Mina və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib - FOTO
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Day.Az Trend-ə istinadən bildirir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti nümayəndələri iştirak ediblər.
Azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinin icra olunması işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri üzrə İşçi Qrupunda işğaldan azad edilmiş ərazilərdə təmizləmə fəaliyyəti üzrə müzakirələr aparılıb.
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə qurumlar tərəfindən aparılan fəaliyyətlər artıq planlı şəkildə davam etdirilir, lakin qeyd olunmuş ərazilərdə fəaliyyət miqyası genişləndikcə qurumların qarşısında duran öhdəliklər və tələblər daha da artacaq və buna uyğun olaraq ümumi şəkildə aidiyyəti dövlət qurumları, istər potensialın artırılması istiqamətində istərsə də planlaşdırma işlərinin həyata keçirilməsi üzrə fəaliyyətini sistemli şəkildə davam etdirməlidir. İşçi Qrupun əsas vəzifələrindən biri də ərazilərin minalardan təmizlənməsi istiqamətində bütün resursların cəmləşdirilməsi və kompleks şəklində qarşıya qoyulan vəzifə və tapşırıqların icrası üçün bu problemin aradan qaldırılması istiqamətində fəaliyyətin həyata keçirilməsinin daha da səmərəli icrasını təmin etməkdir.
İşçi Qrupun iclasında, Dövlət Strukturları tərəfindən daxil olmuş müraciətlərə əsasən işğaldan azad edilmiş ərazilərdə müvafiq layihələrin icrası məqsədilə nəzərdə tutulmuş sahələrin mina və partlayıcı qurğulardan təmizlənməsi, eləcə də Dövlətin Strateji Kursuna və prioritetlərinə əsasən 2022-ci il üzrə tədbirlər planına dair qurumlar tərəfindən tədqim ediləcək müraciətlər üzrə fikir mübadiləsi aparılıb.
Dövlət strukturlarının bu sahədə fəaliyyətinin media vasitəsilə ictimaiyyətə çatdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün kütləvi xəbərdaredici və maarifləndirici təbliğatın davam etdirilməsi, eləcə də bu sahəyə beynəlxalq səviyyədə ictimaiyyətin diqqətinin cəlb olunmasının vacibliyi vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре