“Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfransın ikinci günü müzakirələrlə davam edib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə keçirdiyi "Əqli mülkiyyət və süni intellekt" mövzusunda beynəlxalq konfrans dekabrın 10-da öz işini davam etdirib.

Day.Az xəbər verir ki, beynəlxalq konfransın ikinci günündə xarici ekspertlərin "Ümumi baxış: süni intellekt və əqli mülkiyyət siyasəti", "Süni intellekt ilə əlaqəli ixtiraların patentləşdirilməsi (Süni intellekt vasitəsilə və süni intellekt tərəfindən yaradılan əqli mülkiyyət obyektləri predmetləri)", "Patent sistemində süni intellektin alət kimi tətbiqi: ekspertiza və idarəetmə proseslərində süni intellektdən istifadə", "Süni intellekt üzrə əqli mülkiyyət siyasəti: patent müəllifliyi (ixtiraçılığı) və hüquq sahibliyi məsələləri" mövzularında məruzələri dinlənilib. Həmçinin "Süni intellekt və əqli mülkiyyət obyektləri" mövzusunda açıq müzakirələr üzrə dəyirmi masa təşkil olunub.

Məruzələrdə süni intellekt texnologiyalarının əqli mülkiyyət sisteminə təsiri diqqətə çatdırılıb.

 

Bununla yanaşı, süni intellekt tərəfindən yaradılan obyektlərin hüquqi statusu, müəlliflik və hüquq sahibliyinin müəyyənləşdirilməsi ilə bağlı aktual yanaşmalar təqdim edilib.

Ekspertlər patent idarələrinin tətbiq etdiyi innovativ həllər və qarşıya çıxan praktiki çağırışlar barədə məlumat veriblər.