20 Yanvar: qeyrət və hünər zirvəsinə çatdığımız gün – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

O vaxt min arzu və niyyətlə gözlənilən il at üstündə gəlirdi. İkinci Dünya müharibəsinin ağrı-acısını yaşamış insanlar ilin qara at üstündə tamamlanmasından üşənərək "Allah xeyir eləsin" söyləmişdilər. Sınaqdan çıxmışdı ki, at müharibəyə, qırğına işarətdir. Əlbəttə, fikirlərin, sınama və müşahidələrin üst-üstə düşməsi bəzən təsadüfən olur. Amma həqiqətən 1990-cı ilin 20 Yanvarı qara gəldi. O dəhşətli günlər bütövlükdə millətimiz üçün əsl imtahan oldu.

Ötən əsrin sonlarından millətimizin başına gələn fəlakətlər, üzləşdiyimiz ağrı-acılar, şəhidlik, qaçqınlıq, köçkünlük, Qarabağ dərdi, yurd həsrəti, demək olar ki, ədəbiyyatımıza da öz təsirini göstərdi. Yazıçı və şairlərimiz bir-birinin səsini, harayını tamamlayan, eyni ağrını, eyni dərdi özlərinə məxsus sözlə poeziyamızda, nəsrimizdə naxışladılar. 1990-cı il 20 Yanvarın şənbə gecəsində Bakıda törədilən vəhşət və dəhşətdən 24 il keçsə də, ölümə ölməzlik yazan şəhidlərimiz unudulmayıb. Əslində, o gecə haqsızlığın üstündən haqqa körpü salanlar mənəviyyat dünyasında tarixləşdirdiyi Şəhidlik zirvəsini daha da əbədiləşdirdilər. O gecə ucalan ana fəryadları dünyanın məhvərinə çevrildi. Haqq bayrağını qaldıranlar düşmənin qara bağrını öz şücaəti və hünərləri ilə dəldilər. Xalq şairi Məmməd Araz bu hünərin şəninə deyirdi: "Mərd oğullar - mərdliyilə öyünməzlər, torpaq altda ölümlüyə gömülməzlər".

20 Yanvar faciəsi ürəkləri tar-mar etdi. Hər tərəfi bürümüş qırmızı qərənfillərin harayı o dövrdə Məmməd Aslanın misraları ilə anaların ağısına qarışdı:

Bu qara yazılara,

Bu körpə quzulara,

Quruyan arzulara,

Ağla, qərənfil, ağla!

Bütün bu göz yaşlarının, sarsıntının içindəsə Məmməd Arazın şeirindəki poetik toxtaqlıq qolumuzdan tutaraq bizi vüqara, qürura, ağlamamağa səsləyirdi:

Bu torpağın son qurbanı mən olsam,

Öz odumda yanıb külə tən olsam,

Eldən ötən güllələrə dən olsam,

Ata millət, oğul deyib ağlama,

Ağlamağın yeri deyil, ağlama!

Göz yaşını silən olsa, ağlamaq əzab deyil, söyləyiblər. Əliyalın, silahsız ölümün üstünə gedən oğulların ağlagəlməz şəkildə qətlə yetirilməsi ürəkləri necə sızlada, yandıra bilməzdi?! Bu səbəbdən də xalq şairi Qabilin qələmə aldığı "Mərsiyə"sində qəlbinin ağrıları duyulurdu: "Gecəni atəş ilə qırmızı qan eylədilər, xalqımı-millətimi gülləbaran eylədilər".

Şairlər son dərəcə kövrək və həssas olurlar. Bakının fəryad edən küçələrinə, nalə çəkən gəmilərə, ərşə çıxan ahlara biganə qalmaq mümkün deyildi. Yazıçı Vidadi Babanlı duyduğu bu ağrıları içindən keçirərək həyəcanını şeirlə ifadə etdi:

Tarix danışacaq hünərimizdən,

Alqış söyləyəcək nəsillər bizə.

Əssə də qara yel üzərimizdən,

Zəfər nur saçacaq şəhərimizə.

Xalq şairi Nəriman Həsənzadə qələm dostlarının fikirlərinə şərik çıxaraq "Qafqaz" adlı poetik düşüncələrində inamla söyləyirdi:

Qanlı Yanvar qaniçəndən yadigardı,

ona - ləkə, bizə - Vətən yadigarı.

O şanlı gün, o kin-qisas unudulmaz,

Azərbaycan.

Gör nə deyib qoca Qafqaz, Azərbaycan:

qar nə qədər çox yağsa da, yaza qalmaz,

Azərbaycan.

Həqiqətən də şəhidlərin hünəri bir şərafət, ömrü isə vətənin yeni adıdır. Bu səbəbdən də şair İlyas Tapdıq təsəlli tapırdı: "Torpağa qoyular şəhid kürəyi, şəkli könüllərin aynasındadır". Elə bu möcüzəyə və qismətə görədir ki:

Şəhidi qocaltmaz illərin yaşı,

Şəhid yatan torpaq oyaqdır, yatmaz!

Şəhidi ağlasın bahar yağışı,

Ona - anaların göz yaşı çatmaz.

O gün təkcə igidlərimizi, bir sözlə, insanlarımızı qətlə yetirmədilər. O gün həm də toyların, şən məclislərin bəzəyi, sevgililərin əzizi olan qərənfili də şəhid etdilər. Düz 24 ildir ki, bu günahsız təbiət gözəlləri yeni bir adla yaşayır - şəhid gül! Yazıçı Əlibala Hacızadə o ağır günlərdə şəhidin dili ilə qələmə aldığı şeirlərin birində deyirdi:

Qərənfilim, danış, din,

Səni dinləmək çətin.

Toyuma gəlməliydin,

Yasıma gətirdilər.

O gün ən dözülməz, ən ağır hal anaların ovqatı idi. Xalq yazıçısı Əzizə Cəfərzadə bütövlükdə bu dərdlərin əlində yumağa dönmüş Azərbaycan anasının ağlar simasına çevrilmişdi. İndi də gözlərimizdən çəkilmir ki, şəhidlərin dəfnində ağ saçlarını əlləri ilə xışmalayaraq bədahətən dilinə gələn bayatılarla necə şivən qoparırdı:

Arazam, keç üstümdən,

Keç, karvan, keç üstümdən.

Bu dərdi mən əkmişəm,

Dəryaz al, biç üstümdən.

Dərdi ilə ölən, dərdi ilə ucalan, dərdi ilə bir qürur heykəlinə çevrilən anaların çəkdikləri dağı, daşı əridərdi. Xalq şairi Fikrət Qocanın "Şəhid anaları" adlı şeiri o günlərin həqiqətindən doğulurdu:

Dərd daş atar, ayna sınar,

Sınar evin sonası da.

Dönər şəhid anasına,

Dünyaya gələr analar.

Haqq dünyasına qovuşmuş Nüsrət Kəsəmənlinin də 20 Yanvarla bağlı xeyli şeiri var. Şair azadlıq yolunda sinəsini ölümə pərçim edənlər barədə yazırdı:

Bakı qanlı paltarını geyirdi...

Qanlı köynəyinə bürünənlər

Şəhidlik zirvəsinə gedirdi.

Nahid Hacızadənin o illərdə yazdığı şeirləri dillərdə əzbərə çevrildi. Bəstəkarlar ona musiqi libası geyindirdilər. Müğənnilər şövqlə oxudular. Bir daha bəyan olundu ki, min bir işğalçı gələ, yeri-göyü od bürüyə, mərd xalqı heç zaman əymək olmaz. Ürəyimiz göynədi, gözümüzdən yaş axdı, amma bütün sınaqlardan qalib çıxmağı bacardıq. Elə buna görə də Nahid Hacızadənin şeirlərindəki haray müvazinətimizi itirməməyə, mübarizəyə səsləyirdi:

Qalx, qalx, ulu torpaq,

Qalx, qalx, ulu bayraq.

Qalx, qalx, sən ey mərd xalq,

Yer titrəsin məhvərindən!

Şairin qənaəti də çox düşündürücüdür. Ağlama mərdlərin, mərd ol, namərdlərin var. Hidayətin "Qələmini qanına batıran şair" adlı şeiri də o günlərin ovqatından yarandı. Bu könül nəğməsi də 20 Yanvarda şəhid olmuş Ülvi Bünyadzadəyə həsr edilib.

Şair Çingiz Əlioğlunun "And" şeiri də yaylıqları bayraq, bayraqları torpaq olan Vətənin ağır məqamlarına ünvanlanıb. Bu bədii məramdakı məqsəd də aydındır: "Qan içən deyilik, düşmən qanını su yerinə şərbət sanıb içərik".

Bütün varlığı ilə Vətənin ağısına çevrilən, onun dərd-sərlərini şeirlərində ustalıqla dilə gətirən Şahmar Əkbərzadənin harayı damarlarda qanı dondururdu:

Allah, bu torpağın kəsilib başı,

Quran oxumağa mollası yoxdur!

Kəfən axtarmağa qohum-qardaşı,

Şivən qoparmağa anası yoxdur.

Şəhidlər heç zaman sadə insanlar kimi dünyasını dəyişmirlər. Onlar bu yurdun ömrünə öz ömürlərini calayırlar. Şəhid ömrünün qarşısında əbədiyyət kəlməsi belə sönük görünür. Şair Musa Ələkbərli "Ağlama şəhidlərə" şeirində bu hissləri çox dürüst dilə gətirir:

Torpağını əyninə

Geyinənlər basılmaz.

Öz şəhid ömrü ilə

Öyünənlər basılmaz.

Əslində, oğlu ölən ağlayar, öldürülən ağlamaz. Şəhid qisası isə heç vaxt qiyamətə saxlanmaz. Bu qürurlu gündə başımızı dik tutmağı, qəmdən sıyrılıb çıxmağı bacardıq. Zülüm-zülüm ağlasaq da, şəhidlərimizin şərafətli ölümünün önündə sağ qalmağımızın xəcalətini çəksək də, millət öz qəhrəmanlığı, hünəri ilə öyündü. Əbülfət Mədətoğlunun dediyi kimi, əslində, o günlərdə dərd özü ağlayırdı.

Xalq şairi Bəxtiyar Vahabzadə şəhidlərlə bağlı çox sayda şeir və poema yazıb. 20 Yanvarla bağlı poemalarının birində xalq şairi belə bir qənaətini dilə gətirib:

Şəhidlərin hamısı bənzəyir bir-birinə.

Bir bax qəbirlərinə!

Hamısı qıpqırmızı qərənfilə bələnmiş,

Hamısı bir biçimdə, bir boyda cərgələnmiş.

Səbəb birdir, əməl bir, hədəf birdir, hədə bir.

Xalq şairi Xəlil Rza Ulutürk "Qanım bayrağımdadır" adlı şeirini 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edib. Özü də şəhid atası olan şairin düşüncələrində bu müqəddəs xiyaban belə görünür:

Məzarlar xonça-xonça, məzarlar gül sərgisi,

Şəhidlər xiyabanı bəlkə çiçək dənizi.

Şəhidlik həqiqətən də qeyrət və hünər zirvəsidir. Hər kəsin də taleyinə bu müqəddəsliyə qovuşmaq yazılmır. Bəlkə də ona görə Şəhidlər xiyabanı nəsillərin əbədi ziyarətgahına çevrilir. Həmişə onlarla fəxr edirik. Hər kəs bir ömrün sahibidir. Nə qədər yaşamağından asılı olmayaraq, bir gün son gəlir. Şəhidlər isə adilikdən çox uzaqdırlar. Onlar ölməzliyə qovuşublar. Nura qənşər bir yolun əbədi yolçularıdır. Şair Balayar Sadiq bu müqəddəsliyi, ömrün bu əbədiliyini belə dilə gətirib:

Boy verir ürəkdə hünər nəğməsi,

Nəsillər dinləyir bu məğrur səsi.

Şəhidlər - Vətənin qələbə rəmzi,

Şəhid oğulları Vətən yaşadır!

...Yeni ilimiz yenə də at üstündə gəlib. Bu dəfə atın rəngi göydür. Bizim rəngimizdir. Qələbə rəngidir...

"Azərbaycan"

Böyütmək üçün şəkillərə klikləyin.