Bakının yaxınlığında ucuz kirayə mənzillər

Kirayə bazarında tələbatın Bakıdan sonra ən yüksək olduğu şəhər Sumqayıtdır. Əhalisinə və iqtisadi gücünə görə, ölkədə sadəcə paytaxtdan geri qalan "gənclər şəhəri", elə məhz Bakıya yaxın olması səbəbindən də sürətlə böyüməkdədir. Oturuşmuş şəhər arxitekturası və sakit mühiti səbəbindən Sumqayıtda istər mənzil alışına, istərsə də kirayələrə maraq böyükdür. Digər tərəfdən, bu şəhərdə kirayə mənzillər Bakıya nisbətən xeyli ucuzdur. 

Day.Az xəbər verir ki, Yenisabah.az Sumqayıt və Bakıdakı mənzillərin kirayə qiymətlərini müqayisə edib. İlkin olaraq, qarşılaşdırmanı köhnə mənzillər seqmentində apardıq. Paytaxtda yerləşən köhnə beşmərtəbə, doqquzmərtəbə binalarda 2 otaqlı mənzillərin kirayə qiyməti təmirindən və mərtəbəsindən asılı olaraq, 500-750 manat arasında dəyişir. Sumqayıtda isə analoji standartlara cavab verən mənzillərin dəyəri 200-350 manatdır. Yeni tikili binalara gəlincə, fərq daha qabarıq özünü göstərir. Bakıda aylıq kirayəsi 5000 manatadək davam edən eyni sahəli və eyni təmirli "novostroyka" mənzillərin qiyməti Sumqayıtda maksimum 1000 manat civarındadır. Bu nəticələrə görə Sumqayıt Xırdalandan belə geri qalır. Sumqayıtın yerli realtorları qiymət fərqlərini müxtəlif səbəblərlə izah edirlər. Ən başlıca səbəb, iş yerləri, ali təhsil müəssisələri və dövlət əhəmiyyətli qurumların mütləq əksəriyyətinin paytaxtda yerləşməsidir. Bu baxımdan hətta Sumqayıt əhalisinin də təxminən yarısı iş və digər səbəblərdən Bakıya üz tutur. Başqa bir nüans isə, Xırdalan, Masazır kimi şəhər və qəsəbələrə nisbətən, Sumqayıtın paytaxta uzaqlığıdır. Bakı-Sumqayıt şosesində illərdir davam edən gündəlik tıxacları da nəzərə alsaq, pik saatlarda iki şəhər arasında gediş-gəliş ən az 2 saat vaxt tələb edir. 

Lakin Sumqayıtda yaşamağın bir sıra müsbət avantajları da var. Ən başlıcası, bu şəhər Bakı kimi səs-küylü deyil. Mağaza və ticarət mərkəzlərində satış qiymətləri də paytaxtda nisbətən nəzərəçarpacaq dərəcədə ucuzdur. Digər tərəfdən, Bakıda yavaş-yavaş tənəzzül edən oturuşmuş şəhər mədəniyyəti (urbanistik kultur) Sumqayıtda hələ də öz çəkisini qoruyub saxlayır. Bulvar isə heç də paytaxtdakıdan geri qalmır.  vakansiyalar

Qısası, səs-küydən və şəhər sıxlığından bezən insanlar Sumqayıtda rahatlıqla yaşaya bilər. Yəqin ki, tıxaca səbr etmək, aylıq 5000 manat kirayə verməkdən daha yaxşıdır.