Azad olunmuş ərazilərimizə həyat qayıtmağa başlayıb - Deputat
Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri zəngin və əhatəli olur. Füzuli, Zəngilan, Laçın və Cəbrayıla son səfəri çərçivəsində işğaldan azad olunmuş torpaqlarda ilk dəfə olaraq yenidən qurulmuş sosial infrastrukturun açılışı olub. Qısa bir zamanda Güləbird su elektrik stansiyasının açılışı tarixi hadisədir. Bu, o deməkdir ki, azad olunmuş ərazilərimizə həyat qayıtmağa başlayıb.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, ağıllı kənd layihəsinin təməli qoyuldu, Laçında bayrağımız dalğalandırıldı:
"Bu gün Qarabağ torpaqlarında sürətli yenidən qurma və bərpa işləri gedir. Yollar tikilir, işıq xətləri yenilənir, elektrik stansiyaları tikilir, hava limanlarının təməli atılır, əkinə yararlı torpaqların becərilməsinə başlanılır və ən əsası hər yerdə bayrağımız ucaldılır.
Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərimizə tez-tez səfər etməsi həm də siyasi xarakter daşıyır. Prezident İlham Əliyevin bu ərazilərimizə etdiyi hər bir səfər dünya tərəfindən, o cümlədən ermənilər tərəfindən diqqətlə izlənilir. Ölkə başçımız hər səfər çərçivəsində azad olunmuş torpaqlarda geniş nitqlə çıxış edir və mühüm mesajlar səsləndirir. Bu mesajlar həm daxili, həm də xarici auditoriyaya hesablanıb.
Daxili auditoriya üçün torpaqlarımızı necə və hansı şəraitdə ermənilərin işğal etdiyini, bu işğalın baş verməsində ovaxtkı hakimiyyətdə olan AXCP-Müsavat cütlüyünün rolunu, işğaldan xalqımızın çəkdiyi əziyyəti və bu gün artıq bizim bu ərazilərimizə qayıtmağımızla bağlı məsələlər səslənir. Hansı ki, bu işğalın baş verməsində əsas rolu olan qüvvələr bu gün də torpaqlarımızın işğaldan azad olunmasından narahatdırlar və ordumuzla xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsi sayəsində əldə olunmuş böyük qələbəmizə kölgə salmağa çalışırlar.
Ölkə başçısının bu məsələləri dilə gətirməsi xalqımızın hər zaman ayıq olmağına bir çağırış olmaqla yanaşı, ölkəmizin müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirə biləcək düşmən dəyirmanına su tökən müəyyən ünsürlərin iç üzünü açıb ictimaiyyətə təqdim edir".
Deputat vurğulayıb ki, Prezident həmçinin çıxışlarında bizə dost ölkələri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə dəvət etməklə yanaşı 10 noyabrda əldə etdiyimiz tarixi qələbəmizi bir daha düşmənlərimizin yadına salınır:
"Erməni müxalifəti populist revanşist fikirlər səsləndirməklə erməni ictimaiyyətin könlünü almağa və hakimiyyət çevrilişini etməyə çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bu revanşist fikirləri həyata keçirmək erməni ordusu yoxdur. Biz erməni ordusunu darmadağın etmişik, məhv etmişik. 10 noyabrda imzalan üçtərəfli bəyanat Ermənistanın və erməni ordusunun kapitulyasiya aktı idi. Baxmayaraq ki, ermənilər populist çıxışlar edirlər, realllıq odur ki, ermənilərin özünə gəlməsi üçün onillər lazım olacaqdır.
Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində öz sözünü deyib və 10 noyabrda imzalanan üçtərəfli bəyanat ölkəmizin ərazi bütövlüyünü təmin edib. Bu gün həmin ərazilərə müasir həyatın qaytarılması istiqamətində yenidən qurma və bərpa işləri sürətlə davam etdirilir. Cənab Prezidentin bu bölgəyə səfərləri görülən işlərin daha məsuliyyətlə və keyfiyyətlə icrasına yol açır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре