Formula 1 Azərbaycan Qran Prisinin açılışı muğamla yadda qaldı

Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə baş tutdu.

Day.Az xəbər verir ki, bu il himnimiz dünya şöhrətli xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın təqdimatında səsləndirildi.

Onların bənzərsiz ifası xüsusi səhnə kompozisiyası və üçrəngli bayrağımızı simvolizə edən vizual həllər ilə müşayiət olundu. Açılışda həmçinin milli simvolumuz - səkkizguşəli ulduz da nümayişin bir hissəsi kimi təqdim edildi.

Qeyd edək ki, Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən "Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsəri" elan olunub, 2008-ci ildə isə Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil edilib. Bu fakt muğamın Azərbaycan mədəniyyətinin ən dəyərli irs nümunələrindən biri kimi dünyada tanındığını bir daha təsdiqləyir.

Milli musiqi irsimizi və mədəniyyətimizi əks etdirən bu unudulmaz an Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in final yarışına rəsmi start verdi.