COP29 Azərbaycan Əməliyyat Şirkətinin fəaliyyətinə dair aparılmış audit nəticəsində müsbət rəy verilib

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üzrə İş Planına əsasən, COP29 beynəlxalq tədbirinin hazırlıq və keçirilmə mərhələlərində gəlir və xərclərin auditi aparılıb. Audit nəticəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanmış maliyyə hesabatlarına müsbət rəy verilib.

Audit INTOSAI-ın Peşəkar Bəyanatlar Çərçivəsinin (IFPP) beynəlxalq prinsiplərinə uyğun metodologiya ilə həyata keçirilib. Audit INTOSAI-ın Peşəkar Bəyanatlar Çərçivəsinin (IFPP) beynəlxalq prinsiplərinə uyğun metodologiya ilə həyata keçirilib. Yoxlama prosesi maliyyə sənədlərinin təhlilini, gəlir və xərclər üzrə hesabatların dəqiqliyinin təsdiqini, hüquqi çərçivəyə riayət olunmasının qiymətləndirilməsini və daxili nəzarət sisteminin səmərəliliyinin müəyyənləşdirilməsini əhatə edib.

Tədbir üzrə daxilolmaların 92,5%-i dövlət büdcəsindən, 7,5%-i isə digər mənbələrdən təmin edilib. Vəsait COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməliyyat, tikinti, xidmət, nəqliyyat, avadanlıq, marketinq və digər zəruri xərclərinin, həmçinin beynəlxalq öhdəliklər üzrə ödənişlərin qarşılanmasına yönəldilib. Əməliyyat xərclərinin əsas hissəsi konfrans məkanları (65,4%) və məzmunun hazırlanması ilə bağlı istiqamətlərə (10,2%) sərf olunub. Tədbirdən sonra əldə edilmiş uzunmüddətli aktivlər (nəqliyyat vasitələri və avadanlıqlar) müvafiq qaydada dövlət qurumlarının istifadəsinə təhvil verilib.

Hazırlıq və icra mərhələsində xidmət müqavilələri üzrə tərəf müqabilləri əsasən Türkiyə, Almaniya, İsrail, ABŞ və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən qeyri-rezident şirkətlər olub.

Audit hesabatında maliyyə idarəçiliyinin müsbət tərəfləri ilə yanaşı, təkmilləşdirilməyə ehtiyac olan məqamlar da qeyd olunub. Satınalma qanunvericiliyinin pozulması ilə bağlı əhəmiyyətli hallar aşkar edilməyib.

Tədbir çərçivəsində əldə edilən aktivlər və yaranmış öhdəliklər inventarizasiya edilib, uzunmüddətli aktivlərin təkrar istifadəyə yararlılığı qiymətləndirilib, təhvil-təslim sənədlərinin dolğunluğu yoxlanılıb və kontragentlərlə məlumatların üzləşdirilməsinin vacibliyi müəyyən edilib.

Auditin müsbət nəticəsi onu göstərir ki, COP29-un təşkilində şəffaflıq, hesabatlılıq və səmərəli maliyyə idarəçiliyi prinsiplərinə riayət edilib.