Rus turistlər Azərbaycana axın edir
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanda 300-ə yaxın turizm şirkəti fəaliyyət göstərir. Onlar əvvəlki illərə nisbətən indi daha çox gəlmə turizmi ilə məşğuldurlar. Yəni xaricdən turist cəlb edirlər.
Bunu Milli.Az-a Azərbaycan Turizm Assosiasiyasının (ATA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, gəlmə turizm ölkə iqtisadiyyatına daha çox xeyir verən bir sahədir: "Bilirsiniz ki, gəlmə, getmə və daxili turizm növləri var. Əgər ötən əsrin 90-cı illərində və 21-ci əsrin əvvəllərində əsasən ölkədən getmə turizmi üstünlük təşkil edirdisə, indi şirkətlərin çoxu gəlmə və daxili turizmlə məşğul olurlar. Ona görə də bu sahələrin çəkisi getdikcə artır. Ümumiyyətlə, həm qonaqpərvərliyi, həm də son illər infrastrukturun inkişafı ilə əlaqədar turizm potensialının genişlənməsi, eyni zamanda yeni turizm növlərinin yaranması ilə əlaqədar Azərbaycana gələn turistlərin sayı çoxalıb. Xüsusilə, Rusiya, Belarus, Qazaxıstandan gələn turistlərin çəkisi getdikcə artıb. Çünki Azərbaycan onlara həm coğrafi cəhətdən yaxındır, həm də viza problemi yoxdur".
M.Ağakərimov qeyd edib ki, gəlmə turizminin içində də sağlamlıq turizminə meyl çoxdur: "Məsələn, Naftalana gedənlərin sayı çoxdur. Orada 6-7 yüksək səviyyəli otel var. Eyni sözləri Quba, Qalaaltı haqqında da demək olar. Amma bir neçə il əvvəl bunlar yoxdu. Bizdə olan məlumata görə, sağlamlıq turizminə görə Naftalana gələn tusitlərin arasında Qazaxıstandan gələnlər birinci yerdədirlər. Onlar həm dincəlir, həm də müalicə olunurlar".
Ekspert rusiyalı turistlərin Azərbaycana axınının səbəblərini də izah edib: "Rusiya turistlər isə əsasən Qəbələyə, daha sonra Şəkiyə üz tuturlar. Eyni zamanda şimal-qərb bölgəsində digər rayonlarda da olurlar. Rusların qış turizminə də böyük marağı var. Bizdə isə dağ turizmi sahəsində "Tufandağ" və "Şahdağ"da bunun üçün yaxşı imkanlar var. Yayda isə ruslar daha çox çimərlik turizminə üstünlük verirlər. Çünki əvvəllər rusiyalı turistlər əsasən Yaxın Şərqdə, Misirdə Şarm Əl-Şeyxə və Türkiyədə isə Antalyaya gedirdilər. Amma baş verən proseslərdən sonra yaranan məlum vəziyyətlə əlaqədar oraya üz tutmurlar. Ona görə də bunun əvəzində digər isti yerlər axtarırlar ki, dənizi olan ölkələrdə istirahət edə bilsinlər. Onlardan biri də Azərbaycandır. Ona görə də ölkəmizə gələn rusiyalı turistlərin çəkisi getdikcə artır".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре