Dünya analar gününü belə qeyd etdi

Day.Az представляет новость на азербайджанском языке.

Dünən bütün dünya müqəddəs bir günü - Analar Bayramını keçirirdi. Hərçənd ki, Azərbaycanda belə bir tarix qeyd edilmir, biz də Türkiyə, eləcə də xarici ölkələrin televiziyalarından belə bir günün varlığından xəbər tutduq.

Məlum, Azərbaycanda 8 Mart adlı qadınlar bayramı daha çox "müəllimlərə pul yığımı" günü kimi assosiasiya olunduğundan bunu birmənalı şəkildə analara şamil etmək mümkün deyil. Amma dünya qeyd edir və bu tarixdən istifadə edib, biz də analarla bağlı dünyadakı son durumu yada salmaq istədik.

Bayramın təşəbbüskarı Amerikadır...

Analar Günü - anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün beynəlxalq qadınlar günündən fərqli olaraq, anaları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada Analar Günü mayın ikinci bazar günü qeyd olunur.

Qeyd edək ki, İngiltərədə XVII əsrdən XIX əsrədək "Anaların bazar günü" adlı bayram qeyd olunub. Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram "Böyük pəhriz" adlanan dini bayramın dördüncü bazar günündə keçirilirmiş. ABŞ-da "Analar günü" ilk dəfə 1872-ci ildə məşhur Amerika pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənib.

Analar Günü həm də qadın və anaların üzləşdiyi qlobal və milli məsələlərə bir daha dünya ictimaiyyətinin diqqətini cəlb etmək, onları narahat edən problemlərin həlli yollarını araşdırmaq məqsədi daşıyır.

ABŞ-da Analar Gününu ilk dəfə dəstəkləyən məşhur Amerika pasifisti Culiya Uord Houvun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günüdür. Lakin onun bu konsepsiyası nə ABŞ-da, nə də digər ölkələrdə öz təsdiqini tapmayıb. 1907-ci ildə ABŞ-ın Filadelfiya ştatından olan Anna Carvis anaların təbrik olunması təşəbbüsü ilə çıxış edib. O, ilin bir gününün analara həsr olunması, yəni bu münasibətlə Analar Gününün qeyd olunması təklifi ilə dövlət idarələrinə, qanunvericilik orqanlarına və görkəmli şəxslərə məktub yazıb.

1910-cu ildə ilk olaraq Virciniya ştatı Analar Gününü rəsmi bayram kimi tanıyıb. 1914-cü ildə ABŞ prezidenti Vudro Vilson may ayının ikinci bazar gününü bütün amerikalı anaların şərəfinə milli bayram elan edib.

ABŞ-ın ardınca 23 ölkə may ayının ikinci bazar gününü bayram elan edib. Daha 30 ölkə isə bu bayramı başqa günlərdə qeyd edir.

Rusiya prezidentinin "Analar Günü haqqında" 30 yanvar 1998-ci il 120 saylı fərmanına müvafiq olaraq noyabr ayının sonuncu bazar günü ölkədə Analar Günü kimi qeyd olunur. Bu bayramın təsis olunması təşəbbüsü RF Dövlət Dumasının Ailə, qadın və uşaq məsələləri Komitəsi tərəfindən irəli sürülüb.

Həmin vaxtdan etibarən hər il ənənəvi olaraq noyabr ayının sonuncu həftəsi dünyanın müxtəlif yerlərində yaşayan insanlar anaları təbrik edir, onlara gül-çiçək dəstələri hədiyyə etməklə, öz sevgi və hörmətlərini ifadə edirlər.

Analar üçün ən ideal ölkə...

"Save the Children" ("Uşaqların Xilası") təşkilatı 178 ölkə üzrə araşdırma apararaq, dünyanın analar və uşaqlar üçün ən yaxşı ölkəsini seçib. Araşdırmanın nəticəsinə görə, Finlandiya yenidən dünyanın analar və uşaqlar üçün ən yaxşı ölkəsi olub.
Araşdırma ana sağlamlığı, uşaqlar arasında ölüm riski, təhsil səviyyəsi, ölkənin gəlir səviyyəsi və qadının siyasi statusu olmaqla 5 kateqoriya əsas götürülüb.
Növbəti yerləri isə Norveç, İsveçrə, İslandiya, Hollandiya və Danimarka tutub.

Dünyada ana ölümləri azalıb, amma...

1990-cı ildən dünyada ana ölümləri halları 45 % azalıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının iki yeni hesabatında deyilir. Ekspertlər qeyd edir ki, ötən il hamiləlik və doğuş zamanı 289 min qadın ölüb. 1990-cı ildə isə müvafiq göstərici 520 min olub.
Mütəxəssislərin rəyinə görə, ana ölümlərinin 25%-i kökəlmə, diabet, malyariya, yaxud da QİCŞ-lə əlaqəli olub. Hesabatda bildirilir ki, ana ölümlərinin ən yüksək olduğu 11 ölkə - Butan, Kamboca, Kabo-Verde, Ekvatorial Qvineya, Laos Xalq Demokratik Respublikası, Maldiv adaları, Nepal, Ruanda, Rumıniya və Timor-Leşti bu tendensiya ilə mübarizədə uğur əldə ediblər. Belə ki, bu ölkələrdə ana ölümlərinin səviyyəsini 75 % azaltmaq mümkün olub. Lakin bu müsbət tendensiya bir çox Afrika ölkəsindən (Saxara səhralığından cənubda) yan keçib.

Sənəddə o da qeyd olunur ki, hər il 15 milyon qız (15-19 yaş arası) ana olur. Onların əksəriyyəti cinsi əlaqəyə məcbur edildiyinə görə hamilə qalır.

Niyə qadın ana olandan sonra intellektual səviyyəsi artır?

ABŞ-ın Stenford Universitetinin alimlərinin fikrincə, qadın ana olanda onun intellektual səviyyəsi (İQ) artır.

Araşdırmanın rəhbəri Kreyq Kinslinin dediyinə görə, bunun səbəbi təkamüldür. "Qadın ana olandan sonra həll etməsi vacib bir sıra məsələlərlə qarşılaşır. Hamiləlik zamanı qadın bir qədər dağınıq fikirli, unutqan olur. Lakin bu, hamiləlik dövründə beyindəki dəyişikliklərlə bağlıdır. Hamilə qadın ana olandan sonra isə beyin daha effektiv, daha sürətlə işləməyə başlayır", - Kinsli deyib.

Ana olandan sonra qadın necə dəyişir?

Uşaqlarınız olduğunda bəzi vərdişləriniz dəyişər. Onlara nümunə ola bilmək, onlara daha yaxşı baxa bilmək üçün əvvəlcə özünüzə diqqət yetirməyə başlarsınız.

1. Hamiləykən daha sağlam qidalanmağa başlayarsınız. Yeməklərin ancaq dadına deyil, qidalandırıcı tərəfinə də əhəmiyyət verərsiniz. Bir qidanı qəbul etmədən əvvəl iki dəfə düşünərsiniz. Körpənizi əmizdirərkən də yedikləriniz ana südünə keçəcəyi üçün sağlam qidaları seçərsiniz.

2. Körpəniz doğulduqdan sonra şikayət etdiyiniz kilolarınızı aradan götürmək üçün idmanla məşğul olmağa başlayarsınız. Bəlkə də indiyə qədər həmişə idmana laqeyd yanaşmısınız. Kilo vermək üçün idmanla məşğul olarkən əzələləriniz və immunitet sisteminiz də güclənməyə başlayar. Ürək sağlamlığınız yaxşı bir yuxu üçün də faydalı olar.

3. Uşaqlarınıza yaxşı nümunə olmaq üçün qidalanma vərdişlərinizi dəyişdirərsiniz. Məsələn: uşaqlarınız sizi sağlam qidalar yeyərkən görsə sizdən nümunə götürəcək.

4. Açıq havaya çıxmaq uşaqlar üçün həm təmiz hava həm də enerjilərini istifadə etmək üçün lazımlıdır. Eyni zamanda sizin üçün də bir fürsətdir. Ailə tərəfindən edilən qaçış, velosiped minmə ya da onlarla birlikdə oyun oynamaq kimi fəaliyyətlər sizin özünüzü daha yaxşı hiss etmənizi təmin edər.

5. Uşaqlarınızı ən yaxşı formada tərbiyə edə bilmək üçün enerjiyə, sağlamlığa və gücə sahib olmalısınız. Buna görə uşaqlarınıza görə özünüzə əhəmiyyət verərsiniz.
Ana olmaq üçün ideal yaş...

Türkiyənin evlilikmərkəzi.com saytı övlad sahibi olmaq üçün ideal yaş sorğusunu keçirib. Bu araşdırmada 2846 nəfər iştirak edib. Araşdırmanın nəticələrinə görə, kişilər erkən yaşda ata olmağın əleyhinədir. Qadınların çoxu ana olmaq üçün 25-30 yaş arasının ideal olduğuna inanır.

Fikir ayrılığı - övlad sahibi olmaq üçün 31-35 yaş arası kişilərin 47 faizi ata olmağı azrulayır, qadınların isə 23 faizi ana olmağa hazır olduğunu deyib. Fikir ayrılığı 25-30 yaş arası üçün də keçərlidir. Qadınların 52 faizi ana olmağa razı olarkən, kişilərin ancaq 25 faizi özünü ata olmağa hazır hiss edir.

Sosial rifah artdıqca uşaq sayı azalır - kişilər uşaq sahibi olmaq istədiyi zaman evlənmək istəyirlər və bu sahədə tələsmirlər. Qadınlar isə bioloji baxımdan karyeraların yüksəldiyi yaş həddində - 25-30 yaş arasında ana olmağa qərar verirlər. Buna görə də, deyə bilərik ki, sosial rifah artdıqca evlənmə yaşı və övlad sahibi olma yaşı artır. Uşaq sayı isə azalır.

Ana olmaq qadınların ömrünü uzadır

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ana olandan sonra qadınların ömrü uzanır. Araşdırma heç də 1-2 uşaqlı anaları əhatə etmir, söhbət dünyaya 6 və ya daha çox uşaq gətirmiş qadınlardan gedir. Yəni 6 uşaq sahibi bir ananın ömrü digər anaların ömründən daha çoxdur.

Avstraliyada aparılan araşdırmaya görə, 6 və ya da daha çox sayda uşağı olan qadınlar yüzdə 40 daha az ölüm riski daşıyır. Araşdırmanın rəhbəri olan Yeni Cənubi Uels Universiteti professoru Leon Simons bildirib ki, "qadınları 6-dan çox uşaq sahibi olun deyə təşviq etməsək də, görünən budur ki, çoxuşaqlı analar ən azı bir uşağı olan həmcinslərindən daha çox yaşayır".

ABŞ mətbuatında yer alan araşdırma isə 1988-ci ildən etibarən, 60 yaşdan böyük olan 1500 qadın və 1200 kişini əhatə edib. Gəlinən nəticəyə görə, uşağı olmayan qadınlara nisbətlə iki uşağı olan qadınlar yüzdə 17, üç uşağı olan qadınlar yüzdə 20 daha az ölüm riski daşıyır. Uşaq sayı artdıqca anaların ölüm riski azalmağa davam edir. Bu vəziyyətin səbəbinin hələ tam olaraq açıqlanmadığını bildirən Simons, eyni tapıntılara başqa ölkələrdə də rast gəlindiyini bildirib.

Ali təhsilli qadınların sayı artdıqca ana olmaq istəyənlər azalır

Amma bəzi inkişaf etmiş ölkələrdə qadınlar ana olmaq fikrini yaxına belə buraxmır. Bu cür düşünənlərin sayı xüsusən İngiltərədə çoxluq təşkil edir. Belə fikirlər "child free" terminində əks olunurdu ki, bunun da tərcüməsi "uşaqdan azad" mənasını ifadə edir. Bu söz əsl qadın humanizminə yad olsa da, onun tərəfdarları cəmiyyətdə heç də az deyil.
Bəzi xanımlar gec ana olmaq istəyir, bəziləri isə, ümumiyyətlə, ana olmaq istəmir. Belələri hesab edir ki, onların uşaqları böyütmək üçün kifayət qədər səbirləri yoxdur. Uşağın çirkli paltarını yumaq, vaxtında yedizdirmək və onun səs-küyünə qulaq asmaq onların həyat prinsiplərinə daxil deyil. Cəmiyyətdə anaların tez-tez işlətdiyi cümlələr var ki, o da gənc qızları ana olmaqdan çəkindirir.

"Mən sənə bütün gəncliyimi sərf etmişəm, sən isə məni qiymətləndirə bilmirsən" və ya "uşaq yeni problemlər gətirir". Ana olmaq istəməyən qadınlar fikirləşirlər ki, bəlkə gələcəkdə mənim övladım cəmiyyətdə yaramayan bir insan oldu və ya uğursuz taleyi oldu. Gələcəkdə belə övlada görə əziyyət çəkmək və onun məsuliyyətini daşımaq istəmirlər. Bəzi qadınlar isə karyera qurmaq üçün ailə qurmaqdan və ana olmaqdan imtina edirlər.

Bəzi qadınlar isə ana olmaq istəməmələrinin bir sıra səbəblərini qeyd edirlər: maddi çətinlik, gəncliyi özünə həsr etmək arzusu, xarici görünüşünün dəyişilməsini istəməmək, hamiləlik və uşaq dünyaya gətirmək qorxusu.

Araşdırmalar göstərib ki, ABŞ-da 1982-ci ildə 2,4 % qadın ana olmaqdan imtina etmişdisə, bu rəqəm 1995-ci ildə 6,6%-ə çatıb. Hazırda faiz daha yüksəkdir. Toronto Universitetində işləyən Devid Fut bu qənaətə gəlib ki, cəmiyyətdə ali təhsilli qadınların sayı artdıqca ana olmaq istəyənlərin sayı azalır.

"Yeni Müsavat"