Aktyor Murad Yagizarov: "Ayrılanda ağlaya-ağlaya ayrıldıq"

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке

Hacı Murad Yagizarov kişi ilə qadın münasibətləri, Ələsgər Ələkbərov, valideynləri, çəkilişlərdəki kadrarxası məqamlar, dördayaqlılarla dostluğu, həmkarlarına qarşı tələbkarlığı və s. barədə Milli.Az-a danışdı.

Dosye: Yagizarov Hacı Murad Hacı Əhməd oğlu 1939-cu il iyulun 18-də Bakıda dünyaya gəlib. 1957-ci ildə orta məktəbi bitirib. 1957-58-ci illərdə "Azərbaycanfilm"in istehsalı olan "Ögey ana" filmində çəkilib. 1958-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. 1962-ci ildə bu ali məktəbi bitirəndən sonra S.Vurğun adına Rus Dram Teatrında aktyorluq fəaliyyətinə başlayıb. Ötən əsrin 60-70-ci illərində teatrın səhnəsində qoyulan "Sən niyə yaşayırsan?", "Həyat necə də qısadır", "Pik saatı", "Öz yolunla" və digər tamaşalardakı rolları onun özünəməxsus dəst-xəttinin başlanğıcı olub. Bu dəst-xətt isə "Valentin və Valentina"da Qusev, "İvanov"da doktor Lvov, "Qumluqdakı ev"də Eldar, "Aydın"da Dövlət bəy, 80-ci illərdə ilk dəfə rus dilində "Şeyx Sənan"da Şeyx Sənan, "Arzu tramvayı"nda Stenli Kovalski və bugünkü günədək Azərbaycan və dünya ədiblərinin 200-dən çox dolğun səhnə təcəssümü deməkdir.

Azərbaycandan başqa, H.M.Yagizarov Çexiyada, Gürcüstanda, Almaniyada 40-dan çox filmə də çəkilib. Aktyor 1974-cü ildə əməkdar artist, 1982-ci ildə xalq artisti adlarını alıb, 1986-cı ildə Dövlət Mükafatına layiq görülüb.

Onunla "Böyük dayaq" ekran əsərinin 50 illiyi səbəbində görüşdüm. Bir ayağı Almaniyada olan sənətkarla portret-müsahibə hazırlamasam, fürsəti əldən vermiş olardım. Həm də Murad müəllimin özü də bu ovqata köklənmişdi.

"O aşıq, deyəsən, bununla barışmaq istəmirdi"

- Həbib İsmayılov "Ögey ana"da olduğu kimi, "Böyük dayaq" filmində də məni sınaq çəkilişindən keçirmədən bu rola təsdiq etdi. Özü də zarafat elədi ki, bu filmdə səni böyütmüşəm, orada çobanı oynayırdın, amma burada partiya təşkilatının sədrisən, hələ üstəlik, istəklin də var, sazda çalıb-oxumağın da.

- Həmin vaxt həyatda seçib-sevdiyiniz vardımı?

- Bəli, əlbəttə. Hətta artıq dostluq etdiyim, o vaxt bu münasibətlər belə adlanırdı, həmin qızla ayrılmışdıq da. İstənilən halda münasibətlər əvvəl dostluq üzərində qurulmalıdır. Sonra bəyəndiyim qızla ailə həyatı qursam da, bir müddətdən sonra ayrılmalı olduq. Amma indiki həyat yoldaşımla otuz bir ildir, gözəl ailə həyatı yaşayırıq. Övladlar, nəvələr məni düzgün başa düşsünlər: istər qadın üçün, istərsə də kişi üçün ən yaxın adam ömür-gün yoldaşıdır.

Qayıdaq filmə. Filmin pavilyon çəkilişləri Bakıda, natura çəkilişləri isə Tovuzda aparılırdı. Təəssüf ki, sazda çalmağı öyrənmədim, filmdə yalnız imitasiya edirdim. Amma mahnını oxuyurdum. Əlbəttə, mənim səsim yazıla bilməzdi, çünki baritondu, aşığın səsi isə gərək zil olsun. Bir dəfə mənim yerimə səsi yazılan aşıq rejissora dedi ki, Həbib müəllim, niyə mən oxuyuram, amma onu çəkirsiz, olmaz ki, elə özüm oxuyum, özüm də çəkilim? Həbib müəllim də onu başa salmağa çalışdı ki, o, aktyordur, sən isə aşıqsan, hər kəs bir işi bacarır. Amma o aşıq, deyəsən, bununla barışmaq istəmirdi.

Sözsüz ki, o cür çəkiliş qrupuna düşmək hər bir aktyorun arzusuydu. Ələsgər Ələkbərov başda olmaqla Nəsibə Zeynalova, Həsən Məmmədov kimi aktyorlarla tərəf-müqabil olmaq çox xoş idi. Ələsgər Ələkbərov haqqında ayrıca danışmaq istəyirəm, çünki məni kinoya gətirən o olub.

"Ələsgər Ələkbərov mənə bir şillə çəkdi, sonra da özünü saxlaya bilməyib ağladı"

- Bildiyimə görə, qohumluğunuz da çatır.

- Bəli, uzaq qohumumuzdu, həm də mənim əmimlə qan qardaşı idilər. Amma onun haqqında belə ruh yüksəkliyi ilə danışmağım sırf bu insanın şəxsiyyəti və sənəti ilə bağlıdır. Doğrudan da, qeyri-adi insan idi. Onun sənətkarlığı tamaşaçılara necə təsir edirdisə, adi həyatda da o cür parlaq şəxsiyyət idi. Mənim aktyorluq sənətini seçməyimə onun tamaşaları çox təsir etmişdi. O, bir istedad dağı idi. Yadıma gəlir ki, institutu bitirəndən sonra bu teatrda ilk dəfə "Остров Афродиты" ("Afroditanın adası") tamaşasında səhnəyə çıxanda o mənə necə dayaq olmuşdu. Təsəvvür edirsiz, tamaşa qurtaranda Ələsgər Ələkbərovun "bravo" deyərək alqışladığını görəsən!.. Sonra isə səhnə arxasına gəlib dedi ki, çox sağ ol, oğlum, səndə mən öz cavanlığımı görürəm. Bu sözlər mənə həm böyük mənəvi güc verdi, həm də valideynlərimin mənim seçimimə, dram dərnəklərinə elə-belə getməməyimə əminliklərini artırdı.

Həmişə valideynlərimin qarşısında mənə görə bir növ cavabdehlik hiss edirdi. "Ögey ana" filminin çəkilişlərində bir-iki gənc başqa bir atı göstərib dedi ki, sən elə neçə vaxtdır, eyni ata minirsən, gəl bir az da bu atı sür. Mən də onların yanında xar olmamaq üçün razılaşdım. Baxmayaraq ki, o qədər də yaxşı atçapan deyiləm, ata mindim. Atlar isə bunu dərhal hiss edirlər. Nə isə, atın üstünə oturan kimi o elə götürüldü ki, uçurumun kənarında yüyənini çəkib birtəhər saxlaya bildim. Yadıma düşdü ki, atı ram eləmək üçün gərək onu yorasan. Ona görə də onu dağa dırmaşdırmağa başladım. Həmin oğlanlar isə atın məni uçurumun kənarına apardığını görüb qorxmuş, gedib Ələsgər Ələkbərova xəbər vermişdilər. Mən qayıdanda elə yorulmuşdum ki, atdan güclə düşdüm. Ələsgər Ələkbərov bu vəziyyətdən elə həyəcanlanmışdı ki, mənə bir şillə çəkdi, dedi ki, bir iş görəndən əvvəl fikirləşmək lazımdır. Sonra da özünü saxlaya bilməyib ağladı.

"Aktyor yalnız mənəm"

- Deməli, valideynləriniz aktyor olmağınızı istəmirdilər? Ata-ananız, bacı-qardaşlarınız haqqında bir az danışa bilərsiniz?

- Daha çox atam aktyor olmağımı istəmirdi. O, dağıstanlıdır. Ata qohumlarım arasında zərgərlər, diş həkimləri çoxdu. İstəyirdi ki, mən də bu sənətlərdən birinin dalınca gedim. Anam Tamara xanım Əliyevanın əsli isə Şamaxı xanlarındandı, Mahmud ağa ulu babamdı. Anam qida sənayesi nazirinin müavini vəzifəsinə təyin olunmuşdu. Belə yüksək vəzifədə çalışan ilk azərbaycanlı qadınlardan idi. Biz anamla valideyn-övlad olmaqdan savayı, dost, sirdaş idik. O, həmişə mənim tərəfimdə olurdu. Aktyorluq sənətini seçəndə də məni anlamışdı. Mən onun tək övladı olmuşam. Valideynlərim ayrılandan iyirmi il sonra atamın ikinci nikahında bir qardaşım oldu. Qardaşımı da, onun uşaqlarını da çox istəyirəm.

- Deyəsən, ailədə aktyorluq sənətini seçən bircə sizsiniz. Amma qızınız buna yaxın sahədədir.

- Elədir, aktyor yalnız mənəm. Əmim qızı Alla Yagizarova bir müddət Gənc Tamaşaçılar Teatrında işləsə də, sonra Moskvaya köçdü, teatrdan uzaqlaşdı. Qızım isə Bakı Xoreoqrafiya Məktəbini bitirəndən sonra bir az teatrda çalışdı, məxsusi onun üçün "Edit Piaf" mono-tamaşası qoyuldu, "Yay və duman" ("Лето и дым"), "Все звезды" ("Bütün ulduzlar") tamaşalarında iştirak elədi. "Все звезды" tamaşasında Mirey Matyenin obrazını canlandırmışdı.

- Çəkildiyiniz filmlərə baxırsınız? Bu günün prizmasından o filmləri necə qiymətləndirirsiniz?

- Bəli, baxıram. Ümumiyyətlə, köhnə filmlərin əksəriyyətinə baxmağı xoşlayıram. O filmlərdə hər bir cəhət öz yerindədir - ədəbi material, aktyor oyunu, rejissor, operator, rəssam, bəstəkar işi, səs, montaj. O filmlərdə məna da var, məğz də. Ona görə də dəfələrlə baxılır, çünki onlardan nəsə götürmək imkanı var.

"Ayrılanda ağlaya-ağlaya ayrıldıq"

- O filmlərdə çəkilənə qədər Azərbaycanın bölgələrində olmuşdunuz?

- Yox, bölgələrimizlə tanışlığım çəkilişlər, sonra isə qastrollar sayəsində baş tutub. Son dərəcə xoş təəssürat oyatmışdı bu tanışlıq. Adamların mehribanlığına heyran olmuşdum. Bütün vaxtlarını sərf edərlər ki, təki səni razı salsınlar. "Ögey ana"da çəkiləndə İsmayıllını, "Böyük dayaq"da çəkiləndə Tovuzu, "Ulduz"da çəkiləndə Lənkəranı, "Arşın mal alan"da çəkiləndə Hacıkəndi gördüm.

- Məsələn, Tovuz rayonunda "Böyük dayaq"dakı qəhrəmanınız Şirzadın prototipinə rast gəlmədiniz ki?

- Təbii ki, müəllimlərimiz bizə müşahidə etməyi, müxtəlif obrazların prototiplərini həyatda axtarmağı öyrətmişdilər. Amma o müşahidələri ehtiyatda saxlayıb lazım olanda istifadə etmək üçün təcrübə lazımdı. O vaxt isə çox gənc olduğum üçün belə bacarığım yox idi. Rejissor məndən nə tələb edirdisə, onu da yerinə yetirirdim. Yeri gəlmişkən, "Böyük dayaq"da mənim sürdüyüm Xrom adlı at da mənim naşı olduğumu bildiyi üçün tez-tez arxaya dönüb dizimi dişləmək istəyirdi. Mən də ciblərimə hər dəfə çoxlu qənd doldururdum, o, hər dəfə arxaya çevriləndə ağzına qənd qoyurdum.

At saxlanan yer bizim qaldığımız qonaq evinin arxasında idi. Hər gün səhər tezdən durub Xromu aparıb çayda çimizdirirdim. Qaşovla bədənini yaxşı-yaxşı yuyurdum, yalını darayırdım, o da xoşhallanırdı. Çox gözəl at idi. Mehtər isə deyirdi ki, bunu belə öyrəşdirirsən, sən gedəndən sonra neyləyəcəm? Çəkilişlər qurtarana qədər Xrom əməlli-başlı mənə isinişmişdi. Çağıranda səsimə hay verirdi. Ayrılanda isə gördü ki, məni ağlamaq tutub, onun da gözündən yaş gəldi. Təsəvvür edirsiz? Ümumiyyətlə, at çox fərqli canlıdır. Düzdür, deyirlər, it insanın dostudur, amma at lap vəfalıdır, şüuru daha inkişaf etmiş səviyyədədir, sahibinin əsl dostu olur, heç vaxt darda qoymur. Keçmiş dövrlər olsaydı, mütləq at saxlayardım.

- Görünür, dördayaqlılarla dil tapmağı bacarırsınız. Evdə hansısa heyvan saxlayırsınız?

- Saxlamışam. Yaxşı itim var idi. Çox mehriban köpəkdi. On dörd yaşına çatanda xəstələnmişdi, ona ürəyim elə yanırdı ki, fikirləşirdim, kaş, kömək edə biləydim. Öləndə bizə çox pis təsir etmişdi. Elə bil, ailəmizin bir üzvünü itirmişdik. Basdıranda da əməlli-başlı basdırdıq, hətta şəklini vurdurduq başdaşına. İndiyə qədər də qəbrinin üstünə gedib şam yandırırıq.

- Maraq dairənizdə daha nələr var? Filmlərdən, tamaşalardan asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Cavanlıqda idmanla məşğul olmuşam, hətta boks üzrə Bakı və respublika çempionu adını da qazanmışdım. Mütaliə etməyi çox sevirəm. Hazırda isə xatirələrimi kitab şəklində qələmə alıram. "Memuar" sözünü o qədər də xoşlamıram. Amma düşündüm ki, bu sənətdə o qədər peşəkarlarla ünsiyyətim, əməkdaşlığım olub, o qədər müşahidələrim var ki, bunları mütləq yazmaq lazımdır.

"Geniş tamaşaçı kütləsi qarşısında loru dildə danışmaq olmaz"

- Həmkarlarınıza qarşı çox tələbkarsınız?

- Bəli, çünki özümə qarşı tələbkaram. Heç kim məni intriqan olmaqda, bəziləri kimi əxlaq normalarına etinasızlıqda qınaya bilməz. Buna görə də hamı mənə hörmət edir. Mən heç tamaşadan əvvəl lətifə danışıb şənlənməyi də xoşlamıram. Teatra da həmişə tamaşadan saat yarım əvvəl gəlirəm. Belə də olmalıdır. Gərək tamaşadan əvvəl tamamilə onun ovqatına köklənəsən, güzgünün qarşısında qrimlənə-qrimlənə obrazınla təkbətək qalasan. Teatr aktyoru üçün birinci yerdə teatr olmalıdır, sonra əlavə işlər.

- Hələlik yalnız üç tamaşada məşğulsunuz?

- Bəli, bizim teatrda qoyulmuş "Волки и овцы" ("Qurdlar və qoyunlar"), "Ролс-ройс ее величества" ("Ülyahəzrətin rols-roysu"), "Pro-Cent" Prodüser Mərkəzinin "Следующий" ("Növbəti") tamaşalarında. İlin bütün aylarında Bakıda olmadığım üçün yalnız mənim üzərimdə qurulan tamaşa qoymaq mümkün olmur.

- Tamaşaçılarınız barədə nə deyə bilərsiniz?

- Sözsüz ki, tamaşaçı dəyişib. Artıq yeni tamaşanın premyerasının 30 dəfə baş tutduğu vaxtlar keçib. Amma bizim teatrın tamaşaçı problemi heç vaxt olmayıb. Hətta komendant saatı olanda da tamaşaların vaxtını həmin rejimə uyğunlaşdırmışdıq. Artıq hava qaralanda tamaşaçılarımız Rus Dramasına üz tuturdular.

- Bəs Almaniyada yaşayan azərbaycanlı və sənət adamı kimi hansısa fəaliyyətiniz var?

- Bir neçə il əvvəl Mirzə Xəzər Münhendə "Azadlıq" radiosunda çalışanda mənimlə "Dostlar Evi"ndə görüşmüşdü. Mən də ermənilərin iyirmi faiz ərazimizi işğal etmələrindən, bir milyondan artıq azərbaycanlının tarixi məskənlərindən didərgin salınmalarından, şəhidlərimizdən danışmışdım. Onda o mənə təklif etmişdi ki, qalıb radioda işləyim, Azərbaycan həqiqətlərini dünyaya çatdırım. Özümə, ailəmə ən yaxşı şərait yaradılacaqdı. Amma razılaşmadım, dedim ki, vətənim indi ən ağır günlərini yaşayır, bəlkə elə bir vəziyyət yarandı ki, mən də əlimə silah alıb doğmalarımı müdafiə etməli oldum? Ona görə o vaxt Azərbaycanı tərk etmədim.

Sənət adamı kimi isə Almaniyada üç bədii filmdə çəkilmişəm, "Şpeyer və O", "Şübhə altında" və Almaniyada fəaliyyət göstərən azərbaycanlı rejissor Elmar İmanovun "Məkkə" filmlərində. Bir neçə il əvvəl belaruslu aktyorla tamaşa hazırlamışıq. Oradakı müvəkkilim həmişə deyir ki, əgər siz alman dilində rus dilində danışa bildiyiniz səviyyədə danışsanız, bir gün də bekar qalmazsınız, çünki peşəkara və yeni simaya burada ehtiyac var. O filmlərdə mən rusdilli rollara çəkilmişəm. Orada film çəkiləndən sonra səsyazma olmur, elə çəkiliş vaxtı hər aktyorun öz səsi lentə alınır. Rolu alman dilində oynamaq üçün gərək təmiz ədəbi dildə danışasan, kifayət qədər söz ehtiyatın olsun. Mən özüm bu cəhətə çox fikir verirəm. Məsələn, bir dəfə televerilişlərin birində yarım saat azərbaycan dilində danışmalıydım, dedim ki, vaxt verin, hazırlaşım. Veriliş efirə gedəndən sonra kim məni görürdüsə, deyirdi ki, heç bilməzdik ki, Azərbaycan dilində belə gözəl danısırsan. Geniş tamaşaçı kütləsi qarşısında loru dildə danışmaq olmaz.