İşıq olmayan yerdə şəkil yoxdur

Day.Az представляет новость на азербайджанском языке

Kəmalə Hüseynli: "Əgər uşaq şəkil çəkdirməyi sevmirsə, ona əziyyət vermək olmaz"

Foto sənətinin insan mənəviyyatına gətirdiyi sevincin həddi sonsuzdur. Çünki babanın şəkli nəvəyə, nəvədən nəticəyə, kötükcəyə qalır. Nəsildən-nəslə ötürülən bu kağız yaddaş təkcə xatirə deyil, soyunun, kökünün, kimliyinin əksi, sədası, real təsviridir. Qonağımız işinin peşəkarı, fotoqraf Kəmalə Həsən qızı Hüseynlidir. 

Biz Kəmalə xanımın çalışdığı studiyanın qonağı olduq. Kiçik uşağın şəklini çəkmək üçün onu dilə tutan fotoqrafın hansı çətinliklərlə üzləşdiyinin şahidi olduq. Fotoqraf bizimlə söhbətində bildirdi ki, bir qadın olaraq hər zaman öz ayağı üstündə dayanmağa çalışıb: "Yaşıdlarım geyimə, modaya maraq göstərəndə, mən foto aparatlarına həvəs göstərirdim".

İndiyə kimi 600-ə yaxın uşaq şəkli çəkən Kəmalə xanım özünə uşaqlardan ibarət balaca bir məkan yaradıb, orada müxtəlif dekorlardan, aksesuarlardan istifadə edərək maraqlı şəkillər çəkir. Bu işdə həyat yoldaşı da müsahibimizə dəstək olur. 

- Kəmalə xanım, istərdik, ilk olaraq özünüzdən danışasınız. Fotoqraflığa gedən yolunuz necə başladı? 

- Doğulduğum ailədə incəsənətə böyük maraq var. Ailədə 7 uşaq olmuşuq. Evdə özümüzün şəxsi studiyamız olub. Belə ki, əvvəllər "Zenit" fotoaparatıyla ailədaxili şəkillər çəkirdik. Çox maraqlı uşaqlığımız keçib. Qardaş və bacılarım müxtəlif musiqi alətlərində ifa etməyi bacarırlar. Hətta mənim əsas ixtisasım qarmon müəlliməsidir. Bacım qızı Günay İbrahimli də incəsənət sahəsində çalışır. Hətta Günayın anası da pianino müəlliməsidir. Yəni ailədə ali təhsillə bərabər, həm də musiqi təhsilimiz var. O ki qaldı fotoqraflıq sənətinə, bu peşəyə həvəsim uşaqlar üçün hazırlanan "Yaşıl dünya" və xanımlar üçün "İffət" jurnalında qrafik dizayner işlədiyim zamanlardan yaranmışdı. Həmin ərəfələr internetdən jurnala yerləşdirməyə şəkil tapa bilmirdim. Onun üçün bir tanışımdan fotoaparatı bir neçə günlüyünə alıb, jurnal üçün şəkillər çəkirdim. Zaman ötdükcə düşündüm ki, nə vaxtadək kimdənsə fotoaparat alıb şəkil çəkəcəyəm. Həmin jurnala şəkillər çəkmək üçün özümə çox bahalı bir fotoaparat aldım. Bir müddət kursların birində kompyuter müəlliməsi vəzifəsində çalışdım. Hətta 200-dən çox qız tələbələrim də olub. Yaxşı da maaş alırdım. İlk fotoaparatı o zaman aldım. Çalışdığım jurnal ildə 4 dəfə işıq üzü görürdü. Ona görə də aldığım fotoaparatdan elə də çox istifadə etmirdim. Düşündüm ki, istifadəsiz qalmasındansa, el şənliklərinə gedib şəkil çəkə bilərəm. Çox çəkmədi ki, tanınmış sənətçimiz, Toppuş bacı kimi tanınan Tünzalə Əliyeva ilə fotoqraf kimi xınalara, ad günlərinə, qadınların yığışa biləcəyi məkanlara getməyə başladım. Gün keçdikcə, fotoaparatın aksesuarlarını alır, sayını artırırdım. Jurnalda qrafik dizayner işlədiyim üçün "Photoshop" proqramı mənim üçün adi hala çevrilmişdi.

- Bildiyimiz qədəri ilə, Türkiyədə bu işin peşəkarlarından da dərs almısınız. 

- Türkiyədə Qaziantep şəhərində yerləşən Zirvə Universitetinə qəbul oldum. Orada müəllimim Yusuf Kadri Şirinkan idi. Mənim orada qalmağım, oxumağım bir az problemli idi deyə, təhsilimi axıra kimi davam etdirə bilmədim.

- Bəs necə oldu ki, məhz uşaq fotosessiyası ilə məşğul olmağa başladınız?

- Əvvəllər müştərilərim məndən uşaq fotosessiyası istəyəndə, onları digər həmkarlarıma yönləndirirdim. Uşaq fotosessiyası çəkmək çox çətindir. Valideynləri anlamaq üçün sən ilk növbədə ana olmalısan. Çünki sənə müraciət edən valideynlərin istədiyini başa düşməlisən. Buna görə də ilk olaraq studiyanın təmizliyi, səliqəliliyi öndə getməlidir. Daim bu studiyaya uşaqlar gəlir. Uşaqlarla işlədiyim üçün təmizliyə özüm nəzarət edirəm. Uşaq fotosessiyasına ötən qışdan başlamışam. Bir müştərim var idi. Onun toyunun, xınasının fotosesiyasını mən edirdim. O dedi ki, mənim övladımın fotosessiyasını sən edəcəksən. Mən imtina etdim, o isə dönə-dönə israr etdi. Fotosessiya üçün bir-iki aksesuar aldım və çəkməyə başladım. Həmin uşağı çəkəndən sonra gördüm ki, bu sahəyə tələbat var. Sonra düşündüm ki, uşaqlarla işləmək üçün ilk növbədə isti studiya, təmiz xalçaya ehtiyac var. Əvvəllər biz kimin evinə fotosessiyaya gedirdiksə, bir çemodan aksesuar, bir çemodan geyimimizi, fonlarımızı aparırdıq. Uşaq fotosessiyasını evdə edəndə, bu, valideynlər üçün çox rahat olur. Uşaqlar üçün studiya açmağımın səbəbi isə mənim öz övladlarım oldu. Oğluma yaxşı baxıcı tapa bilmirdim. Ümumiyyətlə, ana oldunsa, harada işləməyinin fərqi yoxdur. Gərək iki gözün övladının üstündə olsun. Nəzarətsiz qalanda, uşağın tərbiyəsində, sağlamlığında problemlər yaranır. Məhz bu səbəblərə görə, evimin yaxınlığında studiya icarəyə götürdüm. Əslində, dekabra qədər toylara getmişəm. Ancaq o şəkillərin heç birini öz səhifəmdə paylaşmamışam. Düşündüm ki, daha çox toy paylaşsam, məndən toy şəkilləri tələb edəcəklər. Mən də özümü saxlaya bilməyəcəyəm (gülür). Əslində mən bu işi pul qazanmaq üçün etmirəm, peşəmi sevirəm. Uşaqları çəkəndə həm dincəlir, həm də zövq alıram. Görürəm ki, uşaqlarla işləmək mənim üçün daha rahatdır.

- Dekorasiyaları haradan əldə edirsiniz?

- Türkiyəyə gedəndə paltardan çox, beynimdə canlandırdığım obrazlara uyğun aksesuar axtarıram. Harasa gedəndə yolüstü oradan alıram. Bəzilərini isə internet üzərindən sifariş verirəm. Dekorasiya və uşaqların geyimləri üçün xüsusi dərzi və toxucum da var.

- Aksesuarlarınızı kirayə verirsinizmi?

- Studiyaya məxsus olan heç nə kirayəyə verilmir. Dekor işlərini yoldaşım həll edir. Həyat yoldaşımın hazırladığı dekoru aparıb özləri quraşdırırlar. Fonlarımız 100-dən çoxdur. İndi bir yaşa qədər olan uşaqları və bayram ərəfələrində daha çox fotosessiya etdirirlər. Bir yaşında olan uşaqlar üçün metryarım fonlarımız var. 

- Kaprizli müştəriləriniz olubmu?

- Kaprizli müştərilərim olmayıb, pinti müştərilərim olub. İkinci dəfə onların studiyaya gəlməsi üçün onların zənglərinə cavab verməmişəm (gülür). Çalışmışam ki, müştərilərimi razı salım. Problem axtaran onsuz da hər yerdə tapacaq. 
Mən məzuniyyət albomu işləmirəm. Çünki "venetka" işləyəndə məcbursan ki, kollektiv şəkil çəkəsən. Bu da çox çətindir. Kollektivi razı salmaq çətin məsələdir. Ancaq fərdi şəkildə işləyəndə onun əsas komplekslərinin nədən ibarət olduğundan xəbərdar oluram. Mən müştəridən ilk olaraq nəyə kompleks etdiyini soruşuram. Bəziləri təbiiliyi seçir, bəziləri isə üz cizgilərində nəyisə bəyənmir. Onları bir balaca kiçiltməyimi istəyir. Bir də çox zaman oğlanlar öz sevgililərini oğlan fotoqraflara qısqanırlar. Qızlar da bu səbəblərə görə, daha çox xanım fotoqraflara müraciət edirlər. 

- Qeyd etdiniz ki, musiqi ilə məşğul olmusunuz. Şəkil çəkən zaman mahnı oxuyursunuzmu?

- Uşaqların şəklini çəkmək üçün onlara min dil tökürük. O mahnı qalmır ki, oxumayaq. Artıq uşaq mahnılarını əzbərləmişəm. Çünki evdə iki övladım var. Böyük oğlum televizordan musiqilər dinləyir. Evdə oğlum üçün özüm də oxuyuram. Görürəm ki, onun da həvəsi var. Uşaqlar daha çox köhnə mahnıları sevirlər.

- Öz övladlarınızı necə, fotosessiya edirsinizmi?

- Ümumiyyətlə, bizim ailədə şəkil çəkdirmək problemi var. Təsəvvür edin, mənə sənəd şəkli lazımdır, ancaq bir dənə də olsun şəklim yoxdur. Böyük oğlum şəkil çəkdirməyi sevmir, mən də onu incitmirəm. Əgər uşaq şəkil çəkdirməyi sevmirsə, ona əziyyət vermək olmaz. Bunu müştərilərimə də deyirəm. Ümidim kiçik oğlumadır, o da hələ 1 aylıqdır. Valideynlər bizə uşaqların çılpaq şəklini çəkməyə icazə vermirlər. Bunu öz övladıma tətbiq edirəm, ancaq o da çox balacadır. 

- Köməkçiləriniz varmı?

- Hazırda Sevinc xanım mənə kömək edir. Ancaq bir sıra fotoqraflarla əməkdaşlıq edirik. Toylara gedəndə, özümlə bir oğlan aparıram. İstəmirəm ki, mənim adıma söz deyilsin. Hara gedirəmsə, çalışıram ki, ailəmə söz gətirməyim. 

- Şou əhlindən kimlər sizə müraciət edib?

- Bir sıra sənət adamları bizə müraciət edib. Onlardan Ceyhun Əliyev, aparıcı Aynur Hacıyeva, Günel Hümbətova, "Qala" qrupunun üzvi Elvin və digər sənət adamlarının fotosessiyalarını etmişik. "Azvision" saytında "Miss Media" layihəsində fotoqraf kimi də çalışmışam. Orada bir sıra jurnalist və sənət adamlarını çəkmişik. 

- Bəs qiymətlər necə, münasibdirmi?

- Əlbəttə. Qiymətlər razılaşma yolu ilədir, hər bir müştəriyə münasibdir. 
Ümumiyyətlə, mən bu sahədə çalışdıqdan sonra anladım ki, Azərbaycanda uşaq fotoqrafı yox imiş. İndi hər əlinə fotoaparat alan özünü fotoqraf elan edir. Amma hər fotoqraf uşaq fotosessiyası ilə məşğul ola bilməz. Mənim özümün də həsəd apardığım fotoqraflar var. Qeyd edim ki, işıq olmayan yerdə şəkil yoxdur. İstəyir fotoaparatın milyonluq olsun, işığın yoxdursa, şəklin alınmayacaq. 

Kaspi.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.