Ermənistanın çıxış yolu olaraq gördüyü Aİ missiyası

Müəllif: Humay Ağacanova

Mənbə: Trend

Ermənistan və dəstəkçilərinin "siyasi qələbə", problemlərinin həlli olaraq gördükləri Avropa ittifaqı (Aİ) missiyasının ikinci dəfə yaradılmasına razılıq verilməsi və ilk missiyadan gözlədikləri uğuru əldə edə bilməmələrinə rəğmən, ikinci dəfə eyni missiyadan mədət ummaq sadəlövhlükdən başqa bir şey deyil.

Avropa İttifaqı (Aİ) Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın ilkin mandatı iki illik nəzərdə tutulacaq, operativ qərargahı isə Ermənistanda yerləşəcək.

Daha öncə də 2022-ci il 17 oktyabr tarixində Aİ xarici işlər nazirlərinin Şurası öz iclasında Azərbaycanla sərhədin Ermənistan tərəfinə Cənubi Qafqaz regionundakı vəziyyətin monitorinqi, təhlili və hesabat təqdim olunması üçün təqribən 40 nəfər ekspert müşahidəçi göndərmək barədə qərar qəbul etmişdi. 2022-ci il 19 dekabr tarixində Ermənistandakı Aİ missiyasının monitorinqinin mandatı bitib.

Missiyanın məqsədinin Ermənistanın sərhəd rayonlarında stabilliyə nail olmaq, yerli səviyyədə əməkdaşlığı yoluna qoymaq və Aİ-nin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səyləri dəstəkləyən şəraitin təmin olunmasından ibarət olduğu deyilir.

Azərbaycan torpaqlarının 30 il erməni işğalında olduğu zamanlarda da ATƏT-in Minsk qrupu oxşar məqsədlərə, fəaliyyət istiqamətlərinə sahib idi. Ancaq nəticə olaraq Azərbaycan özü torpaqlarındakı işğala son qoydu. Heç kəsin vasitəçiliyinə, missiyasına, köməyinə gərək olmadan. Azərbaycan 30 il ərzində Minsk qrupunun fəaliyyətsizliyinin şahidi olub. İndi necə bu missiyanın vasitəçiliyinə güvənsin?

Xislətlərində hər zaman qaçmaq, yayınmaq, yalan danışmaq olan Ermənistan bu missiya vasitəsilə vaxt qazanacağını düşünür. Nəzərə alsaq ki, Azərbaycanla sərhədyanı bölgələrə Avropa müşahidəçi ilk missiyasının göndərilməsi oktyabrın 6-da Praqada Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin görüşü zamanı qəbul edilib. Elə bu öhdəliklərindən yayınma və vaxt qazanma fikrini də ona "yolgöstərəni", "ermənidən daha çox erməni" olan Fransa verir.

Ermənistan hər zamanki isterikası ilə mümkün olan bütün missiyaları, vasitəçiləri cəlb etməyə çalışır və bunu da "siyasi qələbə" zənn edir. Amma yanılır. Dövr artıq isterikayla, yalanlarla kimisə inandırma dövrü deyil. Reallıqlar dəyişib və bunu Azərbaycan edib. Ermənistan bununla yalnız Fransanı inandıra bilər. Onların da buna nə dərəcədə inandıqları sual altındadır. Çünki Fransa tərəfindən Ermənistana verilən bu dəstəyin altında heç də səmimi niyyət yoxdur. Cənubi Qafqazda itirdiyi nüfuzu bərpa etmə, erməni diasporunu qane etmə və özünü ermənilərin qəhrəmanını kimi göstərmək cəhdləri Fransanın əsl niyyətini ortaya qoyur.

Missiyaya gəlincə isə ermənilərin düşündüyü kimi bu bir "siyasi qələbə" deyil və hesabatlardan başqa bir nəticəsi olmayacaq. Onlar düşünür ki, bu cür hay-həşirlə çağırdıqları, çıxış yolu kimi gördükləri missiyalar, vasitəçilər problemlərini həll edəcək. Lakin hələ də anlamırlar ki, Ermənistan üçün tək çıxış yolu Aəzrbaycanla münasibətləri normallaşdırmaq və yaranan yeni reallığı qəbul etməkdir.

Aİ-nin Azərbaycanla razılaşdırmadan belə bir missiya göndərməsi Azərbaycan- Ermənistan arasında münasibətlərin normallaşmasına heç bir fayda verməyəcək. Bu sadəcə Ermənistan və onun "yolgöstərən"lərinin regionda müəyyən yerə sahib olma cəhədləridir. Gözləntilərini ilk missiyada əldə edə bilməyib uğursuzluğa düçar olduqdan sonra müddəti uzadaraq ikinci missiyanı çağırıb yenidən nəsə gözləmək, bir sözlə sadəlövhlükdür.