Azərbaycan Banklar Assosiasiyası ilə daha sıx əməkdaşlıq imkanları araşdırılır - PBA prezidenti
Xalqlarımız arasında mövcud olan xoş münasibətlər və qarşılıqlı hörmət Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlığın daha da inkişafı üçün əlverişli şərait yaradır.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Polşa Banklar Assosiasiyasının (PBA) prezidenti Tadeuş Byalek bildirib.
Onun sözlərinə görə, Polşa Banklar Assosiasiyası ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında davamlı əməkdaşlıq 2024-cü ildən başlayıb.
"2024-cü ilin noyabrında biz kibertəhlükəsizlik və ödəniş sistemləri sahəsində ixtisaslaşmış azərbaycanlı bank mütəxəssisləri üçün təlim səfəri təşkil etdik.
İki həftə sonra, 2024-cü ilin dekabr ayının əvvəlində ABA-nın icraçı direktoru Yunus Abdulovun Polşaya səfəri zamanı əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişafına dair Memorandum imzaladıq.
2025-ci ilin oktyabrında isə bu dəfə pərakəndə bankçılıq və bank sığortası sahəsində çalışan mütəxəssislərdən ibarət daha bir ABA nümayəndə heyətini qəbul etdik və onlar üçün xüsusi hazırlanmış proqram əsasında təlim səfəri təşkil olundu", - deyə o bildirib.
PBA prezidenti qeyd edib ki, Polşa Banklar Assosiasiyasının nümayəndə heyətləri 2024 və 2025-ci illərdə Bakıya səfər ediblər.
O, ümumilikdə Polşa və Azərbaycan bank assosiasiyaları arasında tərəfdaşlığın inkişafını müsbət qiymətləndirdiyini vurğulayıb.
Bank assosiasiyaları arasında təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi planları həyata keçirilməkdə davam edir
T.Byalekin sözlərinə görə, hazırda iki assosiasiya arasında birgə işçi qrupları və ya daimi təcrübə mübadiləsi platformaları yaradılmayıb.
"Əvvəlcə hər iki assosiasiyanın fəaliyyət sahəsini və ölkələrin bank sistemlərinin işləmə xüsusiyyətlərini daha dərindən öyrənmək lazımdır. Azərbaycan bank sistemi qabaqcıl texnoloji həllərdən istifadə etməklə yüksək keyfiyyətli ödəniş xidmətləri təklif edir.
ABA həmçinin kadr potensialının inkişafı sahəsində fəal fəaliyyət göstərir və bank assosiasiyasına üzv olan bankların əməkdaşlarının yüksək peşə səviyyəsini təmin edən tədris proqramları təqdim edir. Bu il azərbaycanlı bankirlərin daha bir qrupunun Polşaya təlim səfərinin təşkili planlaşdırılır, buna görə də daha sıx əməkdaşlıq yollarının axtarışı davam edəcək", - deyə o qeyd edib.
Kibertəhlükəsizlik və maliyyə fırıldaqçılığı ilə mübarizə sahəsində əməkdaşlıq inkişaf etməkdə davam edir
"2024-cü ildə biz kibertəhlükəsizlik və maliyyə fırıldaqçılığı sahəsində azərbaycanlı ekspertlərdən ibarət nümayəndə heyətini qəbul etdik. Onlara maliyyə cinayətləri ilə mübarizə və kibertəhlükələrin qarşısının alınması üzrə tətbiq etdiyimiz mexanizmləri təqdim etdik.
Tarixi şəraitə görə Polşa bank icması kibertəhlükəsizlik, fırıldaqçılığa qarşı mübarizə və kibercinayətlərin qarşısının alınması sahəsində mərkəzləşdirilmiş həllərin vacibliyini erkən dərk edib. Bu həllər Polşada artıq altı ildən çoxdur ki, tətbiq olunur. Hazırda oxşar layihələr regionumuzun bir sıra digər ölkələrində də həyata keçirilir", - deyə PBA prezidenti əlavə edib.
Onun sözlərinə görə, ABA hazırda kiberdələduzluq və kibertəhlükələrin qarşısının alınması sahəsində mərkəzləşdirilmiş informasiya mübadiləsi ilə bağlı layihə üzərində də çalışır.
Azərbaycan və Polşa arasında iqtisadi və turizm əməkdaşlığının perspektivləri
T.Byalek bildirib ki, 2024-cü ilin yekunlarına görə Polşadan Azərbaycana ixracın həcmi təxminən 128 milyon ABŞ dolları, Azərbaycandan Polşaya idxal isə 8,5 milyon ABŞ dolları təşkil edib.
"Bu, Polşanın ümumi ixracının 0,05 faizindən, idxalının isə 0,01 faizindən azdır. Şübhəsiz ki, ticarət dövriyyəsi ildən-ilə sabit şəkildə artır, lakin mövcud göstəricilər hələlik nisbətən aşağı səviyyədədir. Hazırda hər iki ölkənin banklarının ticarət maliyyələşdirilməsi bölmələri biznesin ehtiyaclarını uğurla qarşılayır və biz ciddi problemlərlə bağlı hər hansı siqnal almırıq", - deyə o bildirib.
PBA prezidenti vurğulayıb ki, xalqlarımız arasında mövcud olan xoş münasibətlər və qarşılıqlı hörmət Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlığın daha da inkişafı üçün yaxşı zəmin yaradır.
"Azərbaycan təbiətinin gözəlliyi və ənənəvi qonaqpərvərliyi sayəsində Polşadan turist axını artır. Bank assosiasiyalarımız arasında sıx əlaqələr də ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək və bu, hər iki tərəf üçün faydalı olacaq", - deyə Tadeuş Byalek bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре