Ət bahalaşdı, bəs toy menyularının QİYMƏTİ?

Son vaxtlar quzu ətinin qiymətində ciddi artım müşahidə olunur. Əvvəllər 22-23 manata satılan quzu əti hazırda 30 manata təklif edilir. Bu bahalaşmanın əsas səbəbi heyvanlar arasında yayılan dabaq xəstəliyidir.

Təbii ki, ətin bahalaşması vətəndaşlarda, xüsusilə toy etmək istəyənlərdə narahatlıq yaradıb. Çünki məlumdur ki, Azərbaycan toyları ət və kababsız təsəvvür olunmur.

Bəs qiymət artımı şadlıq saraylarının menyularına da təsir edibmi? Toy planlaşdıranlar əlavə xərcə hazır olmalıdırmı?

Day.Az xəbər verir ki, Bizim.Media mövzunu araşdırmaq üçün həm münasib, həm orta, həm də yüksək seqmentə aid bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb.

Münasib qiymət təklif edən şadlıq saraylarından birindən bildirilib ki, hazırda bir nəfərlik menyu 28 manatdır. Ətin bahalaşması isə hələlik bu qiymətə təsir etməyib. Ancaq gələcəkdə dəyişiklik olub-olmayacağı dəqiq deyil.

Orta qiymət kateqoriyasına daxil olan iki şadlıq sarayı da qiymətlərdə dəyişiklik olmadığını deyib. Onlardan biri ətin bahalaşmasına baxmayaraq, menyunun eyni qalacağını vurğulayıb. Digər şadlıq sarayında isə menyular 55 manatdan başlayır və ət qiymətindəki artım əvvəlcədən razılaşdırılmış məbləğə təsir etmir.

Daha yüksək qiymətə xidmət göstərən bir şadlıq sarayı isə bir nəfərlik menyunun 250 manatdan başladığını və ətin qiymət artımının menyuya heç bir təsir göstərmədiyini bildirib.

Nəticə olaraq, ət bazarında bahalaşma olsa da, şadlıq sarayları hələ ki, qiymətləri artırmamağa çalışır.