Uşaqları onlayn platformalarda təhlükə və risklərdən necə qoruya bilərik?

Müasir dövrdə onlayn oyunlar və sosial media uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Texnologiya tərəqqi gətirdiyi kimi, müəyyən riskləri də özü ilə birlikdə gətirir. Təəssüf ki, bəzi uşaqlar bu risklərin fərqinə varmadan təhlükəli oyunların və zərərli kontentin qurbanına çevrilir. Bu gün vacib bir sualla qarşı-qarşıyayıq: Uşaqları onlayn təhlükələrdən necə qoruyaq?

Bu prosesdə rəsmi qurumların, valideynlərin və məktəblərin üzərinə hansı məsuliyyətlər düşür?

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə Elm və Təhsil Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, son illərdə yenilənən və ya təkmilləşdirilən ümumi təhsil fənləri üzrə təhsil proqramlarında (kurikulumlarda) informasiya təhlükəsizliyi, kiberqısnama və s. məsələlərə daha çox yer ayrılır:

"Bu çərçivədə şagirdlərə, həmçinin media manipulyasiyası, dezinformasiya, kiberqısnamanın mənfi tərəfləri ilə effektiv mübarizə yolları öyrədilir. Xüsusilə yeni hazırlanmış həyat bilgisi fənni üzrə təhsil proqramında (kurikulumda) "Sağlamlıq və təhlükəsizlik" məzmun xətti üzrə altstandartlarda elektron cihazların insan həyatında əhəmiyyəti və zərərləri izah olunur. Həmçinin yeni təkmilləşdirilmiş informatika fənni üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun xətləri vasitəsilə təhsilalanlarda sosial şəbəkələrdə yerləşdirilən informasiyanın pisniyyətli şəxslər tərəfindən tapılıb istifadə olunmasının mümkünlüyü, ünsiyyət vasitələrindən istifadə edərkən şəxsi və ya həssas məlumatların yersiz olaraq açıqlanmamasının vacibliyi vurğulanır".

Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, internet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatının azyaşlıları naməlum şifrəli, təhlükəli "əmr"lərin icraçısına çevirməsi ehtimalı var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfillinin sözlərinə görə, DİN tərəfindən respublikanın ali və orta təhsil məktəblərində tələbələrin, şagirdlərin güclü iradəyə sahib olub zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviq edilməsi istiqamətində mütəmadi olaraq kompleks işlər aparılır:

"Valideynlərə tövsiyə edirik ki, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var. İnternet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatının azyaşlıları naməlum şifrəli, təhlükəli "əmr"lərin icraçısına çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, "mənim övladım bunu etməz". Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır".

İKT mütəxəssisi Fərid Pərdəşünas mövzu ilə bağlı bildirib ki, uşaqların internetdən istifadəsi qlobal miqyasda beynəlxalq ictimaiyyəti ciddi narahat edən məsələlərdən biridir:

"İnternet bir tərəfdən rahat, əlçatan və çoxşaxəli imkanlar yaratsa da, digər tərəfdən xüsusilə həssas qruplar, ilk növbədə uşaqlar üçün real təhlükə mənbəyinə çevrilib.

Nümunə olaraq qeyd etmək olar ki, son dövrlərdə Avstraliya hökuməti bu məsələyə xüsusi diqqət ayıraraq bütün sosial media platformalarında yaş həddinin 16-ya qaldırılmasını tələb edib. Tətbiq olunan bu qərara əsasən, artıq 16 yaşdan aşağı uşaqların sosial şəbəkə hesablarının silinməsi və platformalara girişinin məhdudlaşdırılması nəzərdə tutulur.

Valideynlərin çoxu platformlara nəzarət tətbiqlərinin texniki imkanları barədə məlumatlı deyil

Çünki sosial platformalarda uşaqları çoxsaylı təhlükələr gözləyir. İnternetin müsbət və mənfi tərəfləri ilə bağlı kifayət qədər məlumatlı olmadıqları üçün onlar asanlıqla risklərlə qarşılaşa bilərlər. Belə ki, uşaqlar narkotik vasitələrin istifadəsinə və satışına cəlb oluna, müxtəlif manipulyativ təsirlərin qurbanına çevrilə bilər, şəxsi məlumatları oğurlana bilər. Eyni zamanda, kənar şəxslər onların sosial mühitinə daxil olaraq aldadıcı və şirnikləndirici informasiyalarla onlardan sui-istifadə edə bilərlər. Müxtəlif oyunlar vasitəsilə psixoloji yönləndirmələr aparılması da mümkündür. Uşaqların saf və sadəlövh psixologiyası təhlükəni vaxtında dərk etməyə imkan vermədiyindən, onlar manipulyativ təsirlərə daha tez məruz qalırlar.

Beynəlxalq təcrübədə bu cür risklərin qarşısını almaq üçün bir neçə əsas mexanizm mövcuddur. Bunlardan ən önəmlisi valideyn-uşaq arasında psixoloji bağın möhkəm olmasıdır. Valideyn övladı ilə açıq ünsiyyət qurmalı, internetdə rastlaşa biləcəyi təhlükələr barədə məlumat verməli, onu maarifləndirməlidir. Təbii ki, hər yaş qrupuna uyğun ünsiyyət forması, izah üsulu və pedaqoji yanaşma tətbiq olunmalıdır.

İkinci vacib məqam isə platformalarda valideyn nəzarət funksiyalarından istifadə edilməsidir. Təəssüf ki, ölkəmizdə bir çox valideyn bu tətbiqlərin texniki imkanları barədə yetərli məlumata sahib deyil. Bəzi valideynlər ümumiyyətlə belə nəzarət mexanizmlərinin mövcudluğundan xəbərsizdirlər.

 

Nəticə etibarilə, bu problem artıq lokal deyil, beynəlxalq təhlükə səviyyəsindədir. İnternet mühitində uşaqlara qarşı kiberbullinq halları da geniş yayılıb. Bu baxımdan valideynlərin diqqətli olması vacibdir. Müəyyən yaşa qədər uşaqlara sosial şəbəkə hesablarının açılmasına və smartfonlardan aktiv istifadəyə icazə verilməməli, internetdən əsasən təhsil məqsədilə istifadə təşviq olunmalıdır. Platformalarda minimum yaş həddi 13 olaraq göstərilsə də, bir sıra ölkələr bu yaş çərçivəsini artırmaq istiqamətində qərarlar qəbul edirlər ki, uşaqlar manipulyativ təsirlərdən daha yaxşı qorunsunlar".

Qadağa yox, anlayış - valideynin rolu

Hansı uşaqlar risk altındadır sualını isə 308 nömrəli məktəbin psixoloqu Rübabə Mərdanova cavablandırıb. Onun sözlərinə görə, sosial izolyasiya yaşayan, özünəinamı zəif olan, ünsiyyət bacarığı aşağı, daim diqqət axtaran və sosial mediada həddindən artıq aktiv olan uşaqlar risk qrupundadır, valideyn nəzarətinin zəif olması isə bu təhlükəni daha da artırır:

"Valideynlərin rolu qadağa yox, anlayış olmalıdır. Ən böyük səhvlərdən biri uşağın telefonunu əlindən almaqla problemi həll etdiyini düşünməkdir. Qadağalar uşağı qorumaq əvəzinə onu valideyndən uzaqlaşdıra bilər. Bunun əvəzinə ailədə açıq ünsiyyət mühiti yaradılmalıdır. Valideyn yalnız "neçə almısan?" deyə soruşmaqla kifayətlənməməli, uşağın daxili dünyası ilə maraqlanmalıdır:

Məktəbdə onu sevindirən və ya narahat edən nədir?

Hansı oyunları oynayır və niyə?

Sosial mediada kimləri izləyir?

Uşağın ekran fəaliyyəti nəzarətdə saxlanılmalı, lakin bu nəzarət basqı xarakteri daşımamalıdır.

Uşağa öyrədilməlidir ki, şəxsi məlumatlarını paylaşmaq təhlükəlidir, naməlum şəxslərlə yazışma risklidir və şübhəli hallar baş verəndə bunu dərhal valideyninə bildirməlidir.

Ən önəmlisi isə, uşağa səhv etdiyi zaman cəzalandırılmayacağını, əksinə, dəstək görəcəyini hiss etdirmək lazımdır".

Psixoloq vurğulayıb ki, bu işdə məktəbin dəstəyi olmadan olmaz:

"Məktəb və ailənin birlikdə işləməsi məsələnin açarıdır. Məktəblərdə təhlükəsiz internet mövzusunda mütəmadi maarifləndirici seminarlar, praktik təlimlər və rol-oyunlar keçirilməlidir. Eyni zamanda, şagirdlər üçün anonim müraciət kanallarının yaradılması çox vacibdir. Uşaq bilməlidir ki, problemini gizli və təhlükəsiz şəkildə paylaşa biləcəyi ünvan var - istər məktəb psixoloqu, istər müəllim, istərsə də xüsusi "gizli müraciət qutuları" vasitəsilə.

Səbəb araşdırılmadan nəticə ilə mübarizə aparmaq kifayət deyil

Uşaqlar təkcə maddi deyil, həm də emosional ehtiyaclarla yaşayır. Diqqət və anlayış çatışmazlığı, özünü təsdiq etmə ehtiyacı, sosial mediada "trenddə olmaq" arzusu onları riskli davranışlara sövq edə bilər.

Yeniyetmələrin beyni təhlükənin nəticələrini böyüklər kimi qiymətləndirə bilmir. Buna görə də "bunu yalnız cəsarətlilər edir" kimi manipulyativ çağırışlar onları asanlıqla ələ ala bilir. Məsələni cəza ilə yox, səbəblə həll etmək lazımdır. Əgər uşaq təhlükəli oyuna meyl edirsə, ilk növbədə bunun arxasında duran psixoloji səbəbi tapmaq əsasdır. Uşağın həyatında valideyn sevgisi, vaxt ayırmaq, dinlənilmək hissi, təhlükəsiz mühit mövcuddursa, onlayn təhlükələrin təsiri xeyli azalır. Əgər uşaq belə oyunlara maraq göstərirsə, ilk növbədə səbəb araşdırılmalıdır, təkcə nəticə ilə mübarizə aparmaq kifayət deyil".