Üç Vaqif və Villis Konover

Day.Az ayna.az-a istinadən İbrahim Nəbioğlunun yazısını təqdim edir

Çoxları kimi mən də cazı ikiyə ayırmışdım - Vaqifə və digərlərinə. 10-cu sinifdə oxuyurdum, bir gün hamı yatandan sonra məktub yazdım. Vaqif Mustafazadənin "Mart" kompozisiyasının efirə verilməsini xahiş etdim. Aylardan da elə mart idi. Zərfin üstünə "Amerikanın səsi, Caz saatı" yazıb göndərdim Vaşinqtona. Və bir aprel axşamı qulaqlarıma inanmadım - verilişin aparıcısı proqramda "İndi isə Bakıdan gənc dinləyicimiz İbrahim üçün" deyərək adımı çəkdi. Bir həftə sonra anamı məktəbə çağırdılar...

* * *

Villis Konover (Willis Conover, 1920-1996) "Amerikanın səsi" radiosunun əfsanəvi "Caz saatı" verilişinin 40 il aparıcısı olub. Bizim yaşıdlar Konoverin yumşaq bariton səsi ilə böyümüş, onun yaydığı "caz virusu"na yoluxmuşdular. Maqnitafon az ailədə vardı, ancaq radiosuz ev yox idi. Xarici radiostansiyalar həm xəbər mənbəyi, həm musiqi dinləyə biləcəyimiz yeganə yerdi. Axşam düşən kimi mətbəxə keçir, VEF radioqəbuledicimi sağa-sola döndərir, min bir çilə ilə "Amerikanın səsi" və ya "Monte Karlo" kanallarını yaxalamağa çalışırdım. Diktorların qulağa xoş gələn danışıqları insana sirli və qəribə gəlirdilər. Villis Konover və Sofya Tarnovskaya kimi aparıcılar möhtəşəmdilər.

"Voice of America" verilişlərini Sovet İttifaqı ilə onun Şərqi Avropadakı satellitlərinə 1947-ci ildə translyasiyaya başladı. Soyuq Müharibə bu radiostansiya ilə Varşava Paktı ölkələrinin evlərinə girdi. Kölgəsindən də qorxan Moskva yayınları əngəlləmək üçün radiolokasiya stansiyaları qurmağa başladı. Bunlardan biri də evimizin yaxınlığında, Gənclik metrosunun yanındakı ətrafı boz hasara alınmış böyük ərazidə yerləşirdi. Antenlər mənfur ideologiyanın simvolu kimi hələ də ordadırlar. Bakıya hər gələndə pəncərədən o idbar qurğulara baxır və səksənirəm.

Xalq arasında adı "QolsAmerka" kimi tələffüz edilən radionun xəbər buraxılışlarını əngəlləmək və efirə küy verməklə Sovet ideoloji cəbhədə qələbə çaldığını düşünürdü. Ancaq Amerika əsas sarsıdıcı zərbəni Sovet insanının qəlbini qazanmaqla - onu sakit və ecazkar musiqi ilə ovsunlayaraq vurdu. 1955-ci ildə Duke Ellingtonun "Take the A Train" kompozisiyasının akkordları ilə başlayan "Caz Saatı" proqramı zamanla əfsanəyə çevrildi. Efirdəki bütün səs-küy, cırıltı və cızırtıya rəğmən Konoverin "This is Willis Conover in Washington, D.C., with the Voice of America Jazz Hour" sözləri Şərqi Berlindən Vladivostoka qədər yayılmağa başladı. Həftənin 6 günü Konover sosialist blokunun ölkələrini "bombalayır", Ella Fitcerald, Lui Armstronq, Çarli Parker, Con Koltreyn, Billi Holidey, Kaunt Beysi, Telonius Monk, Dizzi Gillespi, Benni Gudmen kimi nəhəng ifaçı və vokalistlərlə dünyadan təcrid olunmuş sovet adamının qulağının "pasını" açırdı.

Kreml və onun təbliğat maşını təhlükəni çox tez anladı. Caz musiqisinin "dağıdıcı" gücü onu təşvişə salmışdı. ''Bu gün sən caz çalırsan, sabahsa Vətəni satacaqsan" (Сегодня ты играешь джаз, а завтра - Родину продашь) şüarı belə heç nə edə bilmədi. 1970-lərin sonunda Sovet İttifaqında "Caz Saatı"nı dinləyənlərin sayı gündəlik 100 milyona (!!!) çatdı. 1980-lərin əvvəllində isə aydın oldu ki, Konover caz proqramı ilə əslində sərhədləri silib. O, "Caz diplomatiyası"nın yaradıcısı oldu, "Caz Azadlığın səsidir" deyərək milyonlarla insanın gözünü açdı, dünyagörüşünü dəyişdi. Zərgər dəqiqliyilə seçdiyi caz kompozisiyaları mədəniyyətləri birləşdirdi, mağmın sovet insanını "qış yuxusu"ndan oyatdı. Caz musiqisini sevən və bilən Vaqif Səmədoğlu da "Caz Saatı"nın tiryəkisi olduğunu, proqramı dinləmədən yatmadığını söyləyirdi.

* * *

70-ci illərin əvvəlində kiçik dayım Vaqifin toyu üçün Qazağa getmişdik. Babamgilin evinə çatanda baxdıq ki dayım yoxdur - Tiflisə gedib. Toyuna üç gün qalmış məhlədəki tay-tuşları ilə Vaqif Mustafazadənin konserti üçün aradan çıxmışdı. Toy günü dayım dostlarına adaşının Tiflisdə necə "qan eləməyindən" danışırdı. Mən də ağzımı açıb heyranlıqla ona qulaq asırdım. Təsəvvür edə bilirsizmi, Qazax uşaqları caz söhbətləri edirdilər. Qazaxda isə nə caz klubu var idi, nə də caz biliciləri. Amma hər evdə bir VEF-12 tranzistoru var idi ki, bu da dünyaya açılmaq üçün kifayətdi. Bazar günü xaric hər axşam saat 22:00-dan 24:00-a qədər  Viillis Konover gəncləri maqnit kimi "Caz Saatı" proqramına çəkirdi.

Bakıda doğulub Bakıda böyüməyimə baxmayaraq mənim Konoverin fanatına çevrilməyim məhz babalarımın doğulduğu torpaqlarda başlayıb. O illər bir çoxları kimi Konoverin səsi gələndə mən də dik atılır, qulağımı gümüşü-qara tranzistoruma dayayırdım. Evimizdən adətən sazın tilsimli səsi havalanırdı, gecənin gec saatlarında isə qardaşımla mənim otağımdan caz melodiyaları süzülürdü. Hərdən qonşumuz Marina "Sən cazla saz arasında ilişib qalıbsan" deyərək məni cırnadırdı. Sonralar Azərbaycan televiziyasında Vaqif Səmədoğlunun aparıcısı olduğu caz proqramı yayınlamağa başladı. İmkanların məhdudluğu, video-lentlərin kasad olması və bir çox b. səbəbdən proqramı bəyənmirdim. Vaqif Səmədoğlu qohumumuzdu, onu şair kimi çox bəyənirdim, amma aparıcısı olduğu caz verilişlərini heç xoşlamırdım. Tələsik və səliqəsiz hazırlanan verilişlərdə Vaqif Səmədoğlu sevdiyi musiqiçiləri verə bilmirdi - onların lent yazılarını tapmaq qeyri-mümkündü. Tapıb efirə verdikləri isə ya keyfiyyəti itmiş lent yazıları ya da Şərqi Avropa ölkələrinin ortabab caz qrupları idilər. Bu səbəbdən də verlişlər baxımlı alınmırdı.

Sonralar bu fikrimi rəhmətliyin özünə də dedim, o da bığını eşib mənimlə razılaşdı. Sonra da dedim ki, dövran dəyişib, artıq istədiyin musiqiçiyə qulaq asa bilərsən, bəs indi hansı cazmeni dizləyirsən? Yastı-yastı "İndi mənimki sazmen Ədalətdi" dedi. Yaşa dolduqca genetik kodlar öz işini görürdü, o, aşıq musiqisinə - köklərinə qayıdırdı...

 

* * *

Adımı "QolsAmerka"da çəkdilər deyə özümü disident kimi hiss etdim bir ara. Məktəb qızlarının yanında forslanmağa belə başlamışdım. Ancaq atamın zəhmi ilə anamın narahat olacağından qorxub evdə məktəbə çağrıldıqlarını demədim. Məktəb direktoru da çox israr etmədi. Anladım ki, məsələni çox böyütməyiblər. "Sovetin tikişləri" qadın corabı kimi sökülməyə başlamışdı, Moskva da, onun sarsaq təbliğat maşını da təlaş içində idilər. Yalançı şüarlar, boş xəyallar üzərində milyonların qanı hesabına qurulmuş sistemin çökməyinə çox az qalmışdı. Nə qəribədir ki,''Bu gün sən caz çalırsan, sabahsa Vətəni satacaqsan" deməklə Kreml ideoloqları müəyyən mənada da haqlı çıxdılar. Çünki Sovetin axırına da elə Konoverlə böyüyən nəsil çıxdı ...

* * *

Villis Konoveri ABŞ-da kimsə tanımırdı. Çünki "Amerikanın səsi" ölkə daxilinə yayımlanmırdı. Ancaq bütün dünyada məşhurdu o, "Amerikanın caz elçisi" deyirdilər ona. Çox siqaret çəkirdi, qırtlağında şiş yarandı. 1996-cı ilin bir bahar günü vəfat etdi.

Konoverə incikliyim vardı uşaqlığımdan. Çünki verilişində adımı çəksə də, istəyimi yerinə yetirməmiş, Vaqif Mustafazadənin yerinə Telonius Monkdan bir əsər səsləndirmişdi. Ölüm xəbərini Ankarada təsadüfən radiodan eşitdim. İncikliyimi unutdum o andaca. Onu sevən milyonlarla insandan biri idim mən. Villis Konover gəncliyim, xəyallarım və arzularımdı...

Məhz onun formalaşdırdığı caz zövqümə görə uzun illər keçməsinə baxmayaraq hələ də əvvəlki kimi düşünürəm - Caz Vaqifdən və digərlərindən ibarətdir.

2011-ci ildən beynəlxalq ictimaiyyət aprel ayını caz ayı kimi qeyd edir. 30 aprel isə "Beynəlxalq caz günü" elan edilib. Bu gün Villis Konoverlə bərabər həm də hər üç Vaqifi - caz improvizatoru Vaqif Mustafazadəni, şair Vaqif Səmədoğlunu və mənə cazı sevdirən dayım Vaqif Qocayevi hörmətlə anıram.