Üçrəngli bayrağımız Azərbaycanın müstəqillik yolunun canlı salnaməsidir - Azər Qarayev
Hər bir xalqın tarixində onun azadlıq mübarizəsini, milli kimliyini və dövlətçilik ənənələrini təcəssüm etdirən müqəddəs rəmzlər var. Azərbaycan xalqı üçün belə rəmzlərin başında üçrəngli Dövlət Bayrağımız gəlir. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət bu bayraq bir əsrdən artıqdır ki, xalqımızın müstəqillik arzusunu, tarixi yaddaşını və gələcəyə inamını özündə birləşdirir. Bu gün Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımız dövlət suverenliyimizin və milli birliyimizin ifadəsidir.
Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Hər il noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. Məhz 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ölkəmizin üçrəngli milli bayrağı qəbul edilib. Beləliklə, Azərbaycan Şərqdə ilk parlamentli respublikanın qurulması ilə yanaşı, öz dövlətçilik rəmzlərini də formalaşdıran bir ölkə kimi tarixə düşüb.
Bayrağımızın hər bir rəngi dərin məna daşıyır. Mavi rəng Azərbaycan xalqının türk mənşəyini, qırmızı rəng müasir cəmiyyət qurmaq və demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Qırmızı zolağın ortasındakı ağ aypara və səkkizguşəli ulduz üçrəngli bayrağımızın ayrılmaz elementləridir. Bu rəmzlər birlikdə xalqımızın tarixi köklərini, mənəvi dəyərlərini və inkişaf yolunu əks etdirir", - o bildirib.
Onun sözlərinə görə, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət atributu kimi istifadədən çıxarıldı. Sovet hakimiyyəti illərində onun dalğalanması mümkün olmasa da, bu rəmz xalqın yaddaşında və müstəqillik arzularında yaşamağa davam etdi. Müstəqilliyin bərpasına aparan yolda üçrəngli bayrağımız yenidən dövlətçilik mübarizəsinin əsas simvollarından birinə çevrildi.
"1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında üçrəngli bayraq Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edildi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Soveti bu bayrağı ölkəmizin Dövlət Bayrağı kimi təsdiqlədi. Sonrakı illərdə dövlət bayrağına ehtiramın artırılması istiqamətində mühüm addımlar atıldı. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi.
Azərbaycan bayrağının müasir tariximizdəki yeri Vətən müharibəsindən sonra daha böyük məna qazandı. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası üçrəngli bayrağımızın həmin ərazilərdə yenidən dalğalanmasına yol açdı. Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə və digər şəhər və yaşayış məntəqələrimizdə Azərbaycan bayrağının ucaldılması xalqımızın onilliklər boyu gözlədiyi tarixi anların gerçəkləşməsi demək idi, - o bildirib.
A.Qarayev qeyd edib ki, bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan sakinlərimiz və yenidən qurulan yaşayış məntəqələri üçrəngli bayrağımızın kölgəsində yeni həyatın başlandığını göstərir.
"Dövlət bayrağımız hər bir yeni məktəbin, xəstəxananın, inzibati binanın və yaşayış məntəqəsinin üzərində dalğalanaraq Azərbaycanın suverenliyini və gələcəyə yönəlmiş inkişaf yolunu nümayiş etdirir.
9 Noyabr hər bir azərbaycanlı üçün dövlətçilik tariximizi xatırlamaq, milli dəyərlərimizə ehtiram göstərmək və müstəqilliyimizin əhəmiyyətini bir daha dərk etmək günüdür. Bayrağımızın ucalığı dövlətimizin gücünü, xalqımızın birliyini və gələcəyə olan inamını ifadə edir. Üçrəngli bayrağımız bundan sonra da müstəqil Azərbaycanın səmasında dalğalanacaq, gələcək nəsillərə azadlığımızın və dövlətçiliyimizin əmanəti olacaq", - politoloq əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре