Avtobusun gəlmə vaxtını əvvəlcədən belə biləcəksiniz

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölkədə ilk dəfə olaraq "AYNA MaaS" tətbiqini istifadəyə verib.

Bu barədə Day.Az-a AYNA-dan bildirilib. 

Üç dildə (Azərbaycan, ingilis və rus) təqdim edilən "AYNA MaaS" tətbiqi səmərəli səyahəti və istifadəçilərə nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlığını təmin etmək və ictimai nəqliyyat xidmətlərini təkmilləşdirmək üçün nəzərdə tutulmuş mobillik proqramıdır. Bu rəqəmsal nəqliyyat platformasımüxtəlif nəqliyyat növlərini (avtobus, metro, dəmiryolu, skuter, velosiped) vahid tətbiqdə birləşdirir. Platforma istifadəçiyə bir tətbiq vasitəsilə müxtəlif nəqliyyat növləri arasından ən uyğun marşrutu seçməyə, səfər planlamasını həyata keçirməyə, ödəniş üsulları, real vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə imkan verir.

Tətbiqə Bakı şəhərində fəaliyyət göstərən bütün mikromobillik operatorları da inteqrasiya edilib. Platforma vasitəsi ilə mikromobillik vasitələrinin dayanacaqlarını müəyyən etmək, həmçinin istifadəyə hazır skuterlər barədə məlumat almaq, habelə skuter və velosipedlərin icarəsi üçün müraciət etmək olar.

Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün istifadəçi müvafiq bölməyə mobil nömrəsini yazaraq istifadə şərtləri və qaydaları ilə tanış olur. Növbəti bölməyə isə həmin nömrəyə SMS vasitəsilə göndərilən təsdiq kodu daxil edilir, daha sonra isə şifrə təyin olunur.

İstifadəçi "Səyahət planı" bölməsindən A nöqtəsindən B nöqtəsinə qədər səyahəti tarix və zamanı seçərək planlaşdıra bilər.

Qeyd edilib ki, istifadəyə verilən "AYNA MaaS" ilkin versiyadadır və istifadəçilərin istəkləri əsasında daim təkmilləşdiriləcək. İstifadəçilər təklif və iradlarını birbaşa tətbiqdən göndərə bilərlər.

Mobil tətbiqi həm App Store, həm də Google Play Store-dan yükləmək mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.