Leyla Sadıxova COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən

COP29-un Azərbaycanda keçirilməsi ətraf mühitin mühafizəsi, müxtəlif səviyyələrdə iqlim dəyişikliyinin qarşısının alınması işinə töhfənin göstəricisidir

Day.Az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində "PwC Azerbaijan" şirkətinin baş hüquq meneceri Leyla Sadıxova deyib.

O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının (COP) iqlim sahəsində ümumi strategiyanın hazırlanmasına həsr olunmuş hökumət səviyyəsində illik irimiqyaslı görüşlər olduğunu xatırladıb.

"Başqa sözlə, COP bu gün ölkələr arasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının müddəalarının, Kiot protokolunun və Paris sazişinin reallaşdırılması üçün danışıqlar prosesinin ali orqanıdır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 21 mart 1994-cü il tarixində insanın Yerin iqlim sisteminə təhlükəli təsirinin qarşısını almaq məqsədilə qüvvəyə minib. Bu gün bu universal beynəlxalq sənəd 198 ölkə tərəfindən ratifikasiya olunub.

Konvensiyaya əlavə sənəd olan Kiot protokolu Yerin atmosferinə istixana qazlarının tullantılarını azaltmaq məqsədilə qlobal istiləşmə ilə mübarizə üçün bağlanılıb. Protokol 11 dekabr 1997-ci ildə qəbul edilib və 16 fevral 2005-ci ildə qüvvəyə minib. Azərbaycan protokola 2000-ci ildə qoşulub", - deyə L.Sadıxova bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə qəbul edilən Paris sazişi də konvensiyanın davamıdır.

"Azərbaycan Paris sazişinə tərəfdir. Beləliklə, 2016-cı ildə müvafiq qanunla Paris sazişi təsdiqləndikdən sonra Azərbaycan 2030-cu ilədək istixana qazlarının tullantılarını 1990-cı illə müqayisədə, 35 faiz azaltmaqla bağlı könüllü öhdəlik götürüb", - o deyib.

COP-un əhəmiyyətindən danışan L.Sadıxova bildirib ki, Paris sazişinin qəbulu ilə bütün sonrakı COP tədbirləri bu sənədin əsas məqsədinin icrasına - qlobal temperaturun artımını 2°C-dək saxlamaq və artımın məhdudlaşdırılması üzrə səyləri 1,5°C həddində məhdudlaşdırmaq ('climate neutrality') üzrə səyləri davam etdirməyə həsr olunub.

"Beləliklə, bu gün hesab edilir ki, iqlim istiləşməsinin əsas səbəblərindən biri atmosferə "istixana" tullantılarının, digər qazlarla yanaşı, ilk növbədə karbon qazının (СО2) buraxılmasıdır", - "PwC Azerbaijan" şirkətinin nümayəndəsi deyib.

Leyla Sadıxova bildirib ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və San-Dieqo şəhərində yerləşən Kaliforniya Universitetinin nəzdində Skripps Okeanoqrafiya İnstitutu tərəfindən aparılan ölçmələrin nəticələrinə əsasən, atmosferə CO2 tullantılarının səviyyəsi bəşər tarixindəki rekord həddə çatıb.

"Alimlər bildirirlər ki, Yerin atmosferinə bu konsentrasiyada CO2 artıq milyonlarla il ərzində olmayıb və dövlətlər heç bir tədbir görməzsə, proqnozlara əsasən XXI əsrdə Yerdə orta temperatur əhəmiyyətli dərəcədə artacaq. Maraqlı bir faktı qeyd edim: alimlər deyirlər ki, əslində, CO2 özlüyündə zəhərli qaz deyil, lakin havada karbon qazının çoxluğu insan orqanizminə toksik təsir göstərir və hipoksiyaya səbəb olur. Tərkibində 1,5-3 faiz CO2 olan hava ilə uzun müddət (bir neçə gün) ərzində nəfəs alma qusma və başgicəllənməyə səbəb olur, CO2 6 faizi keçəndə isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükə yaranır", - deyə baş menecer bildirib.

Sadıxovanın sözlərinə görə, beləliklə, COP-un məqsədi dünyanı iqlim böhranından çıxarmaqdır.

"Hər il dünya ölkələri iqlim dəyişiklikləri üzrə beynəlxalq konvensiyalara əsasən üzərlərinə götürdükləri öhdəliklər üzrə irəliləyişi qiymətləndirmək və qlobal istiləşməyə qarşı çoxtərəfli cavab tədbirlərini müzakirə etmək üçün görüşlər keçirir.

Digər sözlə, COP vahid dünya platformasıdır və burada iştirakçılar dövrümüzün ən böyük ekzistensial təhdidlərindən biri olan Yerdə qlobal istiləşmə ilə mübarizəni müzakirə edirlər. Konfrans çərçivəsində keçirilən danışıqlar getdikcə daha hərtərəfli və son dərəcə zəngin gündəmə malik olur. Dünyanın hər yerindən konfransda iştirak edən rəsmi nümayəndə heyətlərinin, müxtəlif səviyyəli ekspertlərin, biznes, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin sayı hər il artır", - deyə "PwC Azerbaijan" şirkətinin nümayəndəsi bildirib.

O bildirib ki, bu cür mühüm tədbirin təşkilatçılarının üzərinə xüsusi məsuliyyət düşür.

"Fikrimcə, növbəti iqlim konfransı olan COP29-un 2024-cü ilin noyabrında Bakıda keçirilməsi sensasiya olmadı. İlk öncə, ona görə ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təmin olunması və iqlim dəyişiklikləri ilə mübarizə üzrə üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfdaşı olaraq qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verir.

2023-cü ildə SOCAR tərəfindən dekarbonizasiya üzrə xartiyanın imzalanması və COP28 konfransında metan tullantılarının azaldılması üzrə götürülən könüllü öhdəliklər son hadisələr Azərbaycanın bu məsələyə verdiyi önəmin daha bir təzahürüdür. Eyni zamanda, ölkə Qoşulmama Hərəkatının sədri rolunda aktiv mövqeyə malikdir. Bildiyiniz kimi, 15 dekabr 2023-cü ildə Prezident İlham Əliyevin sədrliyi ilə COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə dövlət başçısı deyib:

"Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı", - deyə o əlavə edib.

L.Sadıxovanın fikrincə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) kimi nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi barədə yekdil qərar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana qarşı böyük hörmət və etimadın, eləcə də, ətraf mühitin mühafizəsi, milli, regional və qlobal səviyyələrdə iqlim dəyişikliyinin qarşısının alınması işinə ölkənin töhfəsinin təsdiqidir.

O, Azərbaycanın COP29 konfransını yüksək səviyyədə keçirəcəyindən və bunun ölkənin növbəti böyük uğuru, həmçinin iqlim dəyişikliklərinin ləngidilməsinə töhfəsi olacağından əminliyini bildirib.

DİM-dən bəhs edən L.Sadıxova Azərbaycanın DİM-in təmin olunması üzrə ilk addımlarından birinin 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması olduğunu bildirib. Daha sonra, "BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyindən" irəli gələn öhdəliklərin icrası üçün 2021-ci ildə Prezident tərəfindən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiqlənib.

"Milli Prioritetlərə əsasən, yaxın on il ərzində məqsədlər olaraq ölkəmizin sosial-iqtisadi inkişafının 5 əsas milli prioritetləri təsdiqlənib. Bunlar aşağıdakılardır: dayanıqlı inkişaf edən rəqabət qabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabət qabiliyyətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunan ərazilərə qayıdış; təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi. Prioritetlərdə sadalanan bütün istiqamətlər Azərbaycanın dayanıqlı inkişafı üçün olduqca vacibdir.

Göründüyü kimi, Azərbaycanın 2030-cu ilədək beş mili sosial-iqtisadi inkişaf prioritetlərindən biri "təmiz ətraf mühitə və yaşıl artıma malik ölkə" olaraq müəyyən edilib. Bu prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllaşdırmanın bərpası və artırılması, su resurslarından səmərəli istifadənin və dayanıqlı enerji mənbələrinin təmin olunması üzrə işlər görülür. Azərbaycan istixana qazlarının emissiyasını baza (1990-cı il) göstəricisi ilə müqayisədə 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağı qarşısına məqsəd qoyub", - baş menecer deyib.

L.Sadıxova Naxçıvan Muxtar Respublikasının və işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonaları" elan edildiyini xatırladıb.

"Ətraf mühitin mühafizəsi işğaldan azad edilən ərazilərin irimiqyaslı bərpa və yenidənqurma prosesində prioritetdir. Bu ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq olunur, ekosistem bərpa olunur. "Yaşıl" enerji növlərinin yaradılması və "yaşıl" enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisinin quraşdırılmış gücündə bərpa olunan enerji mənbələrinin (BEM) payını 2030-cu ilədək 30 faizədək artırmağı qarşısına məqsəd qoyub. Milli prioritetlərdən sonra ölkədə "yaşıl" enerji sahəsində bir sıra normativ aktlar qəbul olunub, 2021-ci ildə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanun qəbul edilib.

Qanun elektrik enerjisinin ümumi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, eləcə də BEM-dən elektrik enerjisi hasilatını təşviq etmək üçün dəstək mexanizmlərini tənzimləyir", - deyə Sadıxova əlavə edib.

Onun sözlərinə görə, 1 iyul 2022-ci ildə enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi haqqında yeni qanun qüvvəyə minib.

"Qanunun əsas məqsədi enerjinin istehsalı, saxlanılması, ötürülməsi, bölüşdürülməsi, satışı və istehlakı sahəsində münasibətlərin tənzimlənməsidir. Qanunlar həm də yeni qaydaların, daha dəqiq desək, Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçim qaydaları; istehlakçılara fəal dəstək mexanizminin tətbiq qaydası, eləcə də hasil olunan elektrik enerjisinin güc limiti; "BEM üzrə informasiya sistemi" Reqlamentinin yaradılma qaydası; BEM-dən istehsal olunan elektrik enerjisi mənbəyinə sertifikat verilməsi qaydası; enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti qaydasını müəyyən edir", - L.Sadıxova deyib.

O həmçinin bildirib ki, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi" haqqında Qanun, 2023-cü ilin avqustunda isə Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası qəbul edilib.

"Son hadisələrdən biri dövlət başçısının 25 dekabr 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi oldu. Sərəncam iqlim dəyişmələri ilə qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə qəbul olunub. Sərəncamda Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsul üzvü olaraq iqlim dəyişikliklərinin nəticələri ilə mübarizəyə töhfə verdiyi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına bir aylıq müddət ərzində 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar olaraq tədbirlər planı üzrə təkliflər hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb", - deyə L.Sadıxova bildirib.

Onun sözlərinə görə, Dubayda başa çatan COP28 konfransında qlobal istiləşməni 1,5 dərəcə Selsidən aşağı səviyyədə saxlamaq barədə qərar qəbul olunub.

"Həmçinin, təzminatların ayrılması məsələsinin həlli tapılıb. Belə ki, bu məsələ ilə inkişaf etməkdə olan ölkələrə iqlim zərərlərinin ödənilməsi üçün yeni beynəlxalq fond məşğul olacaq. Fondun vəsaiti illik 100 milyard dollar səviyyəsində dəyərləndirilir. Bununla belə, Dubayda keçirilən sessiyada bir çox məsələləri həll etmək mümkün olmadı. Xüsusən, karbon vahidləri ilə qlobal ticarəti COP29 konfransında həll etmək lazım olacaq.

Artıq 2023-cü il dekabrın 15-də, yəni COP29-un Azərbaycanda keçiriləcəyi elan edildikdən cəmi bir neçə gün sonra dövlət başçısı hökuməti çağıraraq ilk müşavirəni keçirib və COP29 konfransına hazırlıqla bağlı sərəncamlar verib. Müşavirədə Prezident Azərbaycanın neft-qaz ölkəsi olaraq iqlim dəyişiklikləri məsələsində fəal iştirak etdiyini və gündəmimizin "yaşıl" enerji ilə əlaqəli olduğunu qeyd edib. Dövlət başçısı "yaşıl" enerji növlərinin yaradılması və "yaşıl" enerjinin dünya bazarına nəqlinin hazırda enerji siyasətimizin prioriteti olduğunu xüsusən qeyd edib.

Reallıq budur və bütün dünya bunu bir daha COP29 konfransında görəcək. Bu hadisələrlə əlaqədar olaraq, hesab edirəm ki, Bakıda keçirilən COP29 konfransında iştirakçılar Birləşmiş Ərəb Əmirliklərində təsdiqlənmiş gündəmə uyğun olaraq fəaliyyət göstərməyə davam edəcəklər. Bununla yanaşı, gündəm həmçinin Azərbaycan Respublikasının Prezidentinin qeyd etdiyi strateji sahələrlə, daha dəqiq desək "yaşıl" iqtisadiyyata keçid və ölkənin "yaşıl" enerji tədarükçüsünə transformasiyası üzrə məsələlərlə tamamlanacaq", - o deyib.

Azərbaycanın "yaşıl" enerjinin inkişafı baxımından təklif edə biləcəklərindən bəhs edən L.Sadıxova bu gün "yaşıl" gündəmin bütün dünya ölkələri üçün planetin rekultivasiyası üzrə kompleks proqramlar, daha dəqiq desək, meşələrin bərpası, qazıntı yanacağının payının azaldılması, alternativ enerjiyə keçid üzrə tədbirlər və s. olduğunu vurğulayıb.

"Azərbaycanın tarixi neft hasilatı ilə sıx bağlıdır. İlk sənaye neft quyusu, dünyada ilk dəniz neft sənayesi, ilk tanker - bunlar hamısı Azərbaycandır. Lakin bu gün ənənəvi enerji ilə yanaşı ölkəmiz dünya arenasında öz "yaşıl" gündəmini və potensialını nümayiş etdirir. Azərbaycanda böyük "yaşıl" enerji potensialı mövcuddur. Ölkəmizdə bərpa olunan enerji mənbələrindən elektrik istehsalı üçün böyük potensialın olması kimi amillər buna zəmin yaradıb. Günəş enerjisini demək olar ki, bütün ölkə ərazisində əldə etmək mümkündür, külək enerjisindən istifadə baxımından isə Xızı, Xəzər, Abşeron, Qobustan rayonlar, eləcə də paytaxtın Bakının özü, yəni ölkənin şərq hissəsi vədvericidir.

Burada Almaniya və Danimarka tərəfindən Şimal dənizində yaradılmış ofşor külək parklarının nümunəsi əsasında Xəzər dənizində ofşor külək parklarının yaradılması imkanını qeyd etmək lazımdır. Külək və günəş elektrik stansiyaları, tullantıların azaldılması, meşələrin bərpası, elektrik və su nəqliyyatının inkişafı - bütün bunlar bizdə indi də baş verir.

Qeyd etmək lazımdır ki, bu məsələdə elektrik enerjisinin ənənəvi istehsal üsullarından ekoloji cəhətdən zərərsiz üsullara sürətli keçid mümkün deyil. İnvestisiyalar, zaman, böyük səylər lazımdır. Düşünürəm ki, neft, qaz və kömür enerji mənbəyi qismində bir anda silinə bilməz. Onlar yenə də qalacaq, onlara zərurət olacaq. Bu səbəbdən Azərbaycanda səmərəli nisbət və real sürəti qorumaqla ənənəvi metodlardan yenilərinə səlis keçid strategiyası qəbul olunub", - o deyib.

Leyla Sadıxova qeyd edib ki, bu gün Azərbaycanda "yaşıl" gündəmin əsas prioriteti əlbəttə ki, ölkənin gözəl bölgələrindən biri olan Qarabağdır.

"İlk öncə, bu, meşələrin vəhşicəsinə kəsilməsindən sonra regionda ekosistemin bərpası, bölgənin minalardan təmizlənməsidir. Belə ki, bu bölgənin keçmişdə işğal edilmiş, hazırda isə işğaldan azad edilmiş rayonlarında yaşayış evlərindən infrastruktura qədər hər şeyi bərpa etmək, mahiyyətcə bütün infrastrukturu sıfırdan yenidən qurmaq lazımdır və bu bərpa artıq ən yeni, "ağıllı" texnologiyalar əsasında gedir. Məhz bu bölgələr "təmiz enerji zonası" elan olunub.

Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı üçün potensial mövcuddur. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl (yəni bütün Şərqi Zəngəzur iqtisadi rayonu) və Füzuli günəş enerjisi ilə zəngindir. Əlbəttə ki, Tərtərçay, Bazarçay, Həkəri kimi dağ çaylarının enerji yaratma potensialını ayrıca qeyd etmək lazımdır ki, bu da atmosfer üçün zərərsiz elektrik enerjisinin istehsalına öz töhfəsini verəcək", - L.Sadıxova deyib.

Baş menecer bildirib ki, bütün bu tədbirlər Azərbaycanın 2030-cu ilədək bərpa olunan enerji mənbələrindən hasil olunan enerjinin payını əminliklə 30 faizədək çatdırmağı planlaşdırmasına imkan verir ki, bu da dövlətin planlı iqtisadi inkişafı üçün əlavə səylər yaradacaq. Daha sonra, 2050-ci ilədək bu ərazinin "təmiz sıfır tullantılar" zonasına çevrilməsi planlaşdırılır.

"Şübhəsiz, Azərbaycanda hasil olunan "yaşıl" enerjinin əsas satış bazarı Avropadır və artıq bərpa olunan enerji mənbələrindən enerji tədarükü həyata keçiriləcək. Beləliklə, 17 dekabr 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasənə nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir.

Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Son olaraq qeyd edim ki, Azərbaycanın ölkədaxili planlarında "yaşıl" enerjinin inkişafı, Qarabağın "yaşıl" və "təmiz" enerjiyə çevrilməsi, beynəlxalq səviyyədə isə "təmiz elektrik enerjisi"nin yeni enerji körpüləri vasitəsilə Avropaya ixracı yer tutur", - deyə o vurğulayıb.

L.Sadıxova Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin yeni arxitekturasında şübhəsiz, mühüm rol oynadığını qeyd edib.

"Qeyd edim ki, Azərbaycan digər dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyevöz çıxışlarında dəfələrlə digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin aparıcı rolunu vurğulayıb. Dövlət başçısı 240 meqavatt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında deyib: "Beləliklə, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.

Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir. Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq". Bu prinsipləri rəhbər tutaraq, bu gün Azərbaycan əsas enerji oyunçularından birinə və beynəlxalq arenada BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə layiqli tərəfdaşa çevrilib.

Azərbaycan bu gün öz siyasəti ilə Avrasiyanın enerji xəritəsini transformasiya edərək enerji sahəsində əməkdaşlıq və inkişaf üçün yeni perspektivlər açır. Məhz bu səbəbdən COP29-un keçirilməsini bizə etibar ediblər. Axı "yaşıl" enerjinin inkişafında məqsəd ilk öncə, sonrakı nəsillərin qayğısına qalmaq və onlara planetin nemətlərindən yararlanmağa şansı verməkdir", - o deyib.

L.Sadıxova COP29-un sadəcə xarici nümayəndə və qonaqların görüş yeri deyil, həm də təşkilatçı və konfrans gündəminin sədri qismində Azərbaycan üçün böyük məsuliyyət olduğunu vurğulayıb.

"Azərbaycanın 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi edəcəyi xəbərini eşidəndə mən ilk növbədə Vətənimə görə qürur və sevinc hissi keçirdim. Eyni zamanda, ölkə vətəndaşı olaraq böyük məsuliyyət hiss etdim. Fikrimcə, COP29 COP29-un sadəcə xarici nümayəndə və qonaqların görüş yeri deyil, həm də təşkilatçı və konfrans gündəminin sədri qismində Azərbaycan üçün böyük məsuliyyət olacaq.

Bu kontekstdə Azərbaycanın əsas vəzifəsi ilk öncə, gündəmin savadlı və səmərəli koordinasiyası, eləcə də Konfransın əsas məsələlərinin həllinə köməklik olacaq. Bununla yanaşı, konfransın infrastrukturunun təhlükəsizliyi və düzgün bölüşdürülməsini təmin etmək - qonaqların yerləşdirilməsi üçün rahat yerlərin müəyyən edilməsi, həmçinin ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi - lazım olacaq.

Xüsusilə qeyd etmək istəyirəm ki, baxmayaraq ki, COP iştirakçıları ölkələrdir, konfransın məqsədlərinə nail olmaq üçün əsas ünvan məhz bu ölkələrin biznes cəmiyyətləridir. Bu məsələdə həmçinin, konfransın məqsədlərinin əldə olunması üçün dövlət və biznesin operativ və səmərəli sinergiyasını işə salmaq lazımdır. Bunun üçün artıq bu gün yerli şirkətlər tərəfindən qlobal dayanıqlı inkişaf məqsədlərinə nail olmaq adına biznesin dayanıqlı inkişafına yönəlmiş daxili qaydalar kompleksinin və biznesin aparılmasına yanaşmaların hazırlanmasına başlamaq lazımdır.

Digər sözlərlə desək, ən azı ilk bir neçə il üçün ESG ("Environment, Social, Governance", "Ətraf mühit, cəmiyyət, idarəetmə") strategiyası və yol xəritəsi hazırlanmalıdır. Bu məqsədlə yerli biznes dayanıqlı inkişaf məqsədlərinin əldə olunması kontekstində ESG diaqnostikası və öz biznesinin auditini aparmalı, strategiya və konfransın gündəmi üçün əsas prioritetləri müəyyən etməlidir", - deyə o sonda bildirib.