Teleaparıcı Lalə Azərtaş: "Bu, sadəcə, bir təklif idi..." - FOTO

Day.Az представляет интервью на азербайджанском языке.

Teleaparıcı Lalə Azərtaşın Milli.Az-a müsahibəsi.

- Aparıcı olmağınız təsadüfən oldu, yoxsa?

- Mən özümdə aparıcılığa olan həvəsi təxminən altıncı sinifdə oxuyarkən hiss etməyə başlamışam. Bu sənətin vurğunu olmuşam elə bil. Az yaşım olmasına baxmayaraq məkətəbin bütün tədbirlərini aparmaq, demək olar ki, mənə həvalə olunurdu. Zaman keçdi, elə oldu ki, ATV-də işə düzəldim.

- Apardığınız ilk proqram "Xəbərlər" oldu?

- Bəli, mən ATV-yə gələndə orada "Xəbərlər" departamenti yeni yaradılırdı. Mənə "Xəbərlər" i aparmaq təklif olundu. Mən də bu təklifi atamla müzakirə etdim, o, mənə dedi ki, çox istərdim sən məhz "Xəbərlər" in aparıcısı olasan. Beləliklə, "Xəbərlər" informasiya proqramının aparıcısı oldum. Qeyd edim ki, ATV-də "Xəbərlər" in ilk buraxılışı 2002-ci il, fevralın 17-də yayımlanıb. Yeri gəlmişkən, bu il "ATV Xəbər"in 10 yaşı tamam oldu. Bu münasibətlə bütün əməkdaşlarımızı təbrik edirəm.

- Siz "ATV Xəbər" in ilk xanım aparıcısı olmusunuz?

- Bəli, mən olmuşam.

- Bəs necə oldu ki, "Xəbərlər"lə paralel "ATV səhər"i də aparmalı oldunuz? Bu şəxsi istəyiniz idi, yoxsa sizə olunan bir təklif?

- Bu, sadəcə olaraq, mənə rəhbərlik tərəfindən olunan bir təklif idi. Mən də qəbul etdim. Nədənsə əvvəlcə özümü belə bir formatda olan verilişdə görmürdüm. Lakin zaman keçdikcə gördüm ki, bu, məndə alınır. İnanın ki, indi o verilişdən heç vaxt uzaqlaşmaq istəmərəm. Özümü çox rahat və xoşbəxt hiss edirəm. Kollektivimiz əla kollektivdir. Mən həmişə demişəm ki, Azad Azərbaycan telekanalında, həqiqətən də, azadlıq var. İşimdən və rəhbərlikdən çox razıyam.

- Sizdə hansı hislər daha çoxdur?

- Sevgi və səmimiyyət hisləri məndə aşırı dərəcədədir. Həddindən artıq səmimiyəm. Dostluqda səmimiyyət mənim üçün xüsusilə önəm kəsb edir. Bir də sədaqətli olmaq mənim əsas prinsiplərimdən biridir. Bir də həyatda elə bir hiss mövcuddur ki, onu əldə etmək üçün həmişə mübarizə aparmaq lazımdır. Onun adı insanlıqdır.

- Kimin həsrətini çəkirsiniz?

- Rəhmətlik Qumru nənəmin həsrətini yaman çəkirəm. Onun üçün burnumun ucu göynəyir. Onu hədsiz dərəcədə çox istəyirdim.

- Plastik əməliyyatdan istifadə etmisiniz?

- Xeyr, etməmişəm.

- Bəs etmək fikriniz olsa, bədəninizin hansı hissəsini dəyişdirmək istəyərdiniz?

- Heç bir yerini. Buna lüzum da görmürəm. Nə varsa, odur.

- Qəniminiz kimdir?

- Qənimim anam - Solmaz xanımdır (gülür). Amma o, mənim həm qənimim, həm də müəlliməmdir.

- Nəyin sayını itirmisiniz?

- Tamaşaçılarımın və pərəstişkarlarımın mənə göndərdikləri məktubların sayını itirmişəm.

- Deməli, bu, sizin xoşbəxtçiliyiniz üçün lazım olan ən vacib amillərdən biridir?

- Əlbəttə. Səhər bütün Azərbacana "sabahınız xeyir!", gecə isə "gecəniz xeyir!" deməkdən böyük nə xoşbəxtçilik ola bilər?! Düşünürəm ki, kamera qarşısında olmasam və ürəyimdəkiləri, hislərimi, fikirlərimi efir vasitəsiylə paylaşmasam tam xoşbəxt ola bilmərəm. Mən kameranın qarşısında danışarkən elə təsəvvür edirəm ki, hər bir izləyici mənim gözümün içinə baxır, eləcə də mən ayrı-ayrılıqda onların hər birinin gözünün içinə baxıram.

- Ötən günlərə nəzər salanda, bu gün nəyə təəssüflənirsiniz?

- Desəm, bəlkə də, inanmayacaqsınız. Amma tam səmimi deyirəm ki, həyatda heç nəyə təəssüflənmirəm. Həzrəti Əlinin belə bir kəlamı var ki, bir gün bu dünyaya dair dərdin olsa, Rəbbinə tərəf dönüb demə ki, böyük dərdim var. Əksinə, dərdinə tərəf çevrilib çox böyük Rəbbim var, de!..

- Hislərinizi hansı yollarla ifadə edirsiniz?

- Bilirsiniz, mən hisslərmi çəkinmədən, tərəddüd etmədən, rahat bir şəkildə dilimə gətirməyi bacarıram. Amma onu da deyim ki, hislərimin ağlıma qalib gəldiyi məqamlar da az olmur. Yəni ki, çox zaman hislərimlə hərəkət edirəm. Hətta bunun mənə ziyan gətirəcəyini bilə-bilə də hislərimə qapandığım hallar olur.

- Dərdinizi asanlıqla hamıya deyə bilirsiniz?

- Baxır kimə? Məsələn, mənim bir əmim var. Mən uşaqlıqdan bu yana ürəyimdəki bütün sözləri, sirləri rahatlıqla ona danışa bilirəm. Hətta valideynlərimə deyə bilmədiklərimi ona deyirəm. Məncə, burada əsas məqam qarşı tərəfin səni nə dərəcədə anlamağıdır. Təsəvvür edin ki, bir insan mənə deyir ki, səhvinlə də, düzünlə də mənimsən. Sadəcə olaraq, səhv etsən, zamanında de ki, onu düzəltməkdə sənə kömək edim. Mən belə əmidən nəyi gizlədim (gülür)? Bir də ki, şəxsi avtomobilim və dəniz dərdimi asanlıqla danışa bildiyim "dostlarım"dır. Belə desək, dilsiz "sirdaşlarım"dır.

- Pəhriz saxlayırsınız?

- Bəli, indinin özündə də pəhrizdəyəm.

- Sonda oxuculara nə demək istərdiniz?

- Sonda Məhəmməd peyğəmbərin bir kəlamını demək istəyirəm. Deyir ki, beş şey gələnə qədər beş şeydən istifadə etmək lazımdır. Qocalana kimi cavanlıqdan, kasıblayana kimi var-dövlətdən, xəstələnənə kimi sağlamlıqdan, məşğul olana kimi asudə vaxtdan və ölənə kimi həyatdan.


Фото: Milli.az