Qlobal iqtisadi böhrandan yaxa qurtarmağın özəlləşdirmə üsulu

İlham Əliyev: "Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir"

"İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatın aparılması mümkün deyildir" - bu fikir Heydər Əliyevin 1995-ci il iyulun 30-da "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı"nın təsdiq olunması üçün Milli Məclisə ünvanladığı müraciət məktubundandır.

Ulu Öndər çox böyük uzaqgörənliklə dövlət əmlakının özəlləşdirilməsinin mühüm əhəmiyyətini göstərərək bu işin Azərbaycanda da başlanmasının tərəfdarı idi. Bu prosesə ölkəmizdə də başlanıldı və həmin vaxtdan indiyə qədər bu istiqamətdə uğurlu işlər görüldü. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı iki dövlət proqramı icra edildi.

"Həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik"

Bu ilin  əvvəlində Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə ölkə başçısı üçüncü geniş özəlləşdirmə proqramı hazırlanması ilə bağlı müvafiq göstərişlər verildiyini bildirmişdi: "Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır.

Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artıb. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər".

Yeni özəlləşdirmə proqramının məqsədi...

Bir neçə gün öncə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2016-cı ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. ƏMDK-in sədri Kərəm Həsənov  müşavirədə çıxışında bildirib ki, dövlət başçısı tərəfindən sosial-iqtisadi inkişafın yeni mərhələsində ölkədə özəlləşdirmə prosesinin sürətlənməsi və yeni özəlləşdirmə proqramının hazırlanması ilə bağlı tapşırıqlar verilib. Bununla bağlı artıq Komitə tərəfindən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin III Dövlət Proqramı"nın layihəsi hazırlanıb, Prezidentin Administrasiyasına və hökumətə təqdim edilib.

K.Həsənov deyib ki, yeni özəlləşdirmə proqramının hazırlanması ilə bağlı dünyada "Böyük Dördlük" kimi tanınan (KPMG, PwC, "Ernst & Young" və "Deloitte & Touche") beynəlxalq məsləhətçi şirkətləri ilə birgə işlər aparılıb. O qeyd edib ki, yeni özəlləşdirmə proqramının başlıca məqsədi iqtisadi aktivliyin artırılması, büdcə yükünün azaldılması və bu prosesdə şəffaflığın daha da artırılmasıdır.

"Özəlləşmənin ölkə iqtisadiyyatında böyük əhəmiyyəti var"

Millət vəkili Vahid Əhmədov deyir ki, Azərbaycanda müəssisələrin 80 faizdən çoxu özəldir, dövlət müəssisələri çox az qalıb. Amma müəyyən müəssisələr var ki, onların tərkibində özəlləşdirmə prosesi aparmaq lazımdır: "Ölkə başçısı ilin əvvəlində islahatlarla bağlı göstəriş verəndə özəlləşdirmə məsələsini də diqqətə çatdırdı. Bununla bağlı xüsusi proqram işlənib hazırlanması ilə tapşırıq verdiyini dedi. Bu sahədə artıq iş aparılır, özəlləşdirilməsi mümkün olan dövlət müəssisələrini araşdırırlar. Yəqin ki proqram hazır olandan sonra açıqlanacaq".

Millət vəkili deyir ki, dövlət əhəmiyyətli xüsusi müəssisələri özəlləşdirmək olmaz. Amma dövlət üçün strateji əhəmiyyət kəsb etməyən sahələrin özəlləşdirilməsi yaxşı olar. Çünki özəlləşmədən dövlət büdcəsinə xeyli vəsait daxil olur: "Həm də xarici investorlar bu işdə iştirak edirlər, ölkəmizə investisiya yatırırlar. Özəlləşmənin ölkə iqtisadiyyatında böyük əhəmiyyəti var. Yəqin ki, üçüncü özəlləşmə proqramı həyata keçiriləndə biz bunun şahidi olacağıq".

Qapısı qıfıllanan özəlləşdirilən müəssisələrlə bağlı iş aparılacaq

V.Əhmədov deyir ki, dövlət əmlakının özəlləşdirməsi və torpaq islahatı ölkəmizdə H.Əliyevin hakimiyyətə qayıdışından sonra paralel şəkildə getdi. Bu iki işin Azərbaycan iqtisadiyyatında böyük təsiri olub: "1991-ci ilin 31 dekabrında biz Milli Məclisdə iclas keçirdik. Həmin iclasda qərara alındı ki, Azərbaycan bazar iqtisadiyyatı rejiminə keçir. Bu sistemə keçəndən sonra özəlləşdirmə ilə bağlı qanun qəbul edildi və faktiki olaraq özəlləşdirmə işi aparıldı. Özəlləşmədə Azərbaycanda çox böyük səhvlər oldu. Çünki ölkəmizdə ictimai-siyasi vəziyyət gərgin idi, Azərbaycanın müstəqilliyini qoruyub saxlaması çox çətin idi. Amma digər tərəfən bu proses gedirdi. Həm torpağın, həm əmlakın özəlləşdirilməsində bir sıra insanlar külli miqdarda əmlaka, torpağa sahib oldular".

Millət vəkili onu da bildirdi ki, özəlləşdirilən amma fəaliyyəti dayanan müəssisələrin işləməsi üçün müəyyən işlər görülməsinə başlanılacaq: "Ölkə başçısının son zamanlar göstərişi var ki, torpağın varsa, mütləq əkilməlidir. Parlamanetin iqtisadi-siyasət komitəsinin iclasında bir neçə gün öncə cərimə də qəbul etdik ki, kim torpağını əkmirsə, bir hektara 1000 manat cərimə edilsin. Müəssisələr də belədir. Azərbaycanda bu gün özəlləşdirilən elə obyektlər var ki, işləmirlər. Qapısı qıfıllanıb. Onların da fəaliyyətinin bərpa olunması üçün iş aparılacaq. Onlar ya işlədilməlidir, ya da qaytarılmalıdır ki, istifadə edilsin".

"ÜDM-də özəl sektorun payı 80 %-dən çox hissəni təşkil edir"

İqtisadçı Pərviz Heydərov deyir ki, bazar iqtisadiyyatı şəraitində dövlət sektorunun payı mümkün çərçivədə minimum səviyyədə təşkil etməli və onun əsas funksiyası yalnız tənzimləyici xarakter daşımalıdır: "Bu funksiyanı yerinə yetirmək üçün isə kifayət qədər vasitələr var. Məsələn, bunlardan biri və ən mühümü fiskal siyasətidir. Fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunan mexanizm sayılır".

İqtisadçı deyir ki, ölkəmizdə bu gün istehsal olunan ÜDM-də özəl sektorun payı artıq, çoxdan 80 %-dən çox hissəni təşkil edir. Bununla belə, dövlət iqtisadiyyatdan tam olaraq "əlini çəkmiş" sayılmır: "Yenə də təsərrüfat fəaliyyətinin yekunlarına görə bilavasitə dövlətin məsuliyyət daşıdığı müəssisə və subyektlər var. Eyni zamanda, dövlətin kredit və sair öhdəliklərinə sonda cavabdeh olmaq məcburiyyəti qarşısında qaldığı subyektlər mövcuddur. Bu, təəssüf doğurur. Əgər, dövlət büdcəsindən subsidiyalaşmaya və dotasiya elementlərinə son qoyulmasa, iqtisadiyyatı hər tərəfli şəkildə inkişaf etdirmək mümkün deyil. Bunun üçün isə 3-cü özəlləşdirmə tədbirlərinin həyata keçirilməsinə ciddi ehtiyac var".

"3-cü özəlləşdirmə mütləq vacibdir"

P.Heydərovun sözlərinə görə, Azərbaycanda bu gün özəlləşdirilə bilinən və hətta, bunun vacib sayıldığı sahə və müəssisələr çoxdur. Eyni zamanda, hazırkı qlobal iqtisadi böhrandan yaxa qutarmaq üçün də özəlləşdirmə istifadə olunması vacib sayılan mühüm bir vasitələrdən biri sayılır: "Həmçinin, daxili borclanmanın, qarşılıqlı ödəməmələr problemin birdəfəlik həlli üçün də çıxış yolu hesab edilir. Qısa desək, özəlləşdirmə yeni iqtisadi inkişaf yoluna dair modelin yaradılması işində bir növ əsas elementlərdən birini təşkil edir.

Bu gün neftə görə dövlətimizin gəlirləri azalıb. Və o da məlumdur ki, neft gəlirləri olmasa, yəni bilavasitə Neft Fondundan dövlət büdcəsinə transfert həyata keçirilməsə sosial ödənişləri icra etmək mümkün deyil. Üstəlik, dövlət öz vəsaitləri hesabına investisiyalar həyata keçirtmək, hətta iqtisadiyyatın bəzi sahələri üzrə müxtəlif xarakterli daxili və xarici borc öhdəliklərini də yerinə yetirməklə məşğuldur ki, bu işdə əsas yük məlum olduğu kimi SOCAR-ın üzərinə düşür. Odur ki, 3-cü özəlləşdirmə mütləq vacibdir".

"Tezliklə yeni dövlət aktivləri - müəssisə və təsərrüfat subyekləri satışa çıxarılacaq"

İqtisadçı deyir ki, I Dövlət özəlləşdirmə proqramı 1995-ci ildə qəbul edilib və 2000-ci ilədək həyata keçirilərək başa çatdırılıb. Həmin ilin avqustunda "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanun qəbul edilib və II Dövlət özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanılıb: "İndiyədək 50 mindən çox "kiçik" özəlləşdirilmiş obyekt, o cümlədən avtonəqliyyat vasitəsi, eləcə də 1600 səhmdar cəmiyyəti satılıb. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu günlərdə 2016-cı ilin ilk rübü ərzində özəlləşdirmə barədə hesabat açıqlayıb ki, buna əsasən, 70 obyekt, qeyri-yaşayış binası, yarımçıq tikili və 125 özəlləşdirilmiş və özəl müəssisə və obyektlərin altındakı torpaq sahəsinin satıldığı deyilir".

Daha hansı istiqamətdə özəlləşdirilmələrin aparılmasına ehtiyac olmasına gəlincə iqtisadçı dedi ki, bu sahədə üçüncü dövlət proqramının hazırlanır: "Prezident İlham Əliyev yanvarın 18-də keçirilən müşavirədə bildirdi ki, ölkədə geniş özəlləşdirmə proqramının hazırlanması haqda göstəriş verib. Bu isə o demək idi ki, tezliklə yeni dövlət aktivləri - müəssisə və təsərrüfat subyekləri satışa çıxarılacaq. ƏMDK-nin artıq, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin III Dövlət Proqramı" layihəsini hazırladığı bildirilir. Sənədin hətta, Prezident Administrasiyasına və Hökumətə təqdim edildiyi də deyilir".

Əmlaklarının 40-49 % hissəsi tezliklə satışa çıxarılmalı olan qurumlar

P.Heydərov onu da bildirdi ki, bütün bunlar haqda tam təfsilatı ilə hələ məlumatı yoxdur: "Odur ki, yalnız öz fikrimi deyə bilərəm ki, bu dəfə Azərenerji, Azərsu, AZAL, Azəristiliktəchizat, Azəryolservis, nəqliyyat dəhlizinə aid olmayan avtomobil, dəmir yollarının böyük bir hissəsi, Xəzər dəniz gəmiçiliyi özəlləşdirilsə, daha yaxşı nəticələr əldə etmək mümkündür. Elə şərait yaratmaq lazımdır ki, xarici və yerli investorlar budəfəki özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər.

Ümumiyyətlə, qarşıda planlaşdırılan geniş özəlləşdirmə planı kommunal xidmət sahələrindən start götürməklə iqtisadiyyatın bütün sahələrini əhatə etməli, prosesdən həm dövlət büdcəsinə böyük məbləğdə vəsaitlər daxil olmasını, həm iqtisadiyyatda canlanma əldə etməyi, həm ölkəyə xatici investorların gəlməsini, həm idarəetməni təkmilləşdirməyi həm də dayanıqlı inkişaf əldə etməyi təmin etməli olduğundan, adlarını çəkdiyimiz qurumların əmlaklarının azı 40-49 % hissəsi tezliklə satışa çıxarılmalıdır".

Xəyal Abdullayev

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir