Ramiz Həsənoğlu: "Bu “niyə”nin cavabını tapmaq istərdim" – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti Ramiz Həsənoğlunun Milli.Az-a müsahibəsi.
 

Dosye: Ramiz Həsənoğlu aprelin 13-ü 1946-cı ildə İrəvan şəhərində, əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevlə, milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb. 1948-ci ildə İrəvan teatrının kollektivi Azərbaycana üz tutub. 2 yaşlı gələcək rejissor valideynləri ilə birgə Gəncə şəhərində yaşamağa başlayıb. 1956-cı ildə Mirzəyevlər ailəsi Bakıya köçür. Ramiz Həsənoğlu 1965-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olur.

1966-cı ildən Az.TV-də rejissor köməkçisi kimi çalışmağa başlamaqla Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi sənətkarlardan bu sənətin sirlərini öyrənmək şansı qazanır. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasındakı təhsilini 1978-ci ildə uğurla başa vurur.
 

Rejissor Azərbaycan televiziyasının tamaşaçılarına onlarla gözəl televiziya tamaşası nümunələri (həmçinin ilk telemüzikl olan "Ordan-burdan" və "Humay" mükafatına layiq görülmüş "Ac həriflər") hədiyyə edib. R.Həsənoğlu özünü teatrda və böyük kinoda da sınayıb.

1993-cü ildən bu günə kimi Azərbaycan televiziyasında "Sabah" Eksperimental Yaradıcılıq Emalatxanasına rəhbərlik edir.

R.Həsənoğlu 2006-cı ildə xalq artisti fəxri adına layiq görülüb.

"Teletamaşalar" rubrikasında növbəti söhbətin vizual effektini Ramiz müəllimin düşüncələrinin əyani ifadəsi üçün baxmağı təklif etdiyi kiçik bir videofilm təmin etdi. Film çağdaş gəncliyin istər məlumatlanmaq, istərsə də münasibətlər qurmaqda virtual təması canlı ünsiyyətdən üstün tutmasını yarıqrotesk, yarıgerçək tərzdə əks etdirirdi. Amma bu barədə bir qədər sonra...
 

- Gəlin, kino və televiziya sahəsində az-az rast gəlinən uğurlu davamlardan biri olan 1982-ci ildə çəkilmiş "Evləri köndələn yar" tamaşasının davamı olaraq 2010-cu ildə yaranmış "Evləri göydələn yar" layihəsindən danışaq ki, uğurlu davamlar davam etsin.

- Bütün davamlar adətən uğursuz olur. "Evləri göydələn yar" barədə düşünəndə adam istəyir ki, bəzi məqamlar başqa cür olsun, məsələn, Səyavuşun yaddaşı yerində olsun, Yaşar daha çevik olsun, Kübra xanım daha cavan olsun. Amma nə yaxşı ki, o vaxt onları çəkdik. Bu tamaşanın ən uğurlu cəhəti elə ondadır ki, "Evləri köndələn yar"da tamaşaçıların ürəyinə yol tapmış aktyorların əksəriyyəti növbəti dəfə birlikdə çəkiliblər. Səhv eləmirəmsə, bu tamaşa Yaşarın çəkildiyi sonuncu ən uğurlu tamaşadı. Özünə tələbkar olan adam həmişə işində öyünməli yerləri yox, görünən tərəfdə görünməyən nöqsanları axtarır. Mən bütün işlərimə hər dəfə yenidən baxanda nöqsanları dərhal görürəm. Və əlbəttə, düşünürəm ki, bəzi yerləri dəyişmək pis olmazdı. Amma bu, mümkün deyil axı, o tamaşalar çəkiləndən sonra keçmişə aid olur, keçmişdə isə heç nəyi dəyişmək olmaz. Rejissora yalnız düşünmək qalır, çünki düşüncə keçmişlə gələcək arasında irəliyə aparan vasitədi və biz, sadəcə, düşüncəni nəzərə almalıyıq.
 

- İkinci tamaşada elə bir məqam oldu ki, birinci tamaşada nöqsan saydıqlarınızı burada yoluna qoydunuz?

- Yox, yox, mən "Evləri köndələn yar"la "Evləri göydələn yar"ı yanbayan qoymuram. Birinci tamaşa tamam başqa epoxanın, başqa ölkənin, başqa atmosferin məhsulu idi, o dövrün adamları tamamilə ayrı cür düşünürdülər. Həmin aktyorlar ikinci tamaşada çəkilsələr də, artıq fərqli şəxsiyyətlər idilər, düşüncə tərzləri o vaxtkı deyidi. Biz eyni tərkibdə yaradıcı heyət olsaq da, böyük bir təlatümün, nəhəng dəyişikliyin içindən keçib gəlmişdik. Ona görə hər şey fərqli idi...
 

- Bu tamaşa "Səni axtarıram"(1981), "Bağışla"(1983), "Səndən xəbərsiz"(1985) və "Yaşıl eynəkli adam 1-2-3"dən (1987, 1999, 2002) fərqli olaraq uzun bir müddətdən sonra ərsəyə gələn layihə idi. Yəqin ki, "Evləri göydələn yar"ın "Evləri köndələn yar"a layiq tərzdə baxımlı alınmasının səbəblərindən biri əhvalatın birinci televersiyasında iştirak edən əsas personajların ifaçılarının ikinci versiyaya da cəlb olunmasındadı. Fəxrəddin Manafovun ikinci tamaşada iştirakının baş tutmaması nə ilə bağlı oldu?

- (Cavabı bir qədər yubadır) Fəxrəddin çox qəribə bir söz dedi ki, mən öz qəhrəmanımla o illərdə qalmaq istəyirəm, bu dövrə gəlib keçmək istəmirəm. Bizim onunla çox isti münasibətlərimiz var, mən Fəxrəddinin şəxsiyyətinə, sənətinə, düşüncə tərzinə böyük sayğı ilə yanaşıram. Mənə elə gəlir, həmin rolda Ayşad Məmmədovun çəkilməyi ilə tamaşa qətiyyən uduzmayıb, onun baxımlılığını əskiltməyib.
 

- Razıyam... Bir neçə il əvvəl Rusiyanın "Kultura" kanalı 5 kiçikhəcmli teletamaşa ərsəyə gətirməklə teletamaşa janrına yeni həyat vermək istəsə də, "teletamaşa" anlayışının müasir teleməkanda yerini görməyən kanal rəhbərliyi belə təşəbbüslərdən vaz keçməli olub. Sizin bununla bağlı hansı düşüncələriniz var?

- Bəlkə də "Kultura" kanalı düz eləyib...
 

- Məncə, məzmunsuz "sabun operaları"nın heç olmasa, qismən əvəzinə zəngin, hətta bir sıra nümunələrinə görə keçmiş SSRİ-nin Mərkəzi Televiziyasının quruluşlarını geridə qoyan teletamaşa yaradıcılığı ənənəsinin müasir təqdimetmə formasını, retro təəssüratından uzaq kodunu tapmaq imkanları nəzərdən qaçırılmamalıdı.

- Zaman yerində durmur, insanların düşüncəsi, qavrayışı bir yerdə durmur. Düzdü, biz nostalji hisslərə köklənib köhnə filmlərə, teletamaşalara baxırıq, amma keçmişin teleestetikasının bu təzahürlərini yenidən görmək istəmirik. Yəni cəhd eləmirik ki, o tamaşalar yenidən yaransın.
 

- Niyə?

- Mən də bu "niyə"nin cavabını tapmaq istərdim. Mən də bu haqda fikirləşəndə bu sualın cavabını tapmıram. Məncə, "tamaşa" sözü bir qədər arxaikləşib. Əslində həmin teletamaşalar bir sıra yaranma şərtlərinə görə telefilmdi. Və indi o filmlər seriallar adı altında çəkilir. Sadəcə, alınan nəticə nə dərəcədə tamaşaçıya lazımdı, onun zövqünü cilalayırmı?
 

Mənim bu məsələyə münasibətim ikilidi. İndi telekanallarda böyük canlanma var, bir-birinin ardınca seriallar çəkilir. Amma o seriallar tamaşaçıya nə verir? Yəqin ki, müasir teleməkanda baş alıb gedən keyfiyyətin kəmiyyətə qurban verilməsinin bir gün sonu gəlib çatacaq, kəmiyyət keyfiyyətə keçəcək. Onda telekanal rəhbərləri serial istehsalında daha tələbkar olacaqlar. Tamaşaçıların vaxtından sui-istifadə olunmasına yol verməyəcəklər. Toxunduğunuz məsələlər elə-belə məsələlər deyil, çox böyük müzakirə, dərin düşüncə tələb edən məsələlərdi. Çünki televiziya elə bir sahədi ki, geniş kütləni əhatə edir. Ona görə hər hansı cəhd tamaşaçının zövqünü həm korlaya bilər, həm də cilalaya bilər. Niyə bu gün bayaqdan haqqında danışdığımız o cür baxımlı tamaşalar yaranmır?
 

- Bəli, niyə son dövrün teletamaşaları əvvəlkilər kimi dönə-dönə baxılmaq maraqlılığında deyillər? Niyə o cür tamaşalar yaranmır?

- Mən deyirəm yaranmalıdı. İndi bir neçə təkliflərim var - danışıqlar gedir, həm müasir, həm də tarixi mövzularda yazılmış əsərləri hazırlayacam. Əsasən, yeni qələmə alınmış əsərlərdi.
 

- Serial layihələrinə cəlb olunmaq təklifi almısınız?

- Xeyr, serial çəkməyi təklif etməyiblər. Yəqin nəzərə alırlar ki, belə təklif alsam, ilk növbədə onun bədii dəyərinə fikir verəcəm.
 

- Serial janrı daha çox efir vaxtını doldurmaq vasitəsi olsa da, hər halda kino istehsalının bir qoludu. Və təbii ki, onun da mükəmməl ədəbi materiala ehtiyacı var. Məsələn, "Dəli Kür" romanını, əlbəttə, serial yox, baxımlı bir çoxseriyalı film materialı kimi yenidən nəzərdən keçirmək olar. Necə düşünürsünüz?

- Nəinki "Dəli Kür"ü, İsa Hüseynovun "Teleqram", "Tütək səsi", Anarın "Ağ liman" povestləri, digər gözəl nasirlərimizin əsərləri dönə-dönə, müxtəlif rejissorların üslub, forma və yanaşmaları ilə ekranlaşdırılmağa sanki can atırlar.
 

Mədəniyyət sahəsini başlı-başına qoymaq olmaz. Mədəniyyət proqramla, düşüncə ilə inkişaf etməlidi. Yeni nəsli kitab oxumayanlar nəsli adlandırmaq olar. Belə vəziyyət isə məsələyə daha ciddi yanaşma tələb edir. Ziyalı təbəqəsi çox zərif təbəqədi. Onu qorumaq, bu vaxta qədər əldə olunan nailiyyətləri isə daha da inkişaf etdirmək lazımdır ki, mənəviyyatımızın itkisi olmasın.

Mədəniyyət inkişafı sonsuz, doyumsuz yaradıcı axtarışlar deməkdi.

Mədəniyyətə qoyulan yatırımlar mütləq öz əks-sədasını verir. Gələcək nəslin simasında bu münasibət özünü büruzə verməyə bilməz. Əlbəttə, bu istiqamətdə ən yüksək səviyyədə bir sıra işlər görülüb və görülməkdədir.

Amma təfəkkür tərzi hələ də lazımi səviyyəyə gəlib-çatmayıb...
 

Belə bir deyim var, deyir, bədbin yaxşı məlumatlanmış nikbindi. Mən özümü belə insanlara aid edirəm. Gələcəyə çox az nikbinliklə baxıram. Hər şey ifrat dərəcədə pula bağlanıb...
 

- Onda gəlin söhbətimizi daha ürəkaçan tərəfə yönəldək. Qoyduğunuz tamaşaların yaranma tarixçələrində maraqlı məqamlar az deyil, yəqin ki. Mümkünsə, bu barədə danışaq.

- Hər bir tamaşanın öz özəlliyi var. Mən hər dəfə ekranda gedən tamaşalarıma baxanda hər bir kadrın arxasında hansısa xatirəni görürəm. Hər bir əsərin özünün bioqrafiyası var. Məsələn, "Evləri köndələn yar" və "Yaşıl eynəkli adam" tamaşalarını seytnot rejimində çəkmişdik. "Evləri köndələn yar" əsəri dekabrın 5-də Anar müəllimin kabinetində oxunmuşdu, dekabrın 31-də isə tamaşa efirə getmişdi. Bax heç olmasa Azərbaycan Televiziyasının o gözəl ənənəsini davam etdirmək lazım idi, hər Yeni ildə, hər Novruzda sevilən aktyorların, hər kəsin ürəyincə olan situasiyaların iştirakilə tamaşalar hazırlamaq yaxşı olardı. "Evləri köndələn yar" tamaşasının musiqisini keçmiş Fioletov (indiki ) küçəsindəki studiyada yaradıcı heyətin bu iş üçün tələb olunan bütün üzvləri ilə birgə yazdıranda birdən otağa o vaxtın xod gedən kişi müğənnilərindən biri daxil olub tələb etdi ki, səsyazma otağından çıxaq, çünki o mahnı yazdırmalıdı. Mən də sakit tərzdə onu başa salmağa çalışdım ki, biz də burada mahnı yazdırırıq və əvvəlcədən növbə tutmuşuq. Cavabında nə desə, yaxşıdı? Hədələməyə başladı, dedi ki, elə eləmə ki, səni bir gecənin içində "postel"dən oğurlatdırım.
 

Axşam mən bunu Anar müəllimə danışdım. Beləliklə, o cümləni Surxayzadə (Yaşar Nuri-red.) ilə Paşa Paşayeviçin (İlham Namiq Kamal-red.) toydan sonra restoranın foyesindəki dialoqlarına daxil etdik.
 

"Fatehlərin divanı" qüsuru ən az olan tamaşalarımdandı, məncə. O tamaşa 50 seriyalı nəzərdə tutulmuşdu. Sonuncu seriya Mircəfər Bağırovun məhkəməsi ilə bitməliydi. Təəssüf ki, telestudiyanın o vaxtkı rəhbərliyi bu ideyanı gerçəkləşdirməyə mane oldu. Təəssüfləndiyim daha bir məqam "Mən, sən, o və telefon" tamaşasının arxivdə qalmamasıdı. "Fatehlərin divanı"ndan başqa daha bir tarixi mövzuda olan tamaşanın, "Topal Teymur"un çəkilişlərinə başlamaq üçün Teymur rolunun ifaçısını çox axtardım, hətta namizədlərdən biri kimi Mehdi Məmmədov da ağlıma gəlmişdi. Amma yanına gedib deməyə ürək eləmədim, reaksiyasının necə olacağını təsəvvür etmədiyim üçün çəkindim.
 

Hər bir rejissorun uğuru əsərdən və aktyordan asılıdı. Anam (teatr və kino aktrisası, əməkdar artist Ətayə Əliyeva - red.) mənə zəif aktyorlarla işləməməyi tövsiyə edərdi. Deyərdi ki, zəif aktyor ən güclü əsəri də heç edə bilər. Amma bu, o demək deyil ki, mən gənc aktyorları nəzərdən qaçırıram, onlarla əməkdaşlıq etmirəm. Belə ola da bilməz. Məsələn, Məbud Məhərrəmov "Yaşıl eynəkli adam" tamaşasındakı Qərib rolunda ekranda görünən günün səhərisi məşhurlaşdı. Rejissorun missiyası istedadı görmək, aktyordakı rolun öhdəsindən gələ bilmək bacarığının əlamətlərinə etibar etməkdi. Ona görə bizim üzərimizdə çox böyük məsuliyyət var. O məsuliyyəti ləyaqətlə yerinə yetirməliyik. Söhbət təkcə sənət adamlarından, onların peşəkarlıq, sənətkarlıq meyarlarına münasibətindən getmir, həm də sənət adamlarına yaradılan meydandan gedir. Bunlar vəhdət, harmoniya halında olmalıdır ki, tamaşaçıya layiq işlər meydana gəlsin.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.