Baxıcı Tofiq: "Adama baxan kimi bilirəm onun nə qədər ömrü qalıb" - MÜSAHİBƏ

Day.Az представляет новость на азербайджанском языке:
Rayonda qeyri-adi sənətlə məşğul olan, öz həyat tərzi ilə maraq doğuran unikal insanlarla tanış olur, onların düşüncələrini və yaşayış tərzini işıq üzünə çıxarmağa çalışırıq. Lent.az xəbər verir ki, bu dəfə, rayonda baxıcı kimi ad çıxarmış Tofiq kişi ilə görüşəsi olduq. Baxıcı Tofiq həm də kor olduğuna görə, marağımı çəkdi. Düzü, məni tanıyanlar yaxşı bilir ki, heç vaxt baxıcılığı sənətini ciddiyə almamışam. Buna baxmayaraq, düşündüm ki, görmə qabiliyyətini itirmiş bir baxıcının düşüncələri, iş metodu və həyat tərzi mütləq maraq doğuracaq.
...Rayonun mərkəzində yerləşən səliqəli həyətində ayrıca "iş otağı" vardı. Biz orda olanda dörd qadın, iki kişi növbə gözləyirdi.
- Tofiq kişi, sizə nə vaxt vergi verilib?
- Bu sənətə qədər mən hüquq mühafizə orqanlarında işləmişəm. İlk dəfə qeyri-adi hadisə Gəncədə başıma gəldi. Təxminən 25 yaşım olardı, köhnə bir "Jiquli" maşınım vardı, Gəncə bazarına getmişdim. Bazardan çıxıb maşına yaxınlaşanda gördüm, qarşımda əcaib bir məxluq gedir. Ayaqları əl boyda idi, ancaq bədəni bizimki kimi normal görünürdü. Baxdım ki, bu insanın boynu kobradakı kimi qanadvaridi, ancaq sifəti çox balacadı. Nə qədər eybəcər məxluq olsa da, mənə xoş təsir bağışlayırdı. Hiss edirdim ki, onu məndən başqa heç kim görmür.
- Bəs sonra?
- Sonra həmin məxluq yolun o biri tərəfinə keçib mənə əl elədi və qəfil boynunun yanından qanad çıxararaq yoxa çıxdı. Bu mənzərədən xeyli qorxuya düşdüm. Dərdimi heç kimə deyə bilmirdim. Axırda bu sirri anama açdım. Anam dedi, yəqin səni qara basırmış. Cavab verdim ki, ay ana, qarabasma nədi? O məxluqdan sonra məndə qeyri-adi qabiliyyət peyda olub. Soruşdu, nə peyda olub? Dedim, mənə elə gəlir adamların fikrini oxuya bilirəm. Anam qayıtdı ki, mənim fikrimi oxu görüm. Dedim, bax sən bu dəqiqə filan şey haqda fikirləşirsən. Dedi, doğru deyirsən.
- Bəs, sonra necə oldu?
- Sonra yavaş-yavaş əsəblərim pozulmağa başladı, gözlərim zəiflədi və nəticədə görmə qabiliyyətini itirdim. Bir gün yatdığım yerdə, gördüm, həmin məxluq uçaraq gəlib ayağımın ucunda əyləşdi. Uzun müddət heç nə demədi. Sonra dedi ki, sən gərək bu sirri anana da deməyəydin. Bunu adamlara danışsan, heç kim inanmayacaq və sən dəli olacaqsan. Onunla dərhal razılaşdım. Sonra dedi, insanları müalicə eləmək üçün tanrıdan sənə qüvvət verəcəm. Bunu dedikdən sonra yenə uçub getdi. Bu hadisədən sonra hiss etdim ki, insanları müalicə eləyə bilərəm. Əvvəlcə, yanıma ağzı əyilmiş bir qız uşağı gətirdilər, əlimi bir neçə dəfə onun üzünə çəkdim, uşaq tam sağalıb ayağa qalxdı.
- Başqa hansı xəstəlikləri müalicə edə bilirsiniz?
- Bihuş olanlar var, yeriyə bilməyənlər var, ağzı əyilənlər var, nəzər toxunanlar var, qorxusu olanlar var, hamısını sağaldıram. Sizə bir misal deyim, mən Bakıda Biləcəri qəsəbəsində yaşayanda imkanlı bir kişinin qızı çox pis xəstəliyə tutulmuşdu, onu sağaldıb ata-anasına qaytardım.
- Xəstəliyi nə idi?
- Qorxu. 20 yaşı vardı, adam görəndə qaçıb gizlənirdi. Onu sağaldandan sonra atası mənə xeyli pul təklif elədi, götürmədim. Dedim, mənim işim yalnız yaxşılıq eləməkdi, pul mənlik deyil.
- Bəs siz necə dolanırsınız?
- Məni tanrının hökmü dolandırır.
- Yaxşı, o əcaib məxluqun axırı necə oldu? Sizcə o kim idi?
- O, özgə planetdən gəlmiş varlıq idi, bir də onu görmədim. Yerinə başqa varlıqlar gəlir yanıma. Bir dəfə məni iki ucaboylu qadın alıb tamam başqa bir yerə apardı. Getdiyim yer çox müqəddəs bir yer idi, hər şeyi danışa bilmərəm. O qadınların birinin saçı sarı, digərininki qara idi. Onların yanından hər dəfə geri gələndə dilimin altında sarı və qara tük tapırdım. Bununla işarə eləyirdilər ki, gördüklərini heç kimə demə.
- Bəs başqa gələnlər olurmu yanınıza?
- Əlbəttə. Bu yaxınlarda ucaboylu bir qadın gəldi, məni öz planetlərinə apardı.
- Nə üçün sizi aparırlar?
- Onlar mənə insanları xilas eləmək üçün elm öyrədirlər. Bu yaxınlarda Kürdəmirdən bir cavan oğlan gətirmişdilər, huşu üstündə deyildi, yeriyə bilmir, ayaqları yerlə sürünürdü. Əlimi üç dəfə bədəninə çəkdikdən sonra ayılıb ayağa durdu. Elə vaxtlar olub, məni xəstə üstünə aparmaq istəyiblər, demişəm, onun vaxtı tamamdı, bu ayın 18-də adam canını tapşıracaq. Eləcə də olub. Adama baxan kimi bilirəm onun nə qədər ömrü qalıb.
- Deyə bilərsinizmi, mənim ömrüm nə qədər qalıb?
- Tanrının gözünə şükür, siz hələ indi-indi həyata başlayırsınız.
- Bəs, kiminsə bəxtini bağlamaq, qurd yağı çəkmək, dua yazıb kiməsə xəta törətməyi bilirsinizmi?
- Yox, o işlərlə aram yoxdu. O qurd yağıdı, nə bilim, mis üstə yazı yazmaqdı, bunlar mənlik deyil. Mən duanı ancaq xalqım, millətim üçün yazmışam. Özüm əslən Əlibəylidənəm. Bilirsinizmi, erməni niyə buralara bata bilmir? Müdafiə duası yazıb o dağların zirvəsində beş yerə basdırmışam. Ona görə bu yerləri almaq mümkün deyil!
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре