Abituriyentlərin NƏZƏRİNƏ: Psixoloji gərginlikdən bu cür

Bəzi dövrlərdə imtahanlara hazırlaşan abituriyentlərdə psixoloji gərginlik olduğu müşahidə edilir.

Day.Az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib ki, abituriyentlik dövrü olduqca ağır və həssas mərhələdir.

O, qeyd edib ki, bu dövr yeniyetməlik yaşının sonlarına təsadüf etdiyi üçün uşaqlarda həm hormonal, həm fiziki, həm də psixoloji dəyişikliklər baş verir.

"Nəticədə onların əhvalında və davranışlarında tez-tez dəyişikliklər müşahidə olunur. Bəzən çox emosional, bəzən isə aqressiv ola bilirlər. Davranış pozuntuları yarana bilər və abituriyentlik dövrü çətin keçdiyi zaman onlar imtahan stressinə qarşı da dözümsüz olurlar. Belə hallarda imtahan uşaqlar üçün sanki bir faciə kimi görünür.

Ailə üzvlərinin imtahanla bağlı verdiyi suallar, müəllimlərin yüksək gözləntiləri və ətrafın təzyiqi uşaqlardakı gərginliyi daha da artırır. Bəzən onlar çox vecsiz görünsələr də, daxilən kifayət qədər narahat və həssas olurlar. Buna görə də valideynlər, müəllimlər və məktəb psixoloqları uşaqların psixoloji durumunu nəzərə alaraq onlara fərdi yanaşmalıdırlar. Onlar yalnız dərs hazırlığına nəzarət etməməli, eyni zamanda universitetə qəbulun vacibliyini izah etsələr də, sağlamlığın, xüsusilə psixi sağlamlığın hər şeydən önəmli olduğunu uşaqlara hiss etdirməlidirlər", - deyə o bildirib.

Psixoloq vurğulayıb ki, uşaqda "yalnız dərs oxuyanda məni sevirlər, oxumayanda isə sevmirlər" düşüncəsi formalaşmamalıdır:

"İmtahan stressi həm ailənin və müəllimlərin təsirindən, həm də uşağın daxili narahatlıqlarından qaynaqlanır. Bu dövrün daha sağlam və rahat keçməsi üçün valideynlər, müəllimlər və məktəb psixoloqları birlikdə hərəkət etməli, uşaqlara həm mənəvi, həm də psixoloji dəstək göstərməlidirlər", - deyə o sonlandırıb.

Nəsimi Ələsgərli