Türkiyədə dəhşət: Kombayna görə 8 nəfəri öldürdü
Türkiyənin Afyonkarahisar şəhərində 8 nəfərin öldürülməsi ilə nəticələnən silahlı hücumların kombayn alqı-satqısı ilə bağlı mübahisədən yarandığı məlum olub.
NTV-nin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Arif Sefa Özdemir həbs edilib.
Şübhəli şəxs ifadəsində üç nəfəri kombaynın alqı-satqısından yaranan borc mübahisəsinə görə, digər beş nəfəri isə avtomobillərini ələ keçirmək məqsədilə öldürdüyünü iddia edib.
O bildirib ki, ötən il Ahmet Uzel adlı şəxsdən 40 min avroya kombayn alıb. Lakin texnika tarlada işləyərkən qəfil yanıb. Bundan sonra tərəflər arasında narazılıq yaranıb. Ahmet Uzel ötən həftə kombaynın pulundan qalan 11 min avronu tələb edib. Şübhəli isə borcunun 4 min avro olduğunu və yaxın zamanda ödəyəcəyini deyib. Tərəflər arasında borcun məbləği ilə bağlı mübahisə böyüyüb, telefon danışığı zamanı qarşılıqlı təhqir və hədələr səsləndirilib.
Şübhəlinin sözlərinə görə, o, Gazlıgöl qəsəbəsinin girişində qarşılaşdığı şəxsləri başqa kəndin ərazisinə aparıb. Orada onları atasından pul almaq və tarlaya baxmaq bəhanəsi ilə aldadaraq pusqu qurub.
Özdemir ilk üç nəfəri avtomobillə qaçmalarına mane olacaq şəkildə qarşılarını kəsdikdən sonra tüfənglə atəş açaraq öldürdüyünü etiraf edib.
O, daha sonra qaçış zamanı avtomobilini dəyişmək məqsədilə yeni hücumlar həyata keçirdiyini bildirib. Kıyır kəndi istiqamətində qarşısını kəsdiyi avtomobildə olan Seydi Ahmet A. və Satı A.-nı nəqliyyat vasitəsini vermədikləri və tüfəngi əlindən almağa çalışdıqları üçün güllələdiyini, daha sonra avtomobili ələ keçirdiyini deyib.
Şübhəli şəxs ələ keçirdiyi avtomobillə hərəkət edərkən yüngül toqquşduğu İsmail Ş. adlı sürücünün tüfəngi görərək polisə xəbər verəcəyini bildirməsindən sonra onu da başından güllələyərək öldürdüyünü etiraf edib.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma davam edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре