Azərbaycanda təhsil sahəsindəki rəqəmsallaşma hansı mərhələdədir?

Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı təhsildə yeni yanaşmaların formalaşmasına səbəb olub. Azərbaycanda da təhsil sektorunun elektronlaşdırılması prioritet istiqamətlərdən birinə çevrilib. Bu proses yalnız tədrisin keyfiyyətini artırmaqla qalmır, eyni zamanda, idarəetmə sistemində şəffaflığın və operativliyin təmin olunmasına xidmət edir.

Hazırda Azərbaycanda təhsil sahəsinin tamamilə elektronlaşması üçün hansı addımlar atılmalıdır və ölkədə təhsil sahəsinin elektonlaşması ilə bağlı vəziyyət hansı səviyyədədir?

Mövzu ilə bağlı Trend-ə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, son illər təhsil sahəsində elektronlaşdırma ilə bağlı xeyli işlər görülüb.

"Müəllimlərlə bu istiqamətdə ciddi addımlar atılıb və ümumilikdə bu sahədə müəyyən uğurlar əldə olunub. Amma hesab edirəm ki, eyni zamanda, görüləcək işlər də kifayət qədər çoxdur. Elektronlaşdırma sahəsində atılmalı olan addımlar hələ də davam edir.

Təhsil Nazirliyi tərəfindən məktubların və sənəd dövriyyəsinin elektronlaşdırılması istiqamətində xeyli iş görülüb. Lakin bu gün əsas problemlərdən biri universitetlərlə bağlıdır. Belə ki, universitetlərdə elektron sənəd dövriyyəsi, elektron qiymətləndirmə və digər elektron qabiliyyətlərin tətbiqi məsələsi hələ də tam həll olunmayıb".

Deputatın sözlərinə görə, bu problemin aradan qaldırılması üçün vahid və effektiv bir proqram hazırlanaraq tətbiq edilməlidir.

"Qiymətləndirmə, sənəd dövriyyəsi və digər proseslərin elektron formada həyata keçirilməsi üçün ciddi addımlar atılmalıdır. Hazırda bəzi universitetlər bu istiqamətdə işlər görsələr də, əksəriyyəti hələ də kağız üzərində işləməyə davam edir. Məsələn, tələbələr yekun qiymətlərini öyrənmək və ya imtahan nəticələrinə baxmaq üçün mütləq universitetə getməlidirlər.

Düşünürəm ki, elektronlaşdırma sahəsində görüləcək işlər hələ çoxdur və bu sahədə sistemli yanaşmaya ehtiyac var", - deyə C.Məmmədov fikirlərini tamamlayıb.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə Trend-ə bildirib ki, Azərbaycanda təhsilin elektronlaşması istiqamətində yeni mərhələyə qədəm qoyulub:

"Artıq bu ildən etibarən paytaxt məktəblərində kağız jurnallardan imtina edilir və elektron jurnallar tam tətbiq olunur. Bu, həm idarəetmədə şəffaflığı təmin edəcək, həm də müəllim, şagird və valideyn arasında ünsiyyəti daha operativ edəcək. Eyni zamanda, təhsil prosesində insan amilindən qaynaqlanan əlavə vaxt itkisini aradan qaldıracaq.

Hazırda ölkəmizdə şagirdlərin elektron qeydiyyatı, ali və orta ixtisas təhsilinə qəbulun tam elektron şəkildə həyata keçirilməsi, müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsinin qeydiyyatının onlayn formada təşkili artıq formalaşmış sistemlərdir. Bu istiqamətdə atılan addımlar göstərir ki, Azərbaycan təhsilinin gələcəyi məhz rəqəmsal mühitdədir".

Təhsil eksperti vurğulayıb ki, xarici təcrübələrə nəzər salanda görürük ki, Estoniya bu sahədə dünyada ən qabaqcıl ölkələrdən biridir:

"e-School" sistemi vasitəsilə valideynlər övladlarının dərs cədvəlini, qiymətlərini, ev tapşırıqlarını və müəllimlərin qeydlərini real vaxtda izləyə bilirlər. Bu, təhsil prosesini tamamilə şəffaf və çevik edir. Sinqapurda süni intellekt dəstəyi ilə fərdi öyrənmə yanaşması tətbiq olunur: hər bir şagirdin öyrənmə tempi izlənilir, zəif tərəflər müəyyən edilir və buna uyğun təlim resursları təklif olunur. Finlandiya isə təhsildə elektron resursların əlçatanlığı ilə seçilir - burada dərsliklər, qiymətləndirmə meyarları və müəllimlər üçün metodik göstərişlər vahid rəqəmsal platformada toplanıb".

Əmrah Həsənli qeyd edib ki, Azərbaycanda da bu təcrübələrdən yararlanaraq, öz milli modelimizi yaratmaq mümkündür.

"Bunun üçün iki əsas istiqamət xüsusi diqqət tələb edir: müəllimlərin rəqəmsal bacarıqlarının gücləndirilməsi və region məktəblərində texniki təminatın artırılması. Çünki elektron platformaların səmərəli istifadəsi yalnız proqram təminatı ilə məhdudlaşmır, bu prosesin bilikli və hazırlıqlı insan resursuna ehtiyacı var. Ümumilikdə, təhsil sahəsində elektronlaşma dövlətimizin strateji hədəflərindən biridir və mərhələli şəkildə bütün ölkəni əhatə edəcək.

Kağız jurnallardan elektron jurnallara keçid isə bu istiqamətdə böyük bir dönüş nöqtəsidir. Gözləntimiz odur ki, yaxın illərdə həm məktəb, həm də ali təhsil sistemində vahid rəqəmsal platforma yaradılacaq və Azərbaycan öz milli elektron təhsil modelini formalaşdıracaq", - deyə o fikirlərini tamamlayıb.