Qlobal miqyasda ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir - Ali Erbaş
Qırğınlar məngənəsindəki günahsızların fəryadının göyləri titrədiyi çirkli bir dövrün şahidi oluruq. Tarixi abidələr, təbiət məhv edilir.
Day.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş deyib.
"Biz birlik içində hərəkət etməliyik. İnsanları varlıq məqsədindən uzaqlaşdıran, ətraf mühitdən asılı vəziyyətə salan həyata baxış dünyanı fəlakətlərə sürükləyir. Qlobal miqyasda yaşanan ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir.
Bugünkü güc və hökmranlıq anlayışı təbii tarazlığı proqnozlaşdırır. Bu prosesdə ekoloji fəlakətlər, qlobal istiləşmə, ərzaq təhlükəsizliyi, təbii sərvətlərin məhv edilməsi, havanın, suyun və torpağın dəhşətli çirklənməsi diqqətdən kənarda qalıb.
Daha ciddisi isə odur ki, bioloji və kimyəvi silahların ətraf mühitə vurduğu ziyan pik həddə çatıb. Bunu aydın şəkildə demək lazımdır. Bütün bunlar inkişaf etmiş ölkələr tərəfindən edilib və edilir",- deyə Ali Erbaş əlavə edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре