Zöhrə Abdullayeva: "Kimin pulu var, səsi oldu-olmadı, özünü reklam eləyir"

Day.Az предоставляет вниманию читателей интервью на азербайджанском языке
 

Hamının sevə-sevə dinlədiyi, "Kəsmə şikəstə" ilə ürəkləri dindirən Zöhrə Abdullayeva Azərbaycanın dilbər guşəsi olan Şuşada anadan olub. Evlərində tez-tez qurulan musiqi məclisləri onda milli musiqimizə, muğamlarımza qarşı böyük maraq yaradıb. Bu gün də onun ifasında korifey sənətkarlarımızın - Yavər Kələntərlinin, Fatma Mehrəliyevanın, Mütəllim Mütəllimovun, Şövkət Ələkbərovanın nəfəsi duyulur. Onu yaxından tanıyanlar yaxşı bilir ki, Zöhrə xanım deyib-gülən, insanı fikir çəkməyə qoymayan, xeyirxah bir insandır. Amma hər dəfə onunla rastlaşanda gözlərindəki kədərin arxasında hansısa bir nisgilin gizləndiyini duyurdum. Bunu neçə illər musiqidən, səhnədən uzaq düşməsi ilə əlaqələndirir müsahibim. Onunla söhbət etmək çox asan və maraqlıdır. Bəlkə də incəsənətimizin bugünkü durumu onu çox narahat etdiyindən, ürəyi dolu idi və münasib bir həmsöhbət axtarırdı...

- Zöhrə xanım, eşitdiyimə görə tək yaşayırsınız, tənhalıq sizi sıxmırmı?

- Yox, təkliyi sevirəm. İnsanlardan qaçıram. Mənim fikrimcə, övladlar evlənəndən sonra ayrı yaşasalar, daha münasibdir. Cavanlara müstəqillik vermək savabdır.

- İndi vəziyyət elə gətirib ki, qadın sənətçilərin əksəriyyətinin ailəsi dağılıb. Soruşanda da hamısı xorla "sənəti ailəmə qurban vermək istəmədim" deyir. Sizcə, sənəti ailədən üstün tutmaq düzgündürmü?

- Əgər ailə yaxşıdırsa, etibarlı ailədirsə, ailədə mehribançılıq varsa, nəyinsə xatirinə,
meşşan həyatı sürmək istəyilə ailəni dağıtmaq düzgün deyil. Mən belə qadınlara pis baxıram və onlara nifrət eləyirəm. Məsələn, mən özüm ərim sağ olanda oxumurdum. Yəni ailəmin xoşbəxtliyi mənə hər şeydən əziz idi. Yoldaşım dünyasını dəyişəndən sonra isə artıq oxumaq həvəsimi içimdə saxlaya bilmədim. Çünki uşaqlıqdan oxuduğuma görə müğənnilik sənətini sevirdim. Elə bil səhnə məni çəkirdi.

- Musiqi təhsiliniz varmı?

- Xeyr, musiqi təhsilim yoxdur, amma bizim ev, elə bil, mini-filarmoniya idi. O dövrün bütün tanınmış sənətçiləri bizim evə tez-tez gələrdilər. Onların hamısından təhsil götürmüşəm. Baxmayaraq ki, mənim diplomum yoxdur, amma mən korifey sənətkarlarımız olan Əbülfət Əliyevdən, Yavər xanım Kələntərlidən dərs almışam. İlk müəllimim Rəhilə Həsənova olub. Mütəllim Mütəllimovdan, İldırım Həsənovdan, Mürşüd Məmmədovdan dərs almışam. Mən belə sənətkarları görmüşəm. Bütün muğamlarımızı bilirəm. Amma indi bir ana-bacı lazımdır ki, bizim incəsənəti qabağına qoyub ağlasın. İfaçılıq sənəti bərbad haldadır.

Kimin pulu var, səsi oldu-olmadı, özünü reklam eləyir. Necə də utanmırlar? Belə adamlar məgər özləri oxuya bilmədiklərini başa düşmürlər?

- Bəlkə günah sizin kimi sənətkarlardadır ki, onlara ortalığa çıxmağa imkan yaratmısınız?

- Biz nə qədər danışmalıyıq ki?! Məgər bizə fikir verən var? Pula hərislik insanların gözünü o qədər örtüb ki, kim pul verirsə, efirə buraxırlar. Pulun gücünə gedib bir klip çəkdirirlər və dönüb olurlar ulduz. Vallah bunlar nəinki ulduz, heç 10 voltluq elektrik lampası da deyillər.

- Son zamanlar bəzi qadın sənətçilər açıq-saçıq geyimlərə üstünlük verirlər...

- Bunun səbəbi odur ki, bihəya olublar, həyasızlaşıblar. Odur ki, Allahın da bizə acığı tutur. Son zamanlar baş verən zəlzələlər, daşqınlar elə Allahın bizə göndərdiyi cəzadır. Allah-təala QİÇS və atipik pnevmoniya kimi elə xəstəliklər göndərib ki, çarəsi də tapılmır. Bütün bunlardan sonra da insanlar özlərinə yığılıb haqq yoluna qayıtmırlar. Deyəsən dünyanın axırı yetişib axı? Hər şeyin təhəri var da. Bu gün qadın müğənnilər elə paltar geyinirlər ki, Allah göstərməsin, kəsiyi göbəklərinə qədər uzanır, göbəklərini də açıb qoyurlar camaatın qabağına.

- Deməli, bütün bunlardan sonra kişilərin haqqı var ki, qadınları oxumağa qoymasınlar...

- Söhbət oxumaqdan getmir. Məgər əvvələr bizdə qadın müğənnilər olmayıb? Hansı biri göbəyi açıq tamaşaçı qabağına çıxıb? Yəqin siz Fatma Mehrəliyevanın, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın lent yazılarına baxmısınız. Heç onların paltarlarında kəsik görmüsünüz? İndiki qadın müğənnilərin əksəriyyəti qadın adına ləkədir.

- Bəlkə bir-birinin bəhsinə elə geyinirlər?

- Məgər bir-birinin bəhsinə abırsızlıq etmək olar? Yaxşı qadına nəyi məcbur etmək olar? Bu, gendən, nəsildən gələn bir şeydir. Xanım-xatınlıq, əsilzadəlik, namuslu-ismətli olmaq qadının canında olmalıdır. Ona görə də mən həmişə demişəm ki, qadın üçün incəsənət ağır sənətdir. Qadın sənətçilər haqqında bəzən olmayan şeylər danışırlar. Bəzən deyilənlər düz çıxır. Pislərə görə yaxşılar da bada gedir. O qədər gözəl oxuyan, abırlı-ismətli sənətçilərimiz var ki! Bu abırsızlıq edənlər, əsasən, oxuya bilməyənlərdir.

Keçən dəfə televiziyada bir klip göstərirdilər. Biri qısa şortikdə çarpayının üstündə "Ürək, ay ürək" oxuya-oxuya tullanırdı... İndi də təzə dəb çıxıb. Elələri var ki, oturan yerdə oxuya bilmirlər, gərək gecə paltarında uzanıb oxusunlar. Bir klip də var: birisi atlasdan gecə paltarı əynində, uzanıb divana mahnı oxuyur, çiyninə də şal salıb ki, guya abırlıdır. Bu gün klip çəkdirənlər ya divan-kresloda çəkdirir, ya da qəbristanlıqda. Türkiyədə oxuyanların 95 faizi bu gündədir. Onlara baxanda, yenə bizimkilərə şükür. Özünü xaricilərə oxşatmaq lazım deyil, axı, bizim öz mentalitetimiz var. Türkiyəlilər artıq çoxdan sərbəstdirlər, həm də onlar Avropaya daha çox yaxındırlar. Axı milli adət-ənənələri qorumağın nəyi pisdir?

- Bəlkə buna bədii şuraların ləğv olunması səbəb oldu?

- Deyirlər guya bədii şuralar yenə yaradılıb. Amma hələ də onların fəaliyyətindən səs-soraq yoxdur. Bilirsinizmi, pul olan yerdə hansı bədii şuradan söhbət gedə bilər? Artıq pul öz təsirini incəsənətimizə göstərib. Gənclərin zövqünü də elə bu cür hallar pozur. İndi gənclər xarici musiqiyə qulaq asır. Deyirlər ki, guya bu, zəmanənin dəyişməsi və ya gənclərin bir az müasirləşməsindən irəli gəlir. Yalan sözdür. Öz musiqimizi elə bərbad hala qoyurlar ki, gənclər də bezir.

Digər tərəfdən də müasir bəstəkarların yazdıqları mahnılar bir şey deyil. Adam qulaq asanda bezir. Adını da qoyublar müasir Azərbaycan musiqisi... Zarıltıdan, səs-küydən başqa bir şey deyil, hamısı da bir-birinə oxşayır. Elə bil mahnı yazanda hamısı bir yerdə yazır.

- Bəs siz hansı bəstəkarlarla işləyirsiniz?

- Mən bu gün əsasən, Tahir Əkbər, Əli Baxış və Rauf Məmmədovla işləyirəm. Xanım İsmayılqızının 5 gözəl mahnısını oxumuşam. Kimin yazmasından asılı olmayaraq xoşuma gələn bütün yeni mahnıları oxumağı xoşlayıram. O gün bir nəfər mənə zəng vurub deyir ki, "bəs, təzə mahnı yazmışam, istərdim onu siz oxuyasınız". Dedim "hələ mahnını ifa elə, görüm necədir?". Gördüm heç pianoda mahnını ifa edə bilmir. Sonra da mənə dedi ki, bəs 100 dollara satır. Dedim "sizə ayıb olsun ki, ünvanı səhv salmısınız". Hirsimdən heç adını da soruşmadım, dəstəyi atdım. Doğrudan da ayıbdır. Üzeyir bəyin, Cahangir Cahangirovun, Səid Rüstəmovun, Qəmbər Hüseynlinin, Ələkbər Tağıyevin ruhu o dünyada narahat olur axı.

- Bəs nə üçün uzun illər səhnədən, musiqidən uzaq düşdünüz və başqa ixtisas üzrə ali təhsil aldınız?

- Həyat yoldaşım sağ olanda məni oxumağa qoymadı. Elə bir qapalı ailəyə düşmüşdüm ki, icazəsiz heç anam evinə getməyə qoymurdular. Təsəvvür edin, oxumaqdan ötrü necə darıxırdım. Bayaq dedim, uşaq yaşlarımdan oxumağa başlamışdım, sonradan Qaqarin adına Pionerlər Evinə gedirdim. Oradan məni Rəhilə Həsənova "Sazlı qızlar ansamblı"na apardı. Bu, həm də mənim qanımdan gəlirdi. Atam konservatoriyanı bitirib, mərhum Mirzə Mənsurun sinfində tarın sirlərinə yiyələnib. Sonralar bir müddət Şuşa Mədəniyyət Şöbəsinin müdiri də işlədi...

Anam isə Şuşa Teatrında 16 il aktrisa işləyib. Özü də aparıcı aktrisa olub. Çox gözəl qadın olduğuna görə "Qarabağın maralı" mahnısı ona həsr olunub...

- Amma mən yaşlı bir sənətkardan eşitmişdim ki, bu, uydurmadır. Guya belə şey olmayıb.

- Mən bildim siz kimi deyirsiniz. Təəssüf ki, həmin adamla anam 40 ilin rəfiqəsi olublar. O adam çörək itirən idi. "Qarabağın maralı" şerini İsgəndər Hovruzlu adlı həvəskar bəstəkar-şair 1949-cu ildə anamı bulaqdan su götürəndə görüb, yazıb. Sonradan şeiri atama oxuyanda, atam deyir ki, "şeir qoşduğun qızı mənə göstər". O da anamı göstərir. Atam deyir ki, bu mənim nişanlımdır. Sonradan da həmin şeirə mahnı qoşur. Rəhmətlik İsgəndər Hovruzlu həmin şeiri anamın timsalında bütün Şuşa gözəllərinə həsr eləmişdi. Bu mahnını da, Şuşada İsa adında fotoqraf var idi, Bakıda müsabiqədə oxumuşdu.

Həmin adam sağdır, bir dəfə hələ "Gözəllik işığı" verilişində də iştirak elədi və mahnının şəxsən mənim anama həsr olunduğunu təsdiqlədi. Efirdə isə ilk vaxtlar rəhmətlik Gülağa Məmmədov, Fatma Mehrəliyeva və Şövkət Ələkbərova oxuyub "Qarabağın maralı"nı. Siz dediyiniz yaşlı sənətkar da ona görə inciyib ki, niyə anam deməyib ki, bu mahnını ilk dəfə o oxuyub. Buna görə də neçə illərin dostluğunu ayaqladı keçdi.

- Bəs ailənizdəki qadağalar sizi sıxmırdı?

- Ailəmdən bərk yapışmışdım. Düzdür, səhnə üçün, musiqi üçün darıxırdım, gecələr sakit bir guşəyə çəkilir, səssizcə ağlayıb ürəyimi boşaldırdım. O, məni musiqidən, atamdan-anamdan tamam ayırmışdı. İncəsənətdən uzaq bir adamdı, ticarətçiydi.

- Bəs necə ailə qurmuşdunuz?

- Vallah, necə ailə qurmağım indi də mənə aydın deyil. Elə bil, həyatımla oyun oynadım. Xarici görünüşcə gözəl, boylu-buxunlu oğlan idi, surətinə vuruldum, getdim. Nə bilim, onda 16 yaşım vardı.

- Bəs nə yaxşı evdə razı oldular?

- Evdə gördülər ona yaman vurulmuşam, məcbur olub razılaşdılar. Amma seçimimə peşman deyiləm.

- Bəs nədən vəfat etdi?

- Avtomobil qəzasına düşdü.

- Kədərli anlarınızda ürəyinizdən hansı mahnını oxumaq keçir?

- Ancaq "Segah" oxuyuram.

- Toylara gedirsinizmi?

- Toylara getməsəm, bataram ki! Oğlumu Allah saxlasın, onun öz ailəsi var, ona yük olmaq istəmirəm. Amma hərdən onun köməkliyi lazım olur.

- Oğlunuz nə işin sahibidir?

- Gömrük sistemində çalışır. Özü də çox tərbiyəli, mərifətli oğlandır. İki uşağı var. Elə gözəl uşaqlardı ki. Mən hər kəsə nənə olmağı arzu edirəm. Mənim yaşıdlarımın uşaqları hələ balacadır. Vallah, nəvələrimlə birlikdə çəkdirdiyim şəkillərə baxsanız, elə bilərsiniz ki, mənim uşaqlarımdır. Gəlinim də elə öz bacım qızıdır.