Kiçik dişlərin böyük dərdi
Day.Az представляет новость на азербайджанском языке.
Bu xəstəlik erkən diaqnoz edilərsə, asanlıqla müalicə edilə bilər. Məhz insan orqanizminin sağlamlığı baxımından dişlərin mütəmadi baxımına diqqət yetirmək lazımdır.
Diş əti xəstəliyi nədir?
Həkim-stomatoloq Səbuhi Məmmədov deyir ki, dişin ətrafındakı dəstək toxumalarını və diş ətlərinə təsir edən xəstəliklərə dişəti xəstəlikləri adı verilir. Diş əti xəstəliklərinin ilk mərhələsində dişlərin dibi qızarır, damaq şişir və asanlıqla qanayır. Xəstəliyin ilkin dövrdə müalicəsi çətin deyil, lakin müalicə edilmədiyi təqdirdə dişləri əhatə edən sümük toxumasında müalicəsi mümkün olmayan problemlər ortaya çıxır və periodontitis inkişaf edir. Periodontitis dişəti xəstəliyinin ilkin inkişaf mərhələsidir. Müalicə edilməsə, dişlərin ağızda dayanmasını təmin edən sümük və dəstək toxumalar sıradan çıxır və dişlərin ətrafındakı sümük itkisi ilə cib adı verilən boşluqlar meydana gəlir. Xəstəlik irəlilədikcə dişlər laxlamağa başlayır və bunun nəticəsində dişin çəkilməsi labüd olur.
Diş əti xəstəliklərinin əlamətləri
Həkimin sözlərinə görə, diş fırçalama zamanı diş ətlərində qanama, qızartı, şiş və toxunanda qanayan diş ətləri, diş ətlərinin dişlərdən ayrılmağa başlaması, davamlı pis ağız qoxusu, dişlər arasından iltihabın gəlməsi, dişlərin sallanması və bir-birindən ayrılması, dişləmə zamanı dişlərin qapanışında dəyişmə əsas əlamətlərdir. "Diş əti xəstəlikləri zamanı həmçinin diş ətlərində çəkilmələr ortaya çıxır. Kök səthləri üzə çıxır və həssaslıq əmələ gəlir, əl vuran zaman ağrıyır. Bəzən adi halda kök səthində sızlamalar olur. Tədricən, xüsusən də müalicə olunmadığı təqdirdə dişəti kənarlarında və dişlər arasında qara ləkələr görünməyə başlayır".
Xəstəliyin səbəbləri
S.Məmmədov bildirib ki, xəstəliklərinin əsas səbəbi dişlərin üzərində yerləşən sarımtıl-boz rəngli təbii əlavə olan bakteriya düyünüdür. Sağlamlıq üçün dişlərin üzərindəki bu bakteriyaların gündəlik təmizlənərək ağızdan uzaqlaşdırılması vacibdir. Bakteriya ərpi təmizlənməzsə, sərtləşər və diş daşı, ya da kirəc adlandırılan yığıntılar meydana gələr:
"Qeyd edim ki, 1 milliqram diş ərpində 200-500 milyonadək bakteriya olur. Mütəmadi təmizlənməyən bu bakteriyalar diş ətlərinə zərər verir, dişlərin ətrafındakı dəstək toxumalarını məhv edir. Bunun nəticəsində diş ətləri dişlərdən aralanır, yaranan boşluqlarda daha çox bakteriyanın yetişməsinə yer açılmış olur. Diş əti xəstəliyi kəskinləşdikçə boşluqlar daha da artır və dişlərin kökləri ortaya çıxır. Bu dəfə bakteriyalar ortaya çıxan kök səthlərinə yapışır. Müəyyən vaxtdan sonra dişlərin sümük dəstəyi tamamilə yox olur və müalicə edilməyən dişlər laxlamağa başlayır və nəticədə çəkilir".
Digər faktorlar
Həkim-stomatoloqun dediyinə görə, insanların 30%-də bu xəstəliyin genetik olduğu müəyyənləşib. Qida kalorisi aşağı olan ərzaqdan və tütündən istifadə də ağız sağlamlığına mənfi təsir edən amillərdəndir. Bunun nəticəsində bədənin xəstəliklərə qarşı müqavimət gücü azalır. Bundan başqa, həyəcan, stres, talassemiya, AİDS kimi bədənin müdafiə sistemini azaldan xəstəliklər dişlərə mənfi təsir göstərir. Şəkər xəstəsi olan insanlar mütəmadi olaraq nəzarət altında olmasalar, dişəti xəstəliyi çox şiddətlənir və müalicəsi çox çətinləşir. Hamiləlik sırasındakı hormon dəyişiklikləri də diş ətlərini xəstəliyə qarşı daha həssas edir.
Diş əti xəstəliklərindən necə qorunmalı?
Həkim vurğulayıb ki, insan ömür boyu diş fırçalamaqla və müxtəlif təmizləyici vasitələrlə diş diblərindəki bakteriyalarla mübarizə aparmalıdır. Ağız təmizliyinə riayət edənlər digərlərinə nisbətən 6 dəfə bu xəstəliyə gec yoluxurlar. Depressiya əleyhinə, ürək dərmanları və hamiləlik əleyhinə istifadə edilən preparatlar da dişlərə zərər verə bilər. Ən azı, altı aydan bir diş həkiminə müraciət edərək məsləhət almaq və ehtiyac varsa, dişlərin dibindəki ərpləri təmizlətmək lazımdır: "Çox zaman insanlar həkimə xəstəliyin ağır mərhələsində müraciət edirlər. Ancaq diş əti xəstəliklərindən xilas olmaq üçün vaxtında müayinə və müalicə aparılmalıdır".
Diş əti xəstəliklərinin müalicəsi
S.Məmmədov qeyd edib ki, diş əti xəstəliyinin erkən mərhələsində müalicəsi, diş ərplərinin təmizlənməsi, iltihaba səbəb olan bakteriyaların və toksik maddələrin ağızdan uzaqlaşdırılması ilə mümkündür. Xəstəliyin kəskinləşməsi isə cərrahi müdaxiləyə səbəb ola bilər. Müalicədən sonra xəstə periodik olaraq həkim müyainəsindən keçməlidir. Sağaldıqdan sonra gigiyenik qaydalara riayət etməklə bu xəstəlikdən qorunmaq mümkündür.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре