Bu il orduda peşəkarlıq və döyüş hazırlığı səviyyəsinin artırılması planlaşdırılır

Zakir Həsənov 2026-cı ildə orduda diqqət edilməli olan vacib məqamları vurğulayıb.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyində 2025-ci ilin yekunlarına dair kollegiya iclası zamanı məlumat verilib.

Müdafiə Naziri Zakir Həsənov şəxsi heyətin peşəkarlığının artırılmasına, qoşunların döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinə, təlim və səhra məşğələlərinin intensivliyinin artırılmasına, silahlanmaya yeni qəbul edilmiş silah və texnikanın mənimsənilməsi və səmərəli istifadəsinin yüksəldilməsinə, eləcə də innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

 

Kollegiya iclası zamanı ayıq-sayıqlığın təmin olunması məqsədilə döyüş növbətçiliyi və qoşun xidmətinin təşkilinə daha məsuliyyətli yanaşmaq ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının, qış mövsümündə havaların soyuması ilə əlaqədar mövsümi respirator virus infeksiyalarından qorunma tədbirlərinin gücləndirilməsinin zəruriliyi xüsusi qeyd edilib.