Prezident İlham Əliyev: Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub - TAM NİTQ

Bizim əlaqələrimiz (Birləşmiş Ərəb Əmirlikləri - red.) qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşündə deyib.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli cənab Prezident, əziz qardaşım.
Azərbaycana, Qarabağa xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasındakı qardaşlıq, dostluq əlaqələrinə yeni təkan verəcək. Biz Sizinlə həm Azərbaycanda, həm də Birləşmiş Ərəb Əmirliklərində tez-tez görüşürük. Siz keçən il iki dəfə Azərbaycana səfər etmisiniz. Bu il bir neçə ay bundan əvvəl mən Sizin ölkənizə səfər etmişəm. Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir.
Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bu gün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində bizə çox böyük dəstək vermişlər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə giqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır.
Digər investisiyayönümlü layihələr üzərində işləyirik. Bugünkü nümayəndə heyətlərinin tərkibi özlüyündə bir göstəricidir. Bu göstərir ki, bizim əlaqələrimiz nə qədər çoxşaxəlidir, nə qədər dərindir, səmimidir və məhsuldardır.
Əziz qardaşım, Qarabağa səfər etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Azərbaycana, Qarabağa xoş gəlmisiniz!
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре