən razılaşdırılan sistem vasitəsilə nəzarət edilir. Nəticədə bir çox çarxlarda əcnəbi sözlərin istifadəsi artıq minimuma endirilib.
Buna baxmayaraq, verilişlərdə və proqramlarda vəziyyət daha mürəkkəbdir. Burada həm obyektiv, həm də subyektiv səbəblər mövcuddur. Məsələn, hər gün təxminən 800 saatlıq efir materialını yalnız 6 nəfərdən ibarət monitorinq şöbəsi izləyir. Fiziki olaraq bu qədər çox materialı həm televiziya, həm də radio üzrə izləmək və qeyd etmək çətindir.
Biz 40-a yaxın ən çox istifadə olunan əcnəbi sözü müəyyən etdik və proqram vasitəsilə 2 həftə ərzində kanalları monitorinq etdik. Nəticədə bu sözlərin üç minə yaxın dəfə istifadə olunduğu aşkarlandı.
Bu sistem bizə böyük yardım edir, çünki artıq yanvar ayından etibarən kanallara məlumat göndəriləcək, ilk 3 ay ərzində aparıcıların və verilişlərin istifadə etdiyi sözlər barədə hesabat veriləcək. Aparıcılar özləri nəticə çıxarmalıdır. 3 aydan sonra isə Şura dilin qorunması ilə bağlı qanunvericilik tədbirlərini həyata keçirəcək. Qanunda nəzərdə tutulmuş cərimələr 500-1000 manat arasıdır. Biz məqsədli şəkildə medianı cərimə etməyi düşünmürük, amma dilin qorunması üçün başqa çıxış yolu yoxdur".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре