Saxta diplomla bağlı keçmiş rektordan açıqlama

Day.Az представляет новость на азербайджанском языке.

Saxta diplomun notariusda təsdiq olunmuş surətində göstərilib ki, Şərifov Rüfət Sakit oğluna Gəncə Dövlət Universitetinin 23 iyun 2009-cu il tarixli qərarla İqtisadiyyatın Hüquqi Tənzimlənməsi üzrə bakalavr dərəcəsi verilir.

Anspress yazır ki, diplomda imzalar da atılıb, hansı ki, bunların həqiqiliyini ekspertiza müyyən ediləcək. Lakin diplom notariusda təsdiqləndiyindən etibarlı sayılıb. Hər halda notarius sənədi təsdiq edəndə əsli ilə tutuşdurur.

Diplomun saxtalığı belə üzə çıxıb. Rüfət Şərifov bu diplomla ikinci ali təhsil almaq üçün 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə ərizə ilə müraciət edib. Onun ərizəsinə müsahibə komissiyası tərəfindən baxılaraq Maliyyə fakültəsinin qiyabi şöbəsinin 3-cü kursuna qəbul edilib. Təhsil aldığı müddətdə Rüfət təhsil haqqını tam ödəyib, tədris proqramının bütün tələblərini yerinə yetirərək 2012-ci tədris ilində Yekun dövlət attestasiyasını keçərək məzun olub. Lakin diplom almaq zamanı gələndə onun şəxsi işi İqtisad Universiteti tərəfindən yoxlanılması üçün Təhsil Nazirliyinə göndərilib. Bu zaman onun 2009-cu ildə Gəncə Dövlət Universitetindən aldığı diplomun saxta olduğu üzə çıxıb. Buna görə də Rüfət Şərifova ikinci ali təhsil üçün İqtisad Universiteti tərəfindən diplom verilməyib. Universtetin tədris mərkəzinin direktoru Əsəd Mirzəyevin sözlərinə görə, Rüfətə 2-ci diplom verilməyəcəyi barədə valideynə məlumat verdikdə,o, məsələni aqressiv qarşılayıb. Və şantaj yolunu tutub. Dövlət İqtisad Universitetinin rəhbərliyi Rüfət Şərifovun Bakı sakini Nərgiz Məmmədova vastəsilə 23 min manat müqabilində universitetə qəbul etdirmək barədə deyilənləri böhtan sayır.

Tədris mərkəzinin direktoru, Əsəd Mirzəyev: "Fakta fikir verin, Nərgizdən 2007-də 23 min manat pul alıb. Sual olunur bəs necə 2009-da qəbul olunub? Biz Nərgiz Məmmədova adlı şəxsi tanımırıq, biz Rüfət Şərifova diplom verməmişik. Şərifov Rüfətin diplomunun saxta olma məsələsini biz qaldırmışıq. Biz Təhsil Nazirliyinə, Baş Prokurorluğuna müraciət etmişik".

Adı saxta diplom verməkdə hallanan Gəncə Dövlət Universitetindən məsələyə mövqe öyrəndik. Univesitetdən belə bir şəxsə diplom verilmədiyi bildirildi.

GDU-nin tədris metodika şöbəsinin müdiri, Elturan Yusifov: "GDU olaraq bildiririk ki, universtetdə Rüfət Şərifov adlı tələbə təhsil almayıb və diplomların verilməsi, qeydiyyat kitabında belə adama diplom verilməyib".

Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev iki ay əvvəl işdən azad edilib. Buna qədər isə mətbuatda onun işinin öhdəsindən gələ bilməməsi və bəzi qanunsuzluqlara yol verməsi barədə fikirlər səslənmişdi. Keçmiş rektor işdən azad edilməsini səhhəti ilə əlaqələndirmişdi. Hər halda Rüfət Şərifova verilən diplomda Yadigar Əliyevin imzasının olub-olmadığını istintaq, ekspertiza müəyyən edəcək.

Gəncə Dövlət Universitetinin (GDU) keçmiş rektoru, filologiya elmləri doktoru, professor Yadigar Əliyev Gəncə Dövlət Universitetindən Rüfət Şərifov adlı məzuna verilmiş saxta diplomu onun imzaladığı barədə bir sıra KİV-lərin yaydığı məlumatı təkzib edib

Yadigar Sadıqov bununla bağlı Modern.az-a verdiyi açıqlamada bildirib:

"ANS TV-də və muxtəlif kütləvi informasiya vasitələrində həmin saxta diplomla bağlı dəqiqləşdirilməmiş məlumata görə təəssüflənir və bildirirəm ki, mən 2013-cü il fevral ayından möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə Gəncə Dövlət Universitetinə rektor təyin edilmişəm. 2009-cu ildə Rüfət Şərifova verilmiş "diplomda" 2013-cü ildə vəzifəyə təyin edilmiş rektorun - yəni mənim imzamın ola bilməsi isə gülünc, yalan və iftiradır".

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin bir neçə gün öncə yaydığı məlumata görə, Gəncə Dövlət Universitetindən Rüfət Şərifovun adına verilmiş diplomun saxta olması barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırma zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Rüfət Şərifovun birinci ali təhsili haqqında 2009-cu ildə Gəncə Dövlət Universitetini bitirməsinə dair diplomunun dövlət nümunəli olmadığı, o cümlədən Bakı şəhər sakini Nərgiz Məmmədovanın 2007-ci ildə R.Şərifovun Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirilməsi adı altında sonuncunun anasından 23 min manat məbləğində pul almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.