Türkiyədə avtobus TIR-a çırpıldı

Türkiyənin Osmaniyə vilayətinin Bahçə rayonunda baş verən ağır yol qəzası 7 nəfərin həlak olması, 11 nəfərin isə yaralanması ilə nəticələnib.

Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Adana-Qaziantep magistral yolunda qeydə alınıb. Hərəkətdə olan sərnişin avtobusu yolun orta zolağında dayanmış yük maşınına arxadan çırpılıb. Zərbənin gücündən avtobusun sağ tərəfi demək olar ki, tamamilə dağılıb.

İlkin məlumata görə, yük maşınının təkəri hərəkət zamanı partladığı üçün sürücü nəqliyyatı yolun ortasında saxlayıb və yol xidmətlərinə məlumat verib. Elə bu vaxt həmin istiqamətdə hərəkət edən avtobus dayanmış yük maşınına çırpılıb. Osmaniyə valisi Erdinç Yılmaz bildirib ki, avtobusun sürəti ilə bağlı dəqiq məlumat hələlik yoxdur və araşdırma aparılır.

Hadisə yerinə gələn xilasetmə və təcili tibbi yardım əməkdaşları avtobusda sıxışmış sərnişinləri uzun müddət davam edən əməliyyatla çıxarıblar. İlkin baxış zamanı 7 nəfərin hadisə yerində öldüyü müəyyən edilib. Yaralanan 11 nəfər müxtəlif xəstəxanalara aparılaraq müalicəyə götürülüb.

Qəza səbəbindən magistral yolun Qaziantep istiqaməti bir müddət bağlanıb və nəqliyyat yalnız bir zolaq üzrə təmin edilib. Faktla bağlı araşdırma davam edir.

Elxan Əliyev
Day.Az