Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prossesini izləyiblər - FOTO

Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahlar klubunun Qarabağ və Şərqi Zəngəzura səfərinin sonuncu ünvanı Cəbrayıl olub. Onlar rayonun Mehdili kəndində mina təmizləmə və minaların zərərsizləşdirilməsi prossesini izləyiblər.
Day.Az Trend-ə istinadən bildirir ki, Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən səyyahlar Cəbrayıl rayonu Mehdili kəndində mina təmizləmə işlərinin həyata keçirildiyi ərazidə olublar.
Səyyahlar işğaldan azad edilən Mehdili kəndi ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar. Onlara işğal zamanı ərazilərin həddən çox minalarla çirkləndirilməsi barədə, həmçinin ötən dövrdə mina təhlükəsi nəticəsində həlak olanların və sağlamlığını itirənlərin olduğu haqda məlumat verilib.
Ərazilərdə tank əleyhinə minaların, piyada əleyhinə minaların, həmçinin qarışıq mina xətlərinin çox olduğu bildirilib. Bundan başqa, axtarış vaxtı ərazidə partlamamış silah-sursatlar da aşkarlandığı deyilib.
Qeyd edilib ki, aşkarlanan piyada əleyhinə minaların əsas tərkib hissəsi Ermənistan istehsalıdır. Səyyahlara, həmçinin məlumat verilib ki, ərazidə təmizləmə işləri mexaniki üsulla, əl ilə və təlim keçmiş itlər vasitəsilə olmaqla üç üsulla aparılır.
Daha sonra ərazidə aşkarlanan minaların partladılma yolu ilə zərərsizləşdirilməsi prosesi həyata keçirilib.
Qeyd edək ki, 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edib. Bu səfər işğaldan azad edilmiş ərazilərin "dark tourism" çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradıb. Son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahlar klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyyahlar səfər edib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 14-cü qrup səfəridir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре